Ən son xəbərlər
3 fevral 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “2 fevral - Gənclər Günü”nə həsr olunmuş “Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ölkə gənclərini təbrik edib, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin gənclərə olan münasibətindən, onlara göstərdiyi diqqət və qayğıdan söz açıb: “Öncə bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edir, onların hər birinə uğur və müvəffəqiyyət arzulayıram. Bizim üçün qürurvericidir ki, bu gün biz qalib gənclərlə bir yerdəyik. Bu gün Azərbaycan gəncləri öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı, elmi-intellektual potensialı, ən müxtəlif sahələrdə əldə etdikləri uğurlarla bütün dünyada tanınmaqda, sevilməkdədir. Bütün bunlar Azərbaycan gəncliyinin mübarizliyindən, zəhmətkeşliyindən, novatorluğundan xəbər verir. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan gəncləri hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib, bu qayğı sayəsində uğur və inkişaf yolunda qətiyyətlə addımlayıblar. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi dövlətimizin ölkə gəncliyinə verdiyi önəm və diqqətin təzahürüdür. Bu fakt sübut edir ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə cəmiyyətin və dövlətin əsas hərəkətverici qüvvəsi kimi böyük əhəmiyyət vermiş, gənclərimizin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Prezident İlham Əliyev də hər zaman gənclərə mütəmadi diqqət göstərib, onların xarici ölkələrdə təhsil almasına, özlərini elm, idman və s. sahələrdə daha yaxşı inkişaf etdirmələrinə şərait yaradıb. Bu gün Azərbaycanda dövlət idarəçiliyində xeyli sayda gənc təmsil olunur ki, bunun özü Prezidentimizin gənclərə olan inam və etimadından, ölkəmizin gənclərlə bağlı siyasətindən xəbər verir. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbəmizə verdiyi tarixi töhfə hər zaman Müzəffər Ali Baş Komandan tərəfindən təqdirlə qarşılanıb, dövlət başçısı öz çıxışlarında bu mövzuya xüsusi önəm verib. Bu gün dövlətimizin gənclərimizə yaratdığı şərait, eləcə də gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq səviyyəsi, yüksək intellektuallığı onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da öz uğurları ilə bizi sevindirməkdə davam edəcək, respublikamızın inkişafına, anti-Azərbaycan qüvvələrinin ifşasına böyük töhfələr verəcək”. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev, Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Murtəza Həsənov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf xanım Cəlilli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Vahid Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva Azərbaycan dövlətimizin gənclərə olan diqqət və qayğısına diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin tarixi qəhrəmanlığa imza atdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, bu gün dövlətin idarə edilməsində, milli maraqlarımızın müdafiəsində yaxından iştirak edən Azərbaycan gəncləri bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət etməkdə davam edəcək, hər zaman Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə respublikamızın tərəqqisinə töhfə verəcəklər. Tədbirin sonunda bir qrup gənc Fəxri Fərmanla təltif olunub.
Hamısını oxu
2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər. Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi. Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı. Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi. Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər. Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib. 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. “Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir. Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan gənclərini təbrik edib. Təbrik məktubunu oxuculara təqdim edirik:
Hamısını oxu
Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir. Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir. Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir. Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir".
Hamısını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daima sevindirəcək və ölkəmizin inkişifına layiqli töhfələrini verəcəklər".
Hamısını oxuPrezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
Hamısını oxu
Elman Məmmədov: “Ayıq-sayıq olmalı, güc orqanlarımıza dəstək verməli, milli həmrəyliyimizi qoruyub saxlamalıyıq” Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 yanvar 2025-ci il tarixli məlumatında xarici ölkələrdən birinin Azərbaycanda yerləşən səfirliyinə qarşı terror hücumu həyata keçirməyə cəhd edən şəxslərin saxlanıldığını bildirib. Sözügedən əməliyyatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “DTX-nın keçirdiyi sonuncu əməliyyat sübut etdi ki, bəzi qüvvələr hələ də Azərbaycanda dincliyi və sabitliyi pozmağa, xaos və gərginlik yaratmağa çalışırlar. Onların niyyəti müxtəlif terror aktları vasitəsilə cəmiyyətdə qarışıqlıq yaratmaq, xof və vahimə formalaşdırmaqdır. DTX-nın son əməliyyatı nəticəsində saxlanılan şəxslərə nəzər salsaq görərik ki, onların hamısı azərbaycanlıdır. Yəni onların arasında digər millətlərin nümayəndəsi yoxdur. Lakin bu şəxslər xarici xüsusi xidmət orqanlarının, radikal dini dairələrin təsiri altına düşən, onların sifarişlərinin icraçısına çevrilən şəxslərdir. Hesab edirəm ki, DTX-nın bugünə qədər həyata keçirdiyi bütün əməliyyatları kimi bu əməliyyat da olduqca əhəmiyyətli, olduqca önəmlidir. Bu əməliyyat sübut etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları yüksək peşəkarlığa və hazırlıq səviyyəsinə malikdirlər. Məhz onların ayıq-sayıqlığı və peşəkarlığı bu cür terror aktlarının qarşısının alınmasını təmin edir. Bununla yanaşı, baş verənlər bizim hər birimiz qarşısında da mühüm vəzifələr qoyur. Məlum olay sübut edir ki, anti-Azərbaycan qüvvələri öz bəd niyyətlərindən əl çəkməyiblər və bu gün də təxibatçı fəaliyyətlərini davam etdirməkdə qərarlıdırlar. Bu təhlükədən tam olaraq sığortalanmaq, belə halların qaşısını gələckdə də qətiyyətlə almaq üçün milli həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləəşməkdə davam etməli və güc orqanlarımıza informasiya dəstəyi göstərməli, ayıq-sayıq olmalıyıq. Bizi gələcək uğur və nailiyyətlərə aparan yeganə yol budur”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Cari ildə daha böyük hədəflərə nail olmaq əzmindəyik” 2025-ci il başa çatıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə 2025-ci ildə görülən işlərə qısa da olsa nəzər salmağa çalışdıq: -Сəlil müəllim, 2025-ci il başa çatdı. Ötən il rəhbəri olduğunuz təşkilat üçün hansı hadisələrlə əlamədar oldu? -Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənəli qeyd olundu. 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasıdna sülh müqaviləsimətninin paraflanması da bu ilin ən mühüm hadisələrindən biri oldu. İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri bu il də tam vüsətlə davam etdirildi, onlarla müəssisəsnin, yaşayış binasının, yol və körpünün açılışı reallaşdı. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Bir sözlə, 2025-ci ildə dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu. -2025-ci ili rəhbəri olduğunuz Təşkilatın fəaliyyəti baxımından nə dərəcədə uğurlu hesab edirsiniz? -2025-ci il Təşkilatımız üçün də uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını, beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir. Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyaban ziyarət edilərək Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir. Hər il olduğu kimi 2025-ci ildə də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. -Təşkilatınıza yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət necədir? -Ötən dövrdə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı, 40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü, 6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir. Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir. -2025-ci ildə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində hansı işlər görülüb? -Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir. -Veteranların müalicəsi və istirahətinin təmini istiqamətində necə hansısa addımlar atıldımı? -Şübhəsiz. 2025-ci il ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520 nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilmiş, onların müalicəsi istiqamətində konkret addımlar atılmışdır. Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir. -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının beynəlxalq müstəvidə də aktiv fəaliyyət göstərdiyi məlumdur. Maraqlıdır, Təşkilatınız beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı bu il hansı yeniliklərə imza atıb? -2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir. II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın iştirakı təmin edilmiş, müzakirələr zamanı aidiyyəti üzrə tərəfimizdən konkret təkliflər irəli sürülmüşdür.. Hesabat ilində Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir. Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir. Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qorunub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir. -Cəlil müəllim, mümkünsə bir qədər də Təşkilatın media ilə əməkdaşlığı, informasiya təminatındakı fəaliyyəti haqqında məlumat verərdiniz. -2025-ci ildə İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin, foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın “ Az TV ”, “ Real TV ”-də, “ Yeni TV” youtube kanalında, “ AzərTac ”, “ Moderator.az”, “ AzadMedia.az ”, “ İki sahil ”, “ Trend ”, “Redaktor.az ” , “ 24 informedia.az ”saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir. 2026-cı ildə bütün digər müstəvilərdə olduğu kimi, informasiya sahəsində də fəaliyyətinizimi genişləndirməyi hədəfləyirik. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində yeni bir səhifə açdığı, bu müharibə nəticəsində əldə edilən 8 Noyabr zəfərinin dünyanın ölkəmizə olan münasibətini əsaslı şəkildə dəyişdiyi birmənalıdır. Bu gün Azərbaycan öz müstəqil siyasəti, güclü iqtisadiyyatı, milli həmrəyliyi, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri ilə hər cür təsir və təzyiqin fövqündə duran qüdrətli bir dövlət, demokratik bir respublikadır. Halbuki, işğal dönəmində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə bir sıra güclər Azərbaycana təzyiq göstərməyə çalışır, onun daim zəif, “sözəbaxan”, müstəqil iradədən malik dövlət olmasını arzulayırdı. Bu səbəbdən də onlar mütəmadi şəkildə respublikamıza təzyiqlər göstərir, ölkəmizin qarşılaşdığı problemlərin həllinə yox, bu problemlərin daha da mürəkkəbləşməsinə çalışırdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra hər şey tamamilə dəyişdi və ortaya heç bir təzyiqə boyun əyməyən, ən böyük güclərə belə açıq meydan oxuyan Azərbaycan meydana çıxdı. Bəs bu proses necə reallaşdı? Bunu anlamaq üçün öncə anti-Azərbaycan güclərinin ölkəmizə qarşı istifadə etdiyi əsas təzyiq vasitələrinə nəzər salmaq lazımdır. Azərbaycanın faciəsində səadət axtaran “sülhpərvər qüvvələr” Müşahidələr göstərir ki, məkirli qüvvələrin, beynəlxalq güclərin, erməni havadarlarının dövlətimizə qarşı istifadə etdiyi əsas təzyiq vasitəsi işğal faktoru olub. Bu amildən istifadə edən dövlətlər, eləcə də keçmiş Minsk qrupunun həmsədr ölkələri erməni təcavüzünə son qoymaq əvəzinə ona dəstək verir, süni şəkildə problemin həllini yubadırdı. Onlar Azərbaycanı inandırmağa çalışırdı ki, problemin hərbi yolla həlli perspektivi yoxdur və buna görə də hər şey yalnız sülh yolu ilə həll edilməlidir. Bunun üçün isə hər hansı konkret müddət nəzərdə tutulmur, mənasız danışıqlar qeyri-müəyyən müddətə qədər uzadılır, dalana dirənir, sonra yenidən heç bir irəliləyiş olmadan davam etdirilirdi. Bu müddət ərzində isə “vasitəçilər”, eləcə də digər “sülhpərvər” güclər Azərbaycandan ən müxtəlif məsələlərlə bağlı güzəştər qoparmağa