Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubiley münasibətilə təbrik edib
Polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubiley münasibətilə təbrik edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 ilik yubiley münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli İlqar müəllim, Sizi və rəhbərlik etdiyiniz kollektivi “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Respublikamızın  aparıcı informasiya agentliyi olmaqla bərabər Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada  geniş oxucu kütləsini əhatə edir.   Azərbaycanın azad və demokratik media məkanında xüsusi yeri olan “Trend” öz dəqiqliyi, qərəzsiz informasiya mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini tutur. Azad media məkanında çoxsaylı informasiya agentlikləri və portalları içində seçilmək və nüfuz qazanmaq çətin fəaliyyətin nəticəsidir.   “Trend” Beynəlxalq İnformasiya Agentliyinin əhatə dairəsi yalnız ölkə ərazisi ilə məhdudlaşmır. Agentliyin əməkdaşları Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində fəaliyyət göstərir, müxtəlif ictimai-siyasi, mədəni, idman sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən məqalələri, araşdırmaları ilə də çoxsaylı oxucuların qonağı olur. Hər bir informasiya agentliyi kimi, “Trend” də etibarlılıq prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları qarşısında yüksək imicə sahib olmağı bacarıb. Hörmətli İlqar müəllim, Respublika Veteranlar Təşkilatı adından bir daha Sizi təbrik edir, Sizə cansağlığı,  gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Hamısını oxu
Bir ömürlük xidmət: İmran Əbilovun işıqlı yolu
Bir ömürlük xidmət: İmran Əbilovun işıqlı yolu

Cəmiyyətdə elə şəxsiyyətlər var ki, onlar ömrünü xalqa və Vətənə həsr etsələr də, bu barədə danışmağı, öndə olmağı heç zaman sevmirlər. Onların təvazökarlığına baxmayaraq, gördükləri işlər, topluma verdikləri töhfələr, eləcə də müxtəlif sahələrin xüsusilə elmin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafındakı rolları gənc nəsillərə örnək olmalıdır. Bu səbəbdən də kənd təsərrüfatı sahəsində böyük iz qoymuş ziyalılardan biri  İmran Rəşid oğlu Əbilovun həyat yoluna nəzər salmaq yerinə düşər. İmran Rəşid oğlu Əbilov  kənd təsərrüfatı sahəsində dərin iz qoymuş, xalqına və torpağına sədaqətlə xidmət etmiş ziyalı və ictimai xadimdir. 23 oktyabr 1935-ci ildə Masallı rayonunun səfalı Mahmudavar kəndində dünyaya göz açan İmran Əbilov zəhmət və maarif yolu ilə addımlayan ziyalı, ictimai xadim, dəyərli kənd təcərrüfatı mütəxəssisidir. İlk təhsilini kənd məktəbində alan gənc İmran, 1954-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirərək, Boradigah kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Təhsil və zəhmətə sevgisi onu daha böyük hədəflərə aparıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə və fərqlənmə diplomu ilə başa vurub. Ali təhsildən sonra doğma yurda dönən İmran müəllim, Həsənli kəndində yerləşən “Şən həyat” kolxozunda baş zootexnik kimi çalışaraq kənd təsərrüfatının inkişafına töhfə verib. Onun təşkilatçılıq bacarığı və idarəçilik qabiliyyəti 1959-1962-ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı, daha sonra isə Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində çalışarkən özünü göstərib. 1962-ci ilin martından Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində təşkilatçı kimi fəaliyyətini davam etdirən İmran Əbilov, 1963-1969-cu illərdə Masallı Rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışaraq bölgənin aqrar potensialının yüksəldilməsində mühüm rol oynayıb. 1969-1991-ci illər onun dövlət səviyyəsində fəaliyyətinin zirvəsi olub. Bu dövrdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, daha sonra isə Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini kimi məsuliyyətli vəzifələrdə çalışıb. 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra edib. 1997-ci ildən etibarən Nazirlər Kabinetinin Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi dövlət qulluğunda fəaliyyətini davam etdirən İmran Əbilov, 2011-ci ildən etibarən dövlət qulluğu təqaüdçüsüdür. Onun həyat yolu - maarifə, zəhmətə və dövlətə sədaqətlə xidmət edən nümunəvi bir ömrün təcəssümüdür. İmran Əbilovun zəngin və mənalı fəaliyyət yolunun önəmli səhifələrindən biri də onun beynəlxalq və ittifaq miqyaslı tədbirlərdə Azərbaycanın layiqli təmsilçisi kimi çıxış etməsidir. Onun rəhbərlik etdiyi nümayəndə heyətləri təkcə ölkəmizin deyil, bütövlükdