Ən son xəbərlər
Hər bir dil mənsub olduğu xalqın varlığı və milli kimliyidir. Onun sadəcə ünsiyyət vasitəsi deyil, özünüdərk təməli, nəsilləri birləşdirən, düşüncəni formalaşdıran, mentaliteti ötürən və etnik qrupun təkrarsızlığını təmin edən, milli sərvətə və fərqliliyin əsasını təşkil edən mədəniyyətin simvoluna, yaşadığı tarixin daşıyıcısına çevrilməsi ümumilikdə milliliyin qorunub saxlanılmasında əsas vasitə olması mübahisə doğurmur. O da qətiyyən mübahisə doğurmur ki, dövlətçilik və onun təsisatları bir millətin dilinin formalaşmasında, onun rəsmi dil kimi təsdiqlənməsində, dil siyasətinin tənzimlənməsində (təhsil, media və qanunvericilik vasitəsilə), normalarının standartlaşdırılmasında (lüğətlər və qrammatikalar vasitəsilə) və millətlərarası ünsiyyət vasitəsi, milli kimliyin və mədəniyyətin qorunması kimi yayılmasının təşviq edilməsində əsas rol oynayır. Dövlət, dil layihələrini maliyyələşdirir, ədəbiyyatı dəstəkləyir və idarəetmə və təhsil üçün dili standartlaşdırır, bununla da, onun mövqeyini gücləndirir və ortaq milli şüurun formalaşmasında mühüm rol oynayır. Veteran.gov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Prezident Əliyevin dilçilikdən açıq dərsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni ilin əvvəlində, yerli televiziyalara artıq ənənə halını almış növbəti müsahibəsi ancaq ötən ildə (2025-ci il) görülən işlər barədə seçicilərinə - Azərbaycan xalqına hesabatı deyil, həm də artıq qədəm basdığımız yeni təqvim ilinə (2026-cı ilə) hədəflənən strategiya və həmin strategiyanın konturları barədə fikir mübadiləsi kimi qəbul olunmalıydı. Belə də oldu. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ötən ildə qazandığı uğurlardan, daxili və xarici siyasətdə hökumət üçün prioritet istiqamətlərdən, 2020-ci il sentyabr ayının 27-də işğalçı Ermənistanla başlanan və 44 gün ərzində Silahlı Qüvvələrimizin keçdiyi Zəfər yolundan, o Zəfərin regional və beynəlxalq platformalarda Azərbaycan dövlətinin yerini müəyyənləşdirən faktorlardan, antiterror əməliyyatından sonra dövlət suverenliyimizin reallığa çevrilməsini şərtləndirən amillərdən, Qarabağda aparılan tikinti-quruculuq işlərindən, bir qərinəlik ayrılıqdan sonra məcburi köçkünlərin qayıdışından və nəhayət, 2025-ci ilin avqustunda ABŞ-ın paytaxtı Vaşinqtonda- Ağ Evdə Ermənistan-Azərbaycan arasında Sülh Müqaviləsinin paraflanmasından sonra dayanıqlı sülhün regionda bərqərar olmasından və digər sosial məsələlər mövzusunda söhbət açdı. Bu mövzulardan biri ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışından sonra xüsusilə gündəmə çevrilən rəsmi dövlət dilinin hazırkı vəziyyətinə baxışın gündəmə gəlməsi ilə yadda qaldı. Xatırlatsaq ki, Azərbaycan dilinin inkişafına və qorunmasına əlahiddə diqqət və qayğı XX əsrin ikinci onilliyində - 1918-ci il may ayının 28-də milli dövlətçiliyimizə qovuşduğumuz vaxtlardan diqqət çəkib, bu proses hətta nominal dövlətçilik institutlarının mövcudluğu zamanlarında yüksələn xətti illə seçilirdi və ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinə dövlət qayğısı ən yüksək müstəviyə qaldırıldı. 50-ci illərin sonlarından İttifaq mərkəzindən idarə olunan “Azərbaycanda millətçilik tendensiyalarının qarşısının alınması” fonunda dilimizə qarşı artıq oturuşmuş siyasətin davam etdirildiyi vaxtlarda az qala nümayişkaranə şəkildə aparılan bu siyasət vahid məqsədə xidmət etsə də, müxtəlif aspektlərdə aparılırdı. O aspektlərdən biri küncə sıxışdırılmış Azərbaycan dilinə dövlət tədbirlərində tribunaların verilməsi idi və bunu sovet Azərbaycanının 46 yaşlı lideri Heydər Əliyev öz şəxsi nümunəsində göstərirdi. Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirindəki çıxışı ilə dilimizin statusunun yeni müstəviyə çıxarıldığını nümayişkaranə şəkildə ortaya qoyan respublika rəhbəri sonrakı qərarları ilə bu addımın ardıcıl olaraq atılacağını təsdiqlədi. Bu, Bəkir Çobanzadənin tələbəsi, Azərbaycan dilçiliyinin patriarxlarından biri olan professor Muxtar Hüseynzadənin "Müasir Azərbaycan dili" adlı dördcildlik dərsliyinin Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Dövlət mükafatına layiq görülməsi oldu. Xatırlatma üçün qeyd edək ki, “Müasir Azərbaycan dili” kitabında Azərbaycan dilinin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilirdi. Müəllif sözün mənaları haqqında məlumat