çalışır, öz maraqlarını işğal probleminin uzanması hesabına təmin etməyə cəhd edirdi. Məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycanın inkişafına mane olan, insanlarımızda yarımçıqlıq kompleksi yaradan, kənar güclər üçün göydəndüşmə təzyiq vasitəsi olan bu problemi ortadan qaldırmağa qərar verdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixndə başa çatan 44 günlük Vətən müharibəsi ilə erməni işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi ki, bu da avtomatik olaraq anti-Azərbaycan qüvvələrinin əsas təzyiq vasitəsini ortadan qaldırmış oldu. 8 Noyabr qələbəsi işğal probemini hərbi yolla həll etməklə yanaşı, Minsk qrupunu da gərəksiz bir quruma çevirdi. Vasitəçi dövlətlərin sülh adı ilə Azərbaycandan faydalanmaq cəhdlərinə qəti şəkildə son qoyuldu. Qələbə Azərbaycana Qarabağ və Şərqi Zəngəzuru dirçəltmək, bu regiondakı zəngin təbii ehtiyatlardan istifadə etmək, milli iqtisadiyyatı inkişaf etdirmək imkanı yaratdı ki, Azərbaycan bu imkandan elə ilk gündən maksimum istifadə etməyə başladı. Ermənipərəst güclərin boşa çıxan ümidləri və bu ümidsizlikdən qaynaqlanan qəzəb Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti işğal faktorundan yararlanan, yaxud yararlanmaq istəyən bütün beynəlxalq güclərin ciddi qəzəbinə səbəb oldu. Hər zaman ermənilərə dəstəyi ilə diqqət çəkən Fransa, 44 günlük müharibədən sonra açıq anti-Azərbaycan mövqeyi sərgiləməyə, ölkəmizlə bağlı yalan və böhtan kampaniyası aparmağa başladı. Bir tərəfdən Azərbaycanın ünvanına hədyanlar yağdıran rəsmi Paris, digər tərəfədn Ermənistanın müasir hərbi texnika ilə silahlandırılması, erməni ordusunun yenidən təşkili və s. istiqamətində addımlar atmağa başladı. Lakin nə Fransanın yalanları, nə də onun Ermənistana verdiyi silahlar Azərbaycanın qalib mövqeyində hər hansı dəyişikliyə səbəb olmadı. Əksinə, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanının timsalında bütün hədə-qorxulara, təhdid və təzyiqlərə açıq meydan oxudu, heç bir dövlətin təzyiqnə boyun əyməyəcəyini vurğuladı. Nəhayətdə, bütün dünya Azərbaycanın Vətən müharibəsindəki qələbəsini tanımaq, rəsmi Bakının azad, müstəqil mövqeyi ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı. Azərbaycan gücünü müharibə yolu ilə, yenilməzliyini iradəsi və cəsarəti hesabına bütün dünyaya bəyan etdi. “Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur” 31 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində dövlətimizin beynəlxalq aləmdəki hazırkı statusu haqqında demişdir: “Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”. Prezidentin məlum sitatı Azərbaycanın hazırkı mövqeyini izah etməklə yanaşı, böyük güclərin digər təzyiq vasitələrini necə sıradan çıxarıldığına da aydınlıq gətirir. Xalq-iqtidar birliyinin təmini, güclü siyasi iradə, nəhəng iqtisadi potensial, dünyanı heyrətləndirən enerji siyasəti və s. anti-Azərbaycan güclərinin ölkəmizə qarşı təzyiq vasitələrinin ortadan qaldırılmasını təmin etdi. Bütün bunlar Prezident İlham Əliyevin bilavasitə liderliyi altında gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti bununla sübut etdi ki, o, sadəcə hərb meydanında deyil, həm də diplomatiya meydanında yenilməzdir və nəyin bahasına olursa-olsun öz məqsədinə nail olmağı bacarır. Bu gün Azərbaycan heç bir təzyiqə boyun əyməyən qalib bir dövlətdir. Bu gün ölkəmizdəki firavanlıq, sülh və təhlükəsizlik, sürətli iqtisadi artım tempi beynəlxalq ictimaiyyət tərəfindən heyrət və həsədlə izlənməkdədir. Lakin bu uğurun davamlı olması üçün bizi biz edən dəyərləri qoruyub saxlamağımız – milli birliyimizin, həmrəyliyimizin keşiyində dayanmağımız, dövlətimizin hər bir çağırışına anındaca cavab verməyimiz, Prezidentimizin ətrafında yumruq kimi birləşməyimiz zəruridir. Belə olarsa, bundan sonra da bədxah qüvvələrin ölkəmizlə bağlı məkirli niyyətləri sadəcə niyyət olaraq qalacaq və heç zaman reallaşmayacaq. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib. Yarışlar əməkdaşların asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi, kollektiv ruhunun möhkəmləndirilməsi ilə yanaşı, müstəqil dövlətçilik dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda mərkəzdən 11 nəfər hərbi qulluqçusu və 2 nəfər dövlət qulluqçusu iştirak edib. Dama üzrə yarışda çempion adını kapitan Nəbi Alqayev qazanmış, ikinci yeri leytenant Əliəsgər Həsənəliyev, üçüncü yeri isə mayor Vüsal Əlizadə tutmuşdur. Şahmat üzrə yarışda çempion adını kapitan Fuad Əliyev qazanmış, ikinci yeri kapitan Vahid Novruzzadə, üçüncü yerə isə mayor Gündüz Həsənov tutmuşdur. Yarışın açılış və mükafatlandırma mərasimində Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Rəşad Quliyev və beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə çıxış etmiş və qalibləri təltif etmişlər.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 27 yanvar 2026-cı il tarixində Respublika Veteranlar Təşkilatında şəhid Murad Məmmədlinin mövlud gününə həsr edilmiş tədbirdə iştirak etdilər. Tədbirdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, direktor müavini Nəzakət Allahverdiyeva tələbələr, müəllimlər, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və digər qonaqlar iştirak etdilər. Tədbiri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev açdı. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Çıxış üçün söz Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nəzakət Allahverdiyevaya verildi. O,şəhid məzun Murad Məmmədlinin təhsil aldığı dövrdə yüksək nizam- intizamlı olmağndan,tapşırıqlara məsuliyyətlə yanaşmağndan,vətənə,millətinə bağlılığından danışdı. Tədbirdə çıxış edən şəhidin bacısı Leyla İsmayılova qardaşı haqqında xoş xatirələrdən, onunla hər zaman qürur duymasımdan söz açaraq ,dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Digər çıxışçı Arif Hümbətov şəhidlərimizin dəyərindən, vətən qarşısında xidmətlərindən, onlarım daim xalqın qəlbində yaşayacağlarından bəhs edib. Daha sonra söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, müstəqilliyə gedən ağır yoldan söz açıb: “Biz xöbəxt xalqıq ki, müstəqil ölkəmiz var. Bu müstəqillik yolunda canından keçib şəhidlik zirvəsinə qalxan oğullarımızın adları daima uca tutulur. Onların adlarıının əbədiləşdirilməsini dövlətimiz daim diqqətdə saxlayır. Səhidlərin yaşadıqları küçələrə, məktəblərə onların adları verilir.Onların qəhrəmanlıqları haqqında kitablar yazılır və yazılacaq”. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Hamısını oxu2026-cı il yanvarın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbədənkənar plenumu keçirilib. Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov plenumun gündəliyini elan edib və səsə qoyub, gündəlik yekdilliklə qəbul olunub. Plenum mövcud Rəyasət Heyətinin buraxılması və yeni tərkibinin formalaşdırılması barədə qərar qəbul edib. Yeni tərkibə sədr Əfqanıstan, I Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı polkovnik Cəlil Xəlilov, sədr müavini Əfqanıstan, Silahlı Qüvvələr və əmək veteranı ədliyyə polkovniki İmran Əhmədov, üzvlər qismində istefada olan general-mayor Vladimir Timoşenko, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, professor, AMEA Veteran Təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov seçiliblər. Plenum yeni tərkib Rəyasət Heyətinə təşkilatın strateji planının hazırlanmasını, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, Rəyasət Heyətinin sayı və tərkibi barədə növbəti plenuma qədər təkliflərini verməyi tapşırıb. Rəyasət Heyətində ilk dəfə təmsil olunan sədr müavini İmran Əhmədov göstərilən etimada görə plenum üzvlərinə təşəkkür edib, qarşıda duran vəzifə və öhdəliklərin icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Plenum işini başa vurub.
Hamısını oxu