Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Pyotto – Vicdanın və Azadlığın Səsi

Udinenin dumanlı səhərlərində, Alp dağlarının köksündə, tarix bir adın sədası ilə titrəyirdi – Pyotto. Bəlkə də bu ad bu gün çoxlarının yadına heç nə salmır. Bəlkə də onun qəhrəmanlığını nə dərsliklər öyrədir, nə də abidələr yad edir. Amma hər əsirlikdən azadlığa, hər susqunluqdan üsyana qalxan ruhda Pyotto – Əli Baba oğlu Babayev yaşayır. 1910-cu ildə Naxçıvanda dünyaya göz açan bu uşağın gələcəkdə qitələri aşacaq, yad torpaqlarda azadlıq uğrunda savaşacaq, amma öz vətənində "xain" damğası ilə zindana atılacağını kim deyə bilərdi? Əli Babayev Sovet ordusuna 1940-cı ildə çağrıldı. 2 il boyunca vətəninə sədaqətlə xidmət etmişdi. Lakin 1942-ci ildə müharibənin sərt üzü ilə üz-üzə qalmış və əsir düşmüşdür. Qaranlıq düşərgə barakları, tel hasarlarla əhatələnmiş həyatlar və boğulmuş ümidlər arasında onun vicdanı hələ də azad idi. 1943-cü ilin noyabrında o, İtaliyanın şimalında Udine şəhərindəki əsir düşərgəsindən bir qrup yoldaşı ilə qaçdı. Bunu sadəcə adi bir qaçış adlandıra bilmərik. Bu bir insanın öz ruhunu əsirlikdən azad etməsi idi. Bu ideallara, azadlıq eşqinə, insan ləyaqətinə verilən and idi. İtalyan kommunistlərinin köməyi ilə Əli Babayev dağlara sığınmış, silaha sarılmış və yeni bir ad almışdı - Pyotto. Əli Babayev 25 mart 1944-cü ildə italyan partizan hərəkatına qoşulur. Pyotto adı altında Əli Babayev İtaliya partizan hərəkatının fəal iştirakçısına çevrilmiş və sovet əsirlərindən ibarət Çapayev batalyonunu yaradaraq onun komandiri olmuşdu. Bu batalyonda onunla yanaşı Oruc Əliyev – “Mixail-Moska” ləqəbli azərbaycanlı da döyüşürdü. Onlar Qaribaldi adına batalyonun tərkibində bir çox mühüm əməliyyatlarda iştirak etdilər. Onların ən möhtəşəm fəaliyyətlərindən biri Udinedəki həbsxanaya hücum idi. Bu əməliyyat nəticəsində heç bir itki vermədən 73 nəfər əsir azad edildi. Hücumun ön cəbhəsində Əli Babayev dayanmışdı. Bu igidlik ona İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalına təqdimat qazandırdı. O, artıq bundan etibarən təkcə azərbaycan əsilli döyüşçü deyildi, həmçinin İtaliya müqavimətinin siması, mübarizənin sarsılmaz rəmzi idi. Ancaq müharibə bitdi. Faşizm məğlub oldu, silahlar sustu. Amma Əli Babayevin mübarizəsi yeni mərhələyə keçdi. 1951-ci ilin yanvarında qələbə bayrağı qaldıran əllər bu dəfə zəncirləndi. Sovet rejimi onu "Azərbaycan legionunun üzvü" kimi təqdim edərək həbs etdi. Vətən uğrunda vuruşan Pyotto indi “xain” adlandırıldı. Məhkəmə onu 15 il azadlıqdan məhrum etdi, əmlakı müsadirə olundu. Zindan illəri sərt idi – hər gün bir əsrə bərabər, hər gecə bir nisgil idi. Amma onun içindəki azadlıq alovu heç zaman sönmədi. Stalinin ölümü sonrası imperiyanın zəncirləri boşaldı və Pyotto əfv olundu. O, azadlığa çıxsa da, bu azadlıq illərlə itirilmiş həyatın əvəzini verə bilməzdi. Onun Qüdrət və Baba adlı iki övladı yadigar qaldı. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində adlarını böyük harflərlə yazdığımız Mehdi Hüseynzadə – “Mixaylo” və Əhmədiyyə Cəbrayılov “Xarqo” kimi Pyotto da unudulmamalıdır. Onların hər biri azadlıq ideyası naminə canından keçməyə hazır olmuş, yad torpaqlarda öz vətənlərinin ləyaqətini qorumuş igidlərdir. Tarix göstərdi ki, Azərbaycan torpağı təkcə şairlər, alimlər deyil, həm də qəhrəmanlar yetirir. Pyotto – Əli Babayev bu qəhrəmanların sükut içində ucalan səslərindən biridir. Bəlkə heykəli ucalmayıb, bəlkə küçələrə adı verilməyib, amma İtaliya dağlarında, Naxçıvanın elində, Udinenin sükutlu küçələrində onun izi qalır. O iz  bir xalqın başı dik, alnı açıq tarixi deməkdir. Əli Babayev kimi insanlar üçün susmaq xəyanətdir. Onlar mübarizə ilə doğular, azadlıqla ölər. Əslində Pyotto heç vaxt ölmədi o, vicdanın adını daşıyan tarixə çevrildi. Bizim vəzifəmiz bu cür qəhrəmanları tanıtmaq, onların adlarını tarixdə layiq olduğu yerə qoymaqdır. Unutmayaq – qəhrəmanlıq coğrafiya tanımaz, onun dili, milləti, vətəndaşlığı yoxdur. O, insanlığın vicdanında yaşayır.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-07 19:05:43
3571 baxış

Digər xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir. Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim. Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm. Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 noyabr 2024-cü il

Hamısını oxu
Azərbaycan Milli Mətbuatının 150 İllik Yubileyi nünasibətilə TƏBRIK MƏKTUBU

Hörmətli media nümayəndələri,   Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.   1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu.   Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır.   Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır.   Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi. 1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.   Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur.   Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.   Hörmətli media nümayəndələri,   Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Veteran.gov.az saytının baş redaktoru Dövlət Sərhəd Xidmətinin müsabiqəsində birinci oldu

Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönbümünə həsr etdiyi müsabiqənin nəticəsi məlum olub. “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqənin nəticəsinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev qəzet məqaləsi nominasiyası üzrə birinci yerə layiq görülüb.   Məlumat üçün qeyd edək ki, Seymur Əliyevin “DSX-dan böyük zəfərə böyük töhfə: Müqəddəs sərhədlərin keşiyində...” məqaləsində 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının fəaliyyətinə toxunulub, onların işğaldakı torpaqlarımızın azad edilməsindəki xidmətlərinə diqqət yetirilib.

Hamısını oxu
Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadır

Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır. Bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin "özfəaliyyəti" kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib. Sərhədçimizə açılan atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil, İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəbdən də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda sülhün, sabitliyin bərqərar olmasına imkan verməmək, yeni müharibə üçün münbit zəmin formalaşdırmaqdır. Ermənistan rəsmiləri - baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir. Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir. Məlum insidentlə bağlı diqqətçəkən faktlardan biri də hadisənin Zəngilanda - İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura cəlb etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşürlər ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir. Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma son təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma riskini gücləndirir. Ancaq hər kəs - həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi, bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "qisas əməliyyatı" zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq. Cəlil XƏLİLOV, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik.

Hamısını oxu