Ən son xəbərlər
26 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında başa çatmaqda olan cari illə bağlı hesabat yığıncağı keçirilib. Hesabatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəli sükutla yad edilib. Tədbiri açıq elan edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov 2025-ci ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman olduğu kimi, bu il də gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsini diqqət mərkəzində saxladığını bildirən polkovnik, Təşkilata üz tutan hər bir veteranın müraciətinə həssaslıqla yanaşıldığını, bu müraciətlər əsasında konkret addımlar atıldığını bildirib. Təşkilat sədri 2025-ci il üçün nəzərdə tutulan məqsədlərə nail olunduğunu, gələn ilin fəaliyyət planının təsdiq edildiyini vurğulayıb. Daha sonra Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Kərim Rzayevin məruzəsi dinlənilib. Yığıncaqda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran Rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Şuşa Rayon Təşkilatının sədri Ağalar Əliyev, Sabunçu Rayon Təşkilatının sədri Sabir Allahverdiyev, Xaçmaz Rayon Təşkilatının sədri Abbasyar Heydərov 2025-ci ildə Birlik tərəfindən görülən işləri müsbət qiymətləndirib, hesabatın qənaətbəxş olduğunu bildiriblər. Daha sonra polkovnik Cəlil Xəlilov Birliyin Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi veteranı İmran Əbilovu 90 illik yubiley münasibətilə təbrik edib, ona zəngin fəaliyyətində uğurlar arzulayıb. Millət vəkili Eldar İbrahimov, Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyf İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri, Həmkarlar İttifaqının sədri Elnur Atayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da çıxışlarında İmran Əbilovu yubiley münasibətilə təbrik edib, ona müxtəlif hədiyyələr və təltiflər təqdim ediblər. Tədbirdə Müdafiə Nazirliyinin Baş İdarə rəisi general Müşfiq Məmmədov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib. Tədbirin sonunda Təşkilatın fəaliyyətində aktiv iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbi ilə birlikdə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin və ölməz sənətkarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin müəllimi Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu tədbirdə şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbin direktoru Şəhla Mürsəlova giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib yeni istifadəyə verilmiş bu təhsil ocağında belə bir tərbirin keçirilməsinə görə Rayon Veteranlar Təşkilatına öz təşəkkürünü bildirib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı ölkəmizdə tədbirlər keçirilməsi haqqında verdiyi sərəncamı sənət adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirib və unudulmaz şairin Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Zülfi Vellidağ, Əfrahim Abbas, Arzu Əyyarqızı, Etibar Sevənli, Mikayıl İnçəçaylı, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə, veteran pedaqoq Dadaş Bayramov, müharibə veteranı Qurban Əhməd, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb, onun milli azadlıq ruhunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məktəb şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, “Gülüstan” poemasından ayrı-ayrı hissələr söylənilib. Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir məktəbin pedaqoji və şagird kollektivinə, həmçinin qonaqlara xoş ovqat yaşadıb.
Hamısını oxu
“Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlik məsələsinə verdiyi önəmi göstərir: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızda təhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquq normaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdir ki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığını yüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdə saxlamalıdır”. Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü və peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqət çəkdi: “Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvəlıəri öz peşçəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrü ilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlara imza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunu bir daha əyani şəkildə göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando Qüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm də xaricdən alınan texnikalar hesabına daha modern silahlarla silahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafının dinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cür gözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükənin qarşısını anındaca almağa imkan verir. Onu da qeyd edək ki, son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu da olduqca təqdirəlayiqdir. Şübhəsiz, biz bütün bunlara görə Prezidentimizə, onun müdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızın yürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, ən təhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu da təhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçün əsas şərtdir. Prezidentimizin yürütdüyü siyasət onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq və inkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təmin etməkdə davam edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ərəfəsində vətənpərvər iş adamı Səfər Əlirzayevin təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi keçirilib. Bu mənalı və unudulmaz tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə isə dərin minnətdarlığın ifadəsi oldu. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə və onların ailələrinə dərin hörmət, ehtiram və minnətdarlığı ifadə etmək olmuşdur. Tədbir zamanı şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmış, göstərdikləri misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq xüsusi vurğulanmışdır. Tədbir çərçivəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün prioritet istiqamət olduğu bir daha diqqətə çatdırılmış, bu sahədə həyata keçirilən ardıcıl və davamlı fəaliyyətlər qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, Səfər Əlirzayev hər zaman şəhid və qazi ailələrinin yanında olmuş, onlara mənəvi dəstək göstərmiş, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində davamlı mövqe sərgiləmişdir. Onun bu kateqoriyadan olan ailələrə göstərdiyi diqqət və həssas münasibət tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir. “Fateh” adlı bu tədbir şəhid və qazi ailələrinə mənəvi dəstəyin göstərilməsi ilə yanaşı, cəmiyyətimizdə birlik, həmrəylik və milli-mənəvi dəyərlərə sədaqət ruhunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Proqram çərçivəsində təqdim olunan rəsmi çıxışlar və bədii hissələr tədbirin ümumi məzmununa və ruhuna uyğun şəkildə təşkil olunmuş, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda bir daha qeyd edilmişdir ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimiz və onların ailələri isə dövlətimizin və cəmiyyətimizin daimi diqqət və qayğısı ilə əhatə olunacaqlar. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Hamısını oxu
22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir. 22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Polkovnik bu medala media ilə uzunmüddətli və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Hamısını oxu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:
Hamısını oxuBu gün məşhur kəşfiyyatçı və partizan, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ad günüdür. Veteran.gov.az xəbər verir ki, bu əlamətdar günlə bağlı Novxanı kənd sakinləri böyük qəhrəmanın abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Tədbirdə “Hacı Səfəralı” məscidinin acundu Hacı Ələsgər Mikayılzadə, iş adamı Cəlil Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev və onlarla ziyalı iştirak edib, Mehdi Hüseynzadə və onun qəhrəmanlığı haqqında maraqlı faktlara toxunublar. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin təbliğinin sadəcə hərb tariximizin yaşadılması deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib. İclası açıq elan edən Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov 2026-cı ildə görülməsi nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Daha sonra müzakirəyə çıxarılan iş planını iştirakçılara təqdim edilib, planla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib. Sonda Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla Təşkilatın 2026-cı il üçün iş planı təsdiq edilib.
Hamısını oxu
Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır. 1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi. İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi. Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi. 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu. Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır: “Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…” Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi. Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir. O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan Veteran.gov.az-a verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu Hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılmış, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər prosessual tədbirlər icra edilmişdir. Faktla bağlı hazırda araşdırma davam etdirilir. Seymur ƏLİYEV
Hamısını oxu