verir, türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırır, Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – “gəlmə və alınma sözlər” adlanan təbəqəsi müfəssəl tədqiq olunurdu. Sonralar, yəni 1978-ci ildə Azərbaycan SSR-nin yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi İttifaq məkanında ən çox müzakirə mövzularından birinə çevrildi. Bundan əlavə, uzun illər boyu dövlət müstəqilliyindən ayrı düşmüş xalqın tarixi ilə bağlı müxtəlif dövrləri əhatə edən bədii filmlərin hazırlanaraq tamaşaçılara təqdim olunması xalqın şərəfli tarixinə qayıdışına xidmət edirdi. Bu məsələdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilinin ən böyük təəssübkeşi olmaqla, bənzərsiz mahir natiq Heydər Əliyevin müqayisəyəgəlməz genişspektirli fəaliyyəti və tarixi xidmətləri geniş rol oynadı. Sonralar müstəqil Azərbaycan Respublikasının ali siyasi rəhbərliyinə qayıdışından sonra da Ümummilli Lider bu istiqamətdə işləri davam etdirdi. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı, dil siyasəti birmənalı olaraq formalaşdı. Ulu Öndər ana dili ilə bağlı dövlət strategiyasını şərtləndirən amilləri belə izah edirdi: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”. 2026-cı il yanvar ayının 5-də yerli televiziyalara müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dilin ümumxalq kontekstində vacib amillərdən biri olduğunu xatırladır. Sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunmasının dil daxilində baş verdiyini, buna görə də onun sosial fəaliyyətin əlaqələndirilməsində əsas vasitəçilərdən biri, birincisi olduğunu xatırladır. Dili sosial təcrübəni müəyyən etmək, qorumaq və ötürmək üçün əsas vasitə, həmçinin subyektiv mənaları obyektləşdirmək üçün mühüm üzvi varlıq kimi xarakterizə edir. Dövlət başçısı dilin fərdi təcrübələrə subyektlərarası məna qatdığını, bütün sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşdığını qeyd etməklə onun oynadığı siyasi rolu xatırladır. Dilin milli və etnik differensiasiyada mühüm rol oynadığına, onun təsirinin yalnız müəyyən bir icmanın mənəvi varlığı əhatə etmədiyinə, həm də digər millətlərdən və etnik qruplardan qarşılıqlı tamamlama və fərqlənmə hissi yaratdığına diqqət çəkir. Nəticə etibarilə milli və etnik kimliyin dillə sıx əlaqəli şəkildə nəzərdən keçirilməli olduğunu, onun istənilən sosial icmanın mövcudluğu üçün ən vacib şərtlərdən birinə çevrildiyini vurğulayır. Buna görədir ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dönəmində apardığı dil siyasətinin və bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin təsəvvüründəki dövlət konstruksiyasında onun çəkisinin artırılmasına xüsusi diqqətin missiyasının konturlarını aydın görmək mümkündür. Bununla əlaqədar olaraq dövlətimizin başçısı ancaq dilçilərin deyil, həm də mətbuatında üzərinə düşən vəzifələrə işarə edir. Prezident həmin müsahibəsində dilimiz və onun perspektivləri ilə bağlı sözlərini dinlədikcə, professor Muxtar Hüseynzadənin bununla bağlı fikirləri yadıma düşür. Professor 50 il əvvəl yazırdı: “Dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun və bir çox əsrlər ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil yüz illərlə davam gətirən uzun bir proses nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”. Prezident İlham Əliyev adıçəkilən müsahibəsində bayraq, gerb, himnlə birlikdə dili dövlətçiliyin əsas atributlarından biri, bəlkə də, birincisi sayır, xalqımızın yaşadığı taledən dərs almağımızı, nəticə çıxarmamızı tövsiyə edir: “Əsrlər boyu müstəmləkəçilik şəraitində müstəqillik eşqi ilə yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, Rusiya imperiyası, fars imperiyası, istərsə də Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey olmayıb. Müstəqillik tariximiz, dövlətçilik əsasları, ənənələri olub və o dövlətlərlə fəxr edirik, amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb”. Dil psixologiyası və ya psixolinqvistika elmi var. O, nitq, düşüncə və şəxsiyyət arasındakı əlaqəni öyrənir, insanların dili necə yaratdığını və qavradığını, dilin şüuru necə formalaşdırdığını və dil xüsusiyyətlərinin danışanların mentalitetini və sosial mənsubiyyətini necə əks etdirdiyini, onları sosial qruplar, mədəniyyət və tarixlə necə əlaqələndirdiyini araşdırır. Bu sahə dili sadəcə işarələr sistemi kimi deyil, həm fərdi, həm də qrup (sosiolektlər) nitq nümunələrinin təhlili ilə daxili zehni prosesləri, dünyagörüşünü və ünsiyyət məqsədlərini əks etdirən insan varlığının ayrılmaz hissəsi kimi görür. Həmçinin psixolinqvistika, hər bir xalqın yaşadığı psixi situasiyanın onun dilinin leksikasında ifadə olunduğunu elmi dəlillərlə təsdiq edir. Buna görədir ki, İlham Əliyev həmin gerçəkliyi nəzərə alaraq belə deyir: “Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”. Dövlət başçısının fikirlərindəki aktuallıq XXI əsrin əvvəllərinin spesifik sosial-siyasi və sosial-mədəni reallıqlarından irəli gəlir. Qlobal ikiqütblü sistemin süqutu ideoloji böhrana, nəticə olaraq özünüdərk böhranına səbəb olduğu bu gün dünyada çoxlarının qəbul etdiyi gerçəklikdir. Müxtəlif sosial icmaların nümayəndələri dünyada öz yerlərini tapmaq və "biz" və "onlar" arasındakı korrelyasiyanı müəyyən etmək ehtiyacını hiss edirlər. Eyni zamanda, qloballaşma və media və kommunikasiyaların artan təsirinin nəticəsidir ki, müxtəlif millətlər və etnik qruplar arasında artan qarşılıqlı əlaqələrin şahidi oluruq. Bu da milli stereotiplərin yaranmasına və yayılmasına səbəb olur. İnteqrasiya və milli, etnik kimliyin qorunması istiqamətində əks tendensiyaların kəsişməsində, birincisi, demokratiya və vətəndaş cəmiyyətinin möhkəm kök saldığı, ikincisi, azlıq etnik qrupları üçün nisbətən yüksək həyat səviyyəsi və həyat keyfiyyətinin əldə edildiyi ölkələrdə optimal və ağlabatan həllər tapılır. Bu, münaqişə vəziyyətlərinin olmamasına zəmanət vermir, lakin belə ölkələrdə onların sürətli və konstruktiv həlli şansları həmişə yüksəkdir. O şansların diqqətdə saxlanılmasının dilimizi, birbaşa və ya dolayısı ilə xalq və dövlətimizin həyatında oynayacağı rolu nəzərdə tutan İlham Əliyev buna görə tövsiyələrini bu formada çatdırır: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də, özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”. Bu vəzifənin əhəmiyyətini dönə-dönə xatırladan Prezident “milli kimliyin” sadəcə, mövcudluğunu deyil, inkişafı üçün vacib elementləri həm də ona görə xatırladır ki, hər birimizin məsuliyyəti təhtəlşüurumuza əbədi həkk olunsun. Dildə sosial mənzərəni təşkil edən münasibətlərin formalaşması və qorunması dil daxilində baş verir və buna görə də dil sosial hərəkətləri əsaslı şəkildə əlaqələndirir. Dil sosial təcrübəni müəyyənləşdirmək, qorumaq və ötürmək üçün əsas vasitəyə, eləcə də subyektiv mənaları obyektivləşdirmək üçün körpüyə çevrilir və fərdi təcrübələrə subyektivlərarası məna qatır. Sosial münasibətlərin dilin işarə sistemi daxilində formalaşmasında dil, milli və etnik differensiasiyada mühüm faktora çevrilir. Onun təsiri yalnız müəyyən bir icmanın mənəvi varlığını əhatə etmir, həm də digər millət və etnik qruplara qarşılıqlı tamamlayıcılıq və fərqlilik hissi verir. Bunlar öz yerində. Prezident cəmiyyətin hər bir üzvünün daşıdığı məsuliyyət hissi məsələsinə ümumi formada yox, konkret ünvanlarla fərd və qruplara müraciət etməklə toxunur: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə. Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da açıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”. Bu fikrində də Azərbaycan Respublikasının Prezidenti dilin saflığının qorunması üçün ayrı-ayrı elm və peşə sahiblərinin məsuliyyətini xatırlatmaqda haqlıdır. İlk növbədə, televiziya sahəsində çalışan jurnalistlərə çağırış edən ölkəmizin Lideri daha sonra ziyalılara, o cümlədən şair və yazıçılara üz tutur, onları dilimizin saflığının qorunmasında biganəlik göstərməməyə dəvət edirdi. Bunlarla bərabər, çap və elektron medianın dilin saflığının qorunmasında ikili rol oynadığı xatırladıldı. Təbii ki, ya elektron, yaxud çap mediası jarqonları populyarlaşdırmaqla dili zəiflədə bilər, ya da nümunə mətnlərdə standartlar müəyyən etməklə xüsusilə gənclərimizin leksikasında düzəlməz fəsadlarla iz buraxa bilər. Elektron media daha auditoriyasının verdiyi imkanlar hesabına sürətli rəy yaratmaq və yaxud daha geniş əhatə dairəsinə malik olmaqla, dilimizdə əsrlərcə formalaşan fonetik və ya şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə əsaslı zərbələr vura bilər. Bunu nəzərdə tutan Prezident hamımızı xalqımızın varlığı ərzində yaratdığı söz xəzinəsinə həssas münasibətə çağırır. Bu, daha çox onunla bağlıdır ki, İlham Əliyev qloballaşmaqda davam edərək balacalaşan dünyanın hansı hədəflərə can atdığını əvvəlcədən görən azsaylı siyasətçilərdən biridir.
Hamısını oxu
Tariximizin şanlı səhifələrindən biri olan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, qəhrəmanlıq ruhunun və müasir hərbi texnologiyanın qələbəyə çevrildiyi bir mərhələdir. Bu tarixi anlarda Hərbi Hava Qüvvələrinin rolu misilsiz olmuş, işğal altındakı yüksək dağlıq ərazilərimizin azad olunmasında onların sarsıdıcı zərbələri düşmənin müqavimətini darmadağın etmişdir. Yeni nəsil qırıcı təyyarələr, döyüş helikopterləri və müasir aviasiya vasitələrimiz olmadan bu yüksək dağlıq əraziləri azad etmək mümkün deyildi. Hava qüvvələrimiz müharibənin ilk günündən etibarən düşmənin hava hücumlarının qarşısını mərdliklə alaraq quru qoşunlarının ildırım sürətilə irəliləməsinə zəmin yaratdı. Erməni quldurlarının illərlə bərkidib betonladığı bunker-sığınacaqlar, silah-sursat anbarları, zenit-raket kompleksləri, artilleriya qurğuları, radiolokasiya stansiyaları, komanda-qərargah məntəqələri və digər infrastruktur tamamilə məhv edildi. Bu böyük zəfərin arxasında Hərbi Hava Qüvvələrinin peşəkar, cəsur və bacarıqlı hərbi qulluqçuları dayanırdı. Onlardan bir neçəsi general-mayor Namiq İslamzadə, polkovnik Zaur Nudirəliyev (ölümündən sonra), polkovnik Elnur Qebedov, polkovnik-leytenant Səfər Qurbanov, polkovnik-leytenant Ramiz Qasımov (ölümündən sonra), polkovnik-leytenant Rəşad Nadirov və mayor Rəşad Qasımlı “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov isə “Zəfər” ordeni ilə təltif edildi. Onlarla birlikdə minlərlə hərbi qulluqçu “Qarabağ”, “Rəşadət”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə şərəfləndirildi. Vətən müharibəsində qazanılan bu tarixi Zəfər Ulu öndər Heydər Əliyevin arzusunun gerçəkləşməsidir. Bu arzu isə Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Ali Baş Komandanın polad iradəsi, hücum diplomatiyası, sərkərdə məharəti və dəmir yumruğu sayəsində döyüş meydanlarında reallaşdı. Heydər Əliyev 50 il əvvəl Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradarkən Azərbaycanın gələcəyini düşünürdü. Onun arzusu belə idi: Azərbaycan oğulları həm quruda, həm dənizdə, həm də səmada dövlətimizin müstəqilliyini qorumağa qadir peşəkar hərbçilər olsun, güclü milli aviasiyamız olsun, cəsur şahinlərimiz olsun və onlar öz bacarıqlarını bütün dünyaya göstərsinlər. Ulu Öndər əmin idi ki, Azərbaycan gəncləri fiziki cəhətdən güclü, xaraktercə cəsur və hərbi sahədə istedadlıdır. Milli şahinlərimizin göylərdə süzüşünü izləyən Ümumilli lider Heydər Əliyevin 1997-ci il oktyabrın 15-dəki sevinci misilsiz idi. Gözləri qürur hissi ilə dolu Ulu Öndər Azərbaycanın səmasını qoruyacaq, müstəqilliyimizi müdafiə edəcək cəsur şahinlərin yetişdiyini görürdü. Bu cəsur şahinlər sırasında göylərə meydan oxuyan, düşmənə dağ çəkən, qəhrəmanlıq nümunəsi ilə tarixə düşəcək bir pilot olan Polkovnik Zaur İsmayıl oğlu Nudirəliyev də var idi. 1999-cu ildə qardaş Türkiyədəki hərbi təhsilini böyük uğurla başa vurduqdan sonra Zaur vətəninə qayıtdı. Hərbi Hava Qüvvələrindəki xidmət yoluna aviasiya eskadriliyası təyyarəçisi kimi başlayaraq qısa müddətdə baş təyyarəçi, eskadriliyanın qərargah rəisi və aviabaza komandirinin uçuş hazırlığı üzrə müavini vəzifələrinə yüksəldi. Sonda isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsində uçuş hazırlığı kafedrasının rəisinin müavini vəzifəsini tutaraq gələcək pilotların yetişməsinə rəhbərlik etdi. Polkovnik Zaur Nudirəliyev yalnız bir pilot deyildi, o həm lider, həm müəllim, həm də döyüş üsullarına yenilik gətirən yenilikçi hərbçi idi. Onun adı Hərbi Hava Qüvvələrinin şanlı tarixinə həkk olundu və göylərdə göstərdiyi qəhrəmanlıq, şücaət və peşəkarlıq gələcək nəsillərə ilham mənbəyi oldu. Vətən müharibəsinin ilk günlərində polkovnik Zaur Nudirəliyev sevimli “Su-25” təyyarəsinin sükanı arxasına keçdi. O, döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək düşmənin hərbi obyektlərini və mövqelərini darmadağın etdi. Cəbrayıl, Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uğurlu uçuşla Azərbaycan Ordusunun quruda üstünlük qazanmasını təmin etdi. Lakin oktyabrın 4-də 13-cü döyüş uçuşu zamanı düşmənin hava hücumundan müdafiə qüvvələri onun təyyarəsini vurdu. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev əsir düşməmək üçün təyyarəni düşmənin canlı qüvvələrinin olduğu səngərə çırparaq şəhid oldu. Onun bu fədakarlığı Azərbaycanın hərb tarixində unudulmaz qəhrəmanlıq nümunəsi kimi yazıldı. Zaur Nudirəliyev bir sıra yeni döyüş üsullarının müəllifi idi. O, ‘Su-25’ təyyarəsinin tam döyüş potensialını tətbiq edərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bomba atışını həyata keçirirdi. Bu üsullar NATO standartlarına uyğun idi və digər təyyarəçilərə də peşəkarlıqla öyrədildi. Bu gün Hərbi Hava Qüvvələrində onun davamçıları Azərbaycan səmasını etibarlı şəkildə qoruyur. Bu gün Azərbaycan səmasında şahinlərimiz Zaur kimi qəhrəmanların adını daşıyır. Onların ruhu göylərdə, ağ buludların üzərində, mələklərin qanadlarında ucalır. Lacın dağlarından, Kəlbəcərin zirvələrindən, Murovun əzəmətli hündürlüklərindən sanki bir nida eşidilir: “Qarabağ azaddır, zəfər sizin adınızla bağlıdır, qəhrəman Zaur!” Onun ruhu bu torpağın hər qarışı ilə birgə əbədiyyətə qovuşur, Azərbaycanın qəhrəmanlıq dastanında daim yaşayır. Zaur Nudirəliyev yalnız tarixdə deyil, hər bir azərbaycanlının qəlbində, səmanın ucalığında, hər bir ucalan dalğada və hər bir qalxan bayraqda əbədiləşmişdir. Onun adı, qəhrəmanlığı və mərdliyi gələcək nəsillərə örnək olaraq daim parlayacaq. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqlar göstərdiyi, öz igidliyi, mübarizliyi, rəşadət və cəsarəti ilə erməni faşizminə ölümcül zərbələr vurduğu şübhəsizdir. Məhz bütün bu qəhrəmanlıqların nəticəsidir ki, dünya gücləri tərəfindən açıq şəkildə dəstəklənən, əsrlər uzunudur ki, mübarizəyə hazırlaşan Ermənistan işağlçılıq müharibəsini sona qədər davam etdirə bilməmiş, 1994-cü ildə Azərbaycanın atəşkəs təklifini dəstəkləməyə məcbur olmuşdur. Birinci Qarabağ müharibəsində öz bənzərsiz igidliyi ilə adını tarixə yazdıran, ölümü ilə əfsanələşən belə qəhrəmanlardan biri də Soltanov Kazım Hacı oğlu olmuşdur. Sadə həyatdan ölümsüzlüyə uzanan yol... Kazım Soltanov 10 iyun 1949-cu ildə Kürdəmirdə anadan olub. Bundan bir il sonra, yəni 1950-ci ildə Kazım Soltanovun ailəsi Bakının Bülbülə qəsəbəsində məskunlaşıb. Əmircandakı 226 saylı məktəbin ilk məzunlarından olan Kazım, Suraxanıdakı 7 saylı peşə məktəbini bitirib. Bundan sonra Dzerjinski adına zavodda əmək fəaliyyətinə başlayıb. Zavodda çalışdığı dönəmdə həm də öz təhsilini davam etdirməyə qərar verən Kazım, Bakı Maşınqayırma Texnikumuna daxil olur və bu təhsil müəssisisəni müvəffəqiyyətlə bitirir. Bundan sonra Kazım Soltanov sex həmkarlar təşkilatının katibi kimi əmək fəaliyyətini davam etdirir, öz çalışqanlığı, əməksevərliyi ilə rəhbərliyin diqqətini cəlb edir. Kazım Soltanov peşəkarlığı və zəngin təcrübəsi ilə böyük perspektiv vəd etsə də, o, ötən əsrin 90-cı illərinin əvvəllərində alovlanan Birinci Qarabağ müharibəsinə biganə qala bilmir. Vətənin müdafiə və təhlükəsizliyini şəxsi kariyerasından üstün tutan Kazım Soltanov, könüllü şəkildə orduya qatılmağa qərar verir. Bununla da onun həyatında barıt qoxulu yeni bir dönəm başlayır. Hansı ki, bu dönəm Kazım Soltanovu ölümsüzlüyə qovuşdurur, onun sadə həyatına qəhrəmanlıq möhürü vurur. Atadan oğula miras qalan qəhrəmanlıq ənənəsi... 