Ən son xəbərlər
Cəlil Xəlilov: “Bu şüar bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir” “Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir: “Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir çox böyük həqiqəti ifadə edir. Vaxtiylə üzləşdiyimiz işğal problemi və bu problemdən öz hərbi gücümüz hesabına xilas olmağımız təhlükəsizliyimizin qarantının həqiqətən də yalnız özümüz olduğunu isbatladı. Prezidentimiz bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir kəs daha yada salmaqla, bundan sonra da güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi. “Təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç nə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamamlıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol daha güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”. Polkovnik vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə də diqqət çəkdi: “Prezident çıxışında Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlıükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır. Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - Prezidentimizin, dövlətimizin və Ordumuzun ətrafında sıx birləşməklə öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”. Seymur ƏLİYEV
Hamısını oxu
15 avqust saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyəti ilə bağlı “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib. Konfransda müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, millət vəkilləri, tanınmış ziyalılar, zabit və kursantlar iştirak edib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 avqust razılaşmasının tarixi, eləcə də, iqtisadi-siyasi əhəmiyyətindən bəhs edib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə uğurla başa çatdırdı, yeni bir dönəmin başlanğıcını qoydu: “Avqustun 8-də Ağ Evdə, ABŞ-ın təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. Sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Prezidentimizin ABŞ-na səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illərdən bəri dövlətimizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi. Müzəffər Ali Baş Komandanımız Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi möhkəmləndi. Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapıb. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulayıb. Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapıb. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-ın əsas qarant olduğunun göstəricisidir”. Polkovnik Cəlil Xəlilovdan sonra söz alan natiqlər - Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, Siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru hüquq elmləri doktoru, professor, İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri Əmir Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi-regional əhəmiyyəti ilə bağlı bir-birindən maraqlı fikirlər səsləndiriblər. Çıxışçılar qeyd ediblər ki, məhz Müzəffər Ali Baş Komandanın uzunmüddətli səmrəli və prinsipial siyasəti nəticəsində Cənubi Qafqazda etibarlı sülhü bərqərar etmək, kənar güclərin regionla bağlı təxribatlarının qarşısını almaq mümkün oldu. Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi polkovnik Rasim Qədiməliyev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Sumqayıt şəhər Veteranları Təşkilatının sədri, əmək veteranı Sovet Şükürov da iştirak edib. Konfransın sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Təbrik məktubunda deyilir: “Çox hörmətli Cənab Prezident! Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu. Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk. Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”. Hömətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov
Hamısını oxu
“Bu gün Vaşinqtonda Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiyamızın əldə etdiyi 8 Avqust zəfəri, Ordumuzun 2020-ci ildə qazandığı 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi hərbi qələbəni cari ilin 8 avqust tarixindəki siyasi zəfərlə uğurla başa çatdırması qürurvericidir: “2020-ci ildə başlayan və elə həmin ildə də başa çatan 44 günlük Vətən müharibəsi erməni faşizminin hərbi müstəvidəki varlığına ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızın qısa zamanda azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi zəfər Cənubi Qafqazda yeni status-kvonun formalaşmasına, Azərbaycanın regional hərbi liderliyinin möhkəmlənməsinə səbəb oldu. Bu gün Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə 8 Noyabr zəfərinin siyasi müstəvidə davamı və yekunu oldu. Azərbaycan 8 Avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi poensialı da olduqca böyükdür və rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır. Bu qələbə həm də Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi. 8 Avqust razılaşması Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühm əhəmiyyətə malikdir. Bu razılaşma bölgədə yeni gərginlik ehtimalını ortadan qaldırmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bu gərginlik fonunda öz məkirli məqsədlərini həyata keçirməyə çalışan bütün qlobal güclər üçün də sarsıdıcı zərbə oldu. Mən bütün veteranlar adından xalqımızı bu tarixi zəfərə görə təbrik edir, hər bir azərbaycanlını bundan sonra da dövlətimizin, Prezidentimizin ətrafında sxı birləşməyə çağırıram. İnanıram ki, 8 Avqust zəfəri bütün Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafına təkan verəcək, region xalqlarına əmin-amanlıq və səadət bəxş edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Bunu mümkün edən əsas amil isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda birgə bəyannamə imzalayacağı xəbərləri regionda yeni siyasi vəziyyətin formalaşmasına zəmin yaradır. Bu sənədin imzalanması sülh müqaviləsinə gedən yolda əsaslı irəliləyiş kimi qiymətləndirilir. Ağ Evdə baş tutan görüş yalnız iki ölkə arasında deyil, bütün Cənubi Qafqazın taleyində həlledici dönüş nöqtəsi kimi yadda qalacaq. ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə əhəmiyyət göstərməsi Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdən də aydın olur: “Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”. Xatırladaq ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. Vaşinqton görüşü bu diplomatik prosesinin davamıdır. Qeyd edək ki, Vətən müharibəsinin bitməsindən sonrakı ilk dövrdə iki dövlət arasında 30 illik münaqişə dövründə vasitəçilik etmiş “ənənəvi” aktorlar hələ də səhnədə idi – Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu. Hətta Azərbaycan sülh müqaviləsinin ilk mətnini məhz Minsk qrupu vasitəsilə Ermənistana göndərmişdi. Lakin Ermənistanın “Dağlıq Qarabağ” məsələsini yenidən gündəliyə daxil etmək səyləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə cəhdləri Azərbaycanın bu ermənipərəst qrupun ləğvi ilə bağlı qəti mövqe ortaya qoyması ilə nəticələndi. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki, hələ bu ilin mart ayında hər iki ölkənin xarici işlər nazirləri tərəfindən iki dövlət arasında imzalanacaq sülh sazişinin 17 maddəsinin hamısının razılaşdırıldığı bəyan edildi. Bu da özlüyündə Ermənistanın həmin iki məsələ üzrə də Azərbaycanın haqlı mövqeyini qəbul etdiyini sübut edirdi. Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Otuz ilə yaxın müddətdə fəaliyyət göstərən və işğal dövründə status-kvonun saxlanmasında mühüm rol oynayan Minsk qrupu artıq tarixə qovuşur. Bu, Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Yəni, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Həmçinin ölkəmiz üçün sülh sazişinin imzalanmasından sonra həllini gözləyən əsas strateji məsələlərdən biri, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bu razılaşma vasitəsilə ilk dəfə olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa və maneəsiz gediş-gəlişin təmin edilməsi hüquqi və praktiki müstəviyə keçə bilər. Bu, Zəngəzur dəhlizinin də reallaşma ehtimalını artırır və Cənubi Qafqazda nəqliyyat bağlantılarını bərpa etməklə geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi aydın olsa da, Xankəndində ilk dəfə dəhliz haqqında çox açıq və birbaşa detalla çıxış etməsi istənilən halda ölkəmiz üçün Zəngəzur dəhlizinin prioritetliyini prinsipial şəkildə qoruduğunu bir daha aydın sübut etdi: “Bizim üçün isə ən başlıca məsələ odur ki, – mən Əbu-Dabidə həmkarıma dedim, – bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır… Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin”. Beləliklə, Sülh bəyannaməsi imzalanarsa, Azərbaycan Naxçıvana daha da yaxınlaşacaq, Naxçıvan isə bütün Azərbaycana açılacaq. Əlbəttə, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti dayanır. Həm hərbi qələbə, həm diplomatik üstünlük, həm də uzunmüddətli sabitliyin qurulması Azərbaycan liderinin dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız sülh istəyən deyil, sülhü diktə edən ölkədir. Sülh çərçivə sənədinin imzalanması ilə İlham Əliyev təkcə müharibəni deyil, sülhü də qalibiyyətlə başa vuran lider kimi tarixə düşəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Məşhur Məmmədov: “Rus dilində fəaliyyət göstərən təhsil müəssiələrinin hamısı ödənişli əsaslarla fəaliyyət göstərməlidir” “Bu, həm məntiqi, həm də qanuni baxımından daha doğru olar” Son vaxtlar Azərbaycanda rus dilində fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsinin dayandırılması və həmin müəssisələrin ödənişli şəkildə fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aktuallaşıb. Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu məsələni ətraflı şəkildə şərh etməyə çalışdıq: -Məşhur müəllim, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması və onların ödənişli əsaslarla fəaliyyətinin təşkili ilə bağlıdır. Sizcə belə bir yeniliyə ehtiyac var? -Əslində, bu, çoxdan olması gərəkən və uzun müddətdir ki, gecikən bir məsələdir. Hər şeydən öncə qeyd edək ki, Azərbaycanda rusdilli təhsil müəssisələrinin fəaliyyəti sovet dönəmi ilə bağlıdır. Məhz sovet dönəmində Kremlin ruslaşdırma siyasəti sadəcə ölkəmizdə deyil, SSRİ-yə daxil olan digər respublikalarda da rusdilli məktəblərin meydana çıxmasına səbəb oldu. Lakin SSRİ-nin dağılması ilə keçmiş sovet respublikalarıdnakı bu məktəblərin bir qismi ləğv edildi, digər qismi isə ödənişli əsaslarla fəaliyyət göstərməyə başladı. Fəqət Azərbaycan həmin məktəbləri müstəqillik dönəmində də dövlət büdcəsi hesabına maliyyələşdirməkdə davam etdi. Ancaq müstəqillikdən bugünə qədərki dönəmin təhlili bir daha onu deməyə əsas verir ki, rus dilində fəaliyyət göstərən bu məktəblərin ödənişli əsaslarla fəaliyyətinə ehtiyac var. Bunu zəruri edən bir sıra səbəblər mövcuddur ki, biz bu səbəbləri görməzdən gələ bilmərik. -Həmin səbəblər hansılardır? -Həmin səbəblərdən ən başlıcası bu müəssisələrin dövlət büdcəsi hesabına fəaliyyətinin məntiqi baxımdan düzgün olmaması, eləcə də qanunvericilik baxımından sual doğurmasıdır. Respublikamızda dövlət dili Azərbaycan dilidir və dövlətimiz ana dilimizdə fəaliyyət göstərən bütün orta məktəblərin dövlət büdcəsi hesabına maliyyələşməsini təmin edir. Azərbaycan dili respublikamızda yeganə rəsmi dil olduğu üçün dövlətimizin məsələyə bu cür münasibəti həm qanuni, həm də mənəvi baxımdan tam doğru və məntiqlidir. Lakin rus dili Azərbaycanda qeyri-dövlət dili olduğu üçün bu dildə fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi absurddur. Biz 1991-ci ildən etibarən müstəqil dövlətik və sovet dönəmində yaşamırıq. Bizim Azərbaycan dilindən başqa hər hansı bir dildə fəaliyyət göstərən təhsil müəssiəsini dövlət büdcəsi hesabına maliyyələşdirmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Belə olan halda rusdilli məktəblərin büdcə hesabına maliyyələşdirilməsinin davam etdirilməsi doğru sayıla bilməz. Onu da unutmaq olmaz ki, bu cür məktəblərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, həmin məktəblərin saxlanılmasına dövlət büdcəsindən hər il xeyli vəsait sərf edilir. Biz həmin məktəblərin ödənişli fəaliyyətinə start verməklə, büdcə vəsaitinə də qənaət etmiş olarıq. -Məşhrur müəllim, ölkəmizdəki rusdilli təhsil müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsinə son qoyulmasını zəruri edən daha hansı amillər mövcuddur? -Bunu zəruri edən digər bir amil ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-Azərbaycandilli məktəblərin hamısının ödənişli əsaslarla fəaliyyət göstərməsidir. Bu gün ölkəmizdə ingilis, alman və s. dillərdə fəaliyyət göstərən təhsil müəssisələri var. Hansı ki, həmin müəssisərləin hamısı ödənişli əsaslarla fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən türkdilli məktəblərin də fəaliyyəti ödənişli əsaslarladır və onlar büdcədən maliyyələşmir. Təsəvvür edin, Türkiyə Azərbaycana qardaş ölkədir və ölkəmizdə fəaliyyət göstərən türkdilli məktəblərin heç biri dövlət büdcəsindən maliyyələşmir. Lakin rusdilli məktəblər kütləvi şəkildə dövlət büdcəsindən maliyyələşir. Halbuki, Rusiyda bir dənə də olsun Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur. Belə olan halda rusdili məktəblərin büdcədən maliyyələşdirilməsinin davam etdirlməsi yolverilməzdir. Hesab edirəm ki, biz həm milli maraqlarımızı, həm də büdcə maraqlarımızı əsas götürərək rusdilli məktəblərin ödənişli əsaslarla fəaliyyətini təmin etməli, onların büdcədən maliyyələşməsinə son qoymalıyıq. Seymur ƏLİYEV
Hamısını oxu
Milyonlarla investisiya, minlərlə iş yeri, yüzlərlə obyekt və daha nələr... Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Vətən müharibəsindən bugünə qədər sözügedən ərazidə həyata keçirilən iqtisadi layihələrlə bağlı maraqlı statistika ilə çıxış edib. Elçin Yusubovun sözlərindən məlum olub ki, investorlar tərəfindən bu əraziyə 56 milyon manatdan çox investisiya qoyulub. Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarların istifadəsinə verilib və bu obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Hansı ki, yaxın gələcəkdə iş yerlərinin sayının 5 mini ötəcəyi planlaşdırılır. Hazırda işğaldan azad edilən bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən geniş güzəştlər tətbiq edilir ki, bu da iş adamları üçün ciddi stimul və dəstək deməkdir. Elçin Yusubovun Diaspor Gənclərinin 6-cı Yay düşərgəsindəki çıxışı Xankəndinin timsalında işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafından xəbər verir. Bu inkişafın göstəriciləri isə kifayət qədər aydın və çoxsaylıdır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına investorlar tərəfindən 56 milyon manatdan çox vəsaitin qoyuluşu bu ərazilərə investorlar tərəfindən marağın kifayət qədər böyük olduğunu göstərir. Bu rəqəm onu deməyə əsas verir ki, işğaldan azad edilən torpaqlar sahibkarlar üçün öz cazibəsini sürətlə artırmaqda, onlar üçün ciddi maraq kəsb etməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına qısa zamanda 56 milyon manat investisiyanın qoyuluşu bu tendensiyanın yaxın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. Elçin Yusubovun təqdim etdiyi statistikada qürur doğuran faktlardan biri də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına yüzlərlə obyektin sahibkarların ixtiyarına verilməsidir. Bu, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, ona yeni və mühüm güc qazandırmaq deməkdir. Açıqlamada diqqət çəkən digər bir məqam bu obyektlərdə 2 mindən çox şəxsin işlə təmin edilməsi, yaxın vaxtlarda bu göstəricinin 5 min nəfərə qədər artırılmasının planlaşdırılması ilə bağlıdır. Təqdim edilən rəqəmlər sübut edir ki, işğaldan azad edilən bu torpaqlarda məşğulluğun həlli, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət və güclü əzm sərgiləməkdədir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafının hər vəchlə təşviq edilməsi bu ərazilərdə məskunlaşan soydaşlarımızın işlə təminatını yaxşılaşdırmaqda, bu torpaqlarda həyatı dirçəltməkdədir. Göründüyü kimi, bu gün Xankəndi sadəcə sürətlə inkişaf edən, çiçklənən şəhər deyil. Xankəndi həm də Azərbaycan iqtisadiyyatının inkişaf barometridir. Bu barometr ölkə iqtisadiyyatının necə sürətlə böyüdüyündən, necə çiçəkləndiyindən xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları yaxın gələcəkdə iqtisadi baxımdan sürətlə inkiaşf etməkdə davam edəcək, yalnız Azərbaycana deyil, bütün regiona yeni iqtisadi möcülər bəxş edəcək. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Heç kim ölkəmizi “abidə müharibəsi”ndə ittiham edə bilməz!” “Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyi şərh yanlış və qərəzlidir: “Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidə müharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət və ehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini ilə yanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bunun isbatıdır. Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilər tərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiri istiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davam etdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı, hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidə torpaqlarımız işğal altında olanda Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizin razılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizin suveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinki doğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanın guya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimi dəyərləndirilməsi yanlış və qərəzlidir”. Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanın maraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb: “Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq və mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, bu istiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilində nəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir. Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənət adamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki, bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinə olan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidə müharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndə ittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir. Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu gün ölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün “abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalı dönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə də İkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə də olsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübut edir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlı səsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsiz açıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdən başqa heç nəyə yaramır”. Seymur ƏLİYEV
Hamısını oxu
Artıq bir neçə ildir ki, Daxili İşlər Nazirliyi (DİN), eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) işə qəbul zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarına xüsusi üstünlük verir, onların işlə məşğulluğuna həsaslıqla yanaşır. Hər il çoxlu sayda veteran bu qurumlarda müxtəlif vəzifələrə qəbul edilir ki, bu da bütün cəmiyyətdə ciddi məmnunluqla qarşılanmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “DİN və SHXÇDX-nin işə qəbul məsələsində veteranlara, qazilərə üstünlük verməsi, onlara öncəlik tanıması olduqca müsbət və təqdirəlayiq bir addımdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə, qazilərə hörmət və ehtiram göstərməyin, onların qayğısına qalmağın vacibliyini vurğulayıb, bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, biz Vətən müharibəsindəki qələbəmizə görə Azərbaycan zabitinə, Azərbaycan əsgərinə borcluyuq. Bu mənada onların bütün qayğıları kimi məşğulluq problemlərinin də həlli bizim üçün prioritet olmalıdır. Mən qazilərimizə göstərdiyi bu həssas münasibətə görə bütün veteranlar adından həm DİN-ə, həm də SHXÇDX-ə öz dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, digər dövlət və qeyri-dövlət qurumları bundan ibrət almalı, onlar da işə qəbul məsələsində ilk növbətə şəhid ailələri və veteranlara üstünlk verməlidir. Bu, həm həssas kateqoriyaya daxil olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, həm də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından həyati əhəmiyyətə malikdir. Şəhid ailələi kimi qazilərimiz də bizim qürur mənbəyimizdir və biz hər zaman olduğu kimi bundan sonra da onların hər bir istək və mraciətinə həssaslıqla yanaşmalı, onlara olan sevgi və ehtiramımızı daim əməli şəkildə ortaya qoymalıyıq”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, iyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər. Komitənin sədri Şahin İsmayılov qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və müttəfiqlik münasibətləri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir. O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq, bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Öz növbəsində, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər Forumunun Azərbaycanda artıq böyük uğurla təşkil olunduğunu vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnuniyyət duyduğunu qeyd edən Çakvetadze, analoji forumun gələn ay Gürcüstanda da keçiriləcəyini söyləyib. Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxış edərək bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi sahələrdə uğurla inkişaf edir. Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını qeyd ediblər. Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Hamısını oxu
Azərbaycanda şəhid məqamının uca tutulduğu, dövlətimizin şəhidlərin xatirəsini əbədiləşdimək, onları gənc nəsillərə tanıtmaq üçün bütün vasitələrdən itifadə etdiyi heç kimə sirr deyil. Məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüzlərlə küçə şəhidlərimizin adını daşımaqdadır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli icra orqanları, eləcə də icra hakimiyyəti və bələdiyyələr bu küçələrin abadlığına lazımi diqqət yetirmir, onları göz önündəcə “unudur”. Nəticədə, həm vətəndaşlar arasında ciddi narazılıq yaranır, həm də şəhid statusunun aliliyi ilə bu adı daşıyan küçənin baxım səviyyəsi arasında ciddi təzad formalaşır. Halbuki, şəhid küçəsi hökmən şəhid adına layiq olmalıdır. Eyniylə Sumqayıt şəhərində olduğu kimi... Hər şeydən öncə qeyd edək ki, 44 günlük Vətən müharibəsində ən çox şəhid verən şəhərlərimizdən biri də Sumqayıtdır. Bu səbəbdən də Sumqayıtda şəhid adını daşıyan küçələrin sayı kifayət qədərdir. Hansı ki, bu küçələrin abadlığına hər zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən xüsusi həssaslıqla yanaşılıb. Şəhid ailələrinin yaşadığı küçələr bilavasitə icra başçısı Zakir Fərəcov, eləcə də SŞİH-nin əlaqədar şöbələri – Şəhər təsərrüfatı şöbəsi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin hər bir müraciəti sadəcə sözdə deyil, əməli-praktiki baxımdan öz həllini tapır. Sevindiricidir ki, Sumqayıt bələdiyyəsinin bu istiqamətdəki fəaliyyəti də son dərəcə təqdirəlayiqdir. Son bir neçə ayda Sumqayıtda şəhid adını daşıyan küçələrdə həyata keçirilən geniş asfaltlanma prosesi şəhər bələdiyyəsinin məhsuldar fəaliyyəti ilə yanaşı, həm də onun şəhid ailələrinə olan duyarlı münasibətindən xəbər verir. Nümunə üçün qeyd edək ki, cari ilin iyul ayında Sumqayıt bələdiyyəsi tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb. Nəticədə, küçədə gediş-gəliş rahatlaşıb, küçənin görünüşü ilə yanaşı, vətəndaşların gündəlik yaşamı da müsbət mənada dəyişib. Onu da qeyd edək ki, Sumqayıt bələdiyyəsi tərəfindən analoji işlər Yaşma yaşayış massivində şəhid Cavid Mirzəyev və Xəzri 2 Yaşayış massivində şəhid Coşqun Zeynallı küçələrində də gerçəkəşdirilib. Bələdiyyə tərəfindən reallaşdırılan bu işlər sakinlər tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Sumqayıt nümunəsi bir daha sübut edir ki, hər şey əlaqədar qurumların öz vəzifə və insani borclarına nə dərəcədə məsuliyyət və vicdanla yanaşmasından asılıdır. Ümid edirik ki, respublikamızın digər şəhər və qəsəbələri də Sumqayıt örnəyindən nümunə götürəcək, Sumqayıt təcrübəsini mənimsəməklə ölkə ərazisində şəhid adını daşıyan bütün küçələrin bu ada layiqliyini təmin edəcək. Seymur ƏLİYEV
Hamısını oxu