1991-ci ildə könüllü şəkildə Azərbaycan Milli Ordusuna qoşulan Kazım Soltanov bununla da İkinci Dünya müharibəsi veteranı olan atasının yolunu davam etdirmiş olur. 1991-ci ildə Şuşa, Umudlu, Kosalar və Qarabağın bir çox bölgəsində aktiv hərbi əməliyyatlarda yaxından iştirak edən Kazım Soltanov, öz ağlı, təcrübəsi, cəsarəti ilə burada da döyüşçü yoldaşlarının sevimlisinə çevrilir. Ona hörmət və ehtiram əlaməti olaraq “Qoca” ləqəbi verilir. Kazım Soltanov ağır müdafiə döyüşləri ilə yanaşı, həm də hücum əməliyyatlarında iştirak edir, vətən torpağının erməni işğalından müdafiəsi üçün əlindən gələni əsirgəmir. 1992-ci ilin 25 yanvar tarixində başlayan və 26 yanvar axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Kazım Soltanovun döyüş yolunda sonuncu hərbi əməliyyat olur. Şəhidliklə nəticələnən xilas əməliyyatı... Kəndin erməni işğalından azad edilməsi üçün hazırlanan “Daşaltı əməliyyatı” Qarabağın tacı sayılan, öz strateji əhəmiyyəti və qeyri-adi relyefi ilə fərqlənən Şuşa şəhərinin etibarlı müdafiəsi baxımından da olduqca əhəmiyyətli idi. Buna görə də Azərbaycan Ordusunun komandanlığı bu əməliyyata xüsusi önəm verir, kəndin azad edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırdı. Kəndin azad edilməsində Azərbaycan Ordusunun könüllülərdən ibarət üç bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. “Daşaltı əməliyyatı” xəyanət nəticəsində uğursuzluqla nəticələnsə də, Azərbaycan Ordusu bu döyüşdə düşmənin 80-dən çox hərbçisini, eləcə də bir neçə ağır texnikasını məhv etməyi bacardı. Əməliyyat zamanı Azərbaycan Ordusunun 90 nəfərdən artıq hərbçisi şəhid oldu, 72 əsgər və zabit isə itkin düşdü. “Daşaltı əməliyyatı” Kazım Soltanov üçün də son əməliyyat oldu. Döyüşün gedişində ağır şəkildə yaralanan Kazım Soltanov onu xilas etmək üçün gələn döyüş yoldaşlarının köməyindən imtina etdi. Onun belə bir qərar verməsinin səbəbi isə kifayət qədər sadə idi. Kazım Soltanov yaxşı başa düşürdü ki, əsgər yoldaşlarının qarlı havada, mərmi yağışı altında onu xilas cəhdi döyüş yoldaşlarının özlərinin həlak olması ilə nəticələnə bilər. Məhz buna görə də yoldaşlarının yardım təklifindən imtina edən Kazım, düşmən əlinə sağ keçməmək, eləcə də son nəfəsdə belə bir neçə düşmən əsgərinin həyatına son qoymaq üçün olduqca cəsarətli qərara imza atır. Kazım Soltanov düşmənlər yaxınlaşan zaman əlindəki qumbaranı partladaraq əbədiyyətə qovuşur. Partlayış nəticəsində Kazım Soltanov şəhidlik zirvəsinə yüksəlir, bir neçə düşmən əsgəri isə məhv olur. Ölümü ilə də düşmənləri dəhşətə gətirən məzarsız şəhid İntiharı ilə də düşmənlərə ölüm bəxş edən Kazım Soltanovun son addımı erməni faşistlərini dəhşətə gətirir. Düşmən Kazım Soltanovun timsalında bir daha Azərbaycan əsgərinin yenilməz, məğlubedilməz olduğuna şahid olur. Bu ay Kazım Soltanovun şəhadətinin 34-cü ili tamam olur. 34 ildir ki, şəhid olmasına baxmayaraq, Kazım Soltanovun məzarı yoxdur. Partlatdığı qumbara ilə sadəcə bədənini deyil, qanını və ruhunu da bu torpağa qarışdıran, məzarı Azərbaycan olan Kazım Soltanovla bağlı ən ağrılı məqam isə onun hələ də heç bir fəxri adla təltif edilməməsidir. Ümid edirik ki, Kazım Soltanovla bağlı bu məqam əlaqədar qurumlar tərəfindən araşdırılacaq və məzarsız şəhidimizin qəhrəmanlığı lazımi səviyyədə qiymətləndiriləcək. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2026-cı il tarixində Sabunçu rayonunda tədbir keçiriblər. 20 Yanvar faciəsinin 36 –cı ildönümunə həsr edilmiş tədbir Bakı şəhəri Sabunçu rayonu şəhid Rasim Quliyev adına 107 saylı tam orta ümum təhsil məktəbində baş tutub. ”Müstəqilliyə gedən yol” adlı tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, müavini Adil Məmmədov, məktəbin direktoru Kəmalə Məmmədova, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbidə çıxış edən Adil Haqverdiyevə verildi öncə Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. 20 Yanvar faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, bu hadisə xalqımızın tarixində həm qanlı bir gün, həm də qürur duyulacaq tarixi gündür.Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Nəbi Hacıyev və Adil Məmmədov da çıxışlarında 20 Yanvar faciəsini doğuran səbəblər və bu faciənin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirin sonunda şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş şerlər səsləndiriblər. Məktəbin direktoru Kəmalə Məmmədova qonaqlara təşəkkürünü bildirib, vətənpərvərlik mövzusunda davamlı şəkildə tədbirlər keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 15 yanvar 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda yerləşən şəhid Rövşən Nəsirov adına 111 saylı tam orta ümumtəhsil məktəbində baş tutub. 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 20 Yanvar faciəsi ilə bağlı maraqlı faktlara toxunub. O, qeyd edib ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də şərəfli bir səhifədir. Adil Haqverdiyev 20 Yanvar faciəsinin canlı şahidi kimi gördüyü dəhşətli hadisələr haqqında da tədbir iştirakçılarına məlumat verib. Daha sonra Nəbi Hacıyev və Validə Vəliyeva çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.
Hamısını oxuCəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi, müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hamısını oxu19 yanvar 2026-cı il tarixində Qobu qəsəbə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımızın, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Tədbirin əsas hissəsində 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi, siyasi və mənəvi mahiyyətindən bəhs edən məruzə ilə çıxış olunub. Bildirilib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirib. Sonra faciənin ağrısını və şəhidlərin qəhrəmanlığını əks etdirən xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeiri səsləndirilib. Çıxışlar zamanı əslən Qobu qəsəbəsindən olan 20 Yanvar şəhidi Xəlqan Yusif oğlu Əliyevin həyat və qəhrəmanlıq yolundan bəhs edilib. Qobu qəsəbəsinin Ağsaqqallar Şurasının üzvü, yazıçı-jurnalist Məmmədağa Ağarzaoğlunun “Candan Əziz” kitabında şəhid Xəlqan Əliyev və onun həyatı haqqında ətraflı məlumatın əks olunduğu vurğulanıb. Tədbir zamanı Qanlı Yanvar hadisələrinin canlı şahidi və kitabın müəllifi olaraq Məmmədağa müəllimə söz verilib. O, çıxışında 20 Yanvar gecəsinin dəhşətli anlarını, xalqın göstərdiyi birlik və cəsarəti, şəhidlərimizin fədakarlığını, Tərlan və Xəlqan qardaşlarının qəhrəmanlıq tarixini iştirakçıların diqqətinə çatdırıb. Tədbirin davamında Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Ramiz Məmmədov çıxış edərək, şahidi olduğu tarixi faktlar, həmin dövrün ictimai-siyasi vəziyyəti və xalqın yaşadığı ağrılı günlər haqqında xatirələrini bölüşüb. Sonda tədbir iştirakçıları üçün “Şəhidlərimizi Qürurla Anırıq” adlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidə 20 Yanvar şəhidlərinin xatirəsini əks etdirən nəşrlər, fotolar və materiallar nümayiş olunub.
Hamısını oxu
İlham Əliyevin səyi, Dövlət Komissiyasının fədakarlığı sayəsində həllinə qovuşan itkin problemi... Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızın itkin düşdüyü, onların böyük əksəriyyətinin taleyinin bugünə qədər də naməlum olduğu yaxın tariximizin acı reallıqlarından biridir. Uzun illərdir ki, həlli mümkünsüz olan bu problem Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri ilə tədricən həll olunmaqda, mərhələli şəkildə ortadan qaldırlmaqdadır. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri sayəsində mümkün olub. Qələbədən sonra məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün sistemli fəaliyyətə start verən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya bu sahədə böyük uğurlara imza atdı. Hər şeydən öncə ölkəmizdə itkin problemi ilə bağlı mütəmadi beynəlxalq konfranslar təşkil edildi ki, bu da dünya dövlətlərinin diqqətinin məlum problemə cəlb edilməsində, bu problemin həlli üçün beynəlxalq səylərin birləşdirilməsində mühüm rol oynadı. Bu baxımdan 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans müstəsna əhəmiyyətə malikdir. Bu konfrans Azərbaycanın itkin problemi və onun həllinə necə böyük önəm verdiyini bir daha ortaya qoydu. Xatırladaq ki, sözügedən konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin qayğısı sayəsində itkin probleminin həlli istiqamətində atılan addımlara diqqət çəkdi, konkret rəqəmlərə, dəqiq statistik məlumatlara diqqət çəkdi. Hazırda Dövlət Komissiyasında 3990 nəfər şəxsin itkin kimi qeydiyyata alındığını bildirən Dövlət Komissiyasının sədri, işğaldan azad olunmuş ərzilərdə 29 kütləvi məzarlıq aşkar edildiyini, həmin məzarlıqlarda tapıan 218 nəfərə aid meyit qalığının ekshumasiya edildiyini vurğuladı. Əli Nağıyev qeyd etdi ki, aparılan araşdırmalar nəticəsində itkin kimi qeydiyyatda olan 187 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bir faktı da qeyd edək ki, itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində görülən işlər sadəcə bu sahədəki statistik göstəricilərin yaxşılaşmasına, problemin praktiki həllinin sürətlənməsi demək deyil. Bu, eyni zamanda bütöv bir ailənin, bütöv bir nəslin, bütöv bir elin uzun illərdir davam edən nigaranlığının ortadan qaldırılması, onlarla, yüzlrlə insanın mənəvi rahatlığa qovuşması deməkdir. Bu mənada əminliklə demək olar ki, Dövlət Komissiyasının fəaliyyəti itkinlərimizin taleyinə aydınlıq gətirməklə yanaşı, onların doğmalarına da ruhi dinclik bəxş edir. Hansı ki, bu fəaliyyət dövlətimiz tərəfindən Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm kimi dəyərləndirilə bilər. İtkinlərimizin hər birinin müqəddaratına aydınlıq gətirmək üçün dövlətimizin gördüyü işlər davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə daha onlarla, yüzlərlə itkinimizin aqibəti bəlli olacaq, onların nəşi doğmalarına təhvil veriləcək. Və bu zaman sadəcə həyatını itirən itkinlərimiz deyil, həm də onların bütün yaxınları mənəvi rahatlığa qovuşacaq, onların içindəki sonsuz intizar qismən də olsa ortadan qalxacaq və daim yollara baxan gözlər qeyri-müəyyənliyə deyil, konkret bir məzara dikiləcək. Vətənin bütövlüyü, azadlığı və şərəfi üçün həyatını qurban verən qəhrəmanların məzarına... Seymur ƏLİYEV
Hamısını oxu
Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb. Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV
Hamısını oxu“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyev bu faciəni yüksək tribunalardan dilə gətirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini ifşa edib: “Məlum olduğu kimi, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı törədilən bu dəhşətli cinayəti gizli saxlamağa çalışır, xalqımızın milli-azadlıq hərəkatını qan gölündə boğmağa cəhd edirdi. Buna görə də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın ictimaiyyiləşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə çalışırdı. Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə üzvlərinin təhlkəsizliyini riskə ataraq 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir gün sonra – 21 yanvar 1990-cı ildə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edən Heydər Əliyev, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa, humanizmə, insanlığa zidd olduğunu bildirdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev, 20 Yanvar hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın 29-da Heydər Əliyevin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hquqi qiymət verdi. Parlamentin qərarında açıq şəkildə qeyd edildi ki, 20Yanvar hadisələri Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq, öz taleyini həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək üçün törədilib. 20 Yanvar faciəsinin üzərindən 36 il ötsə də, xalqımız bu gün də sovet tanklarına yalın əllə meydan oxuyan qəhrəmanlarını ehtiramla anmaqda, onlarla qürur duymaqdadır. Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20 Yanvar şəhidləri xalqımız tərəfindən sevgi və qürur hissi ilə xatırlanmaqda davam edəcək, onların qəhrəmanlığı gənclərimiz üçün sonsuza qədər ilham mənbəyi olaraq qalacaq”. Seymur ƏLİYEV
Hamısını oxuBu gün 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Şəhidlər Xiyabanını, “Əbədi məşəl” və “20 Yanvar” abidələrini ziyarət edib, şəhid məzarları və kompleks önünə gül dəstələri qoyublar. Veteranlar və məktəblilər qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 36 il bundan öncə sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətin əsla unudulmayacağını, həmin faciə zamanı yalın əllə tankların üzərinə yeriyən soydaşlarımızın qəhrəmanlığının daim ehtiramla yad ediləcəyini bildirib. Polkovnik qeyd edib ki, məhz 20 yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatının alovlanmasında, eləcə də sovet imperiyasının beynəlxalq miqyasda ifşasında mühüm rol oynadı Ziyarət əsnasında respublikamızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi yad edilib.
Hamısını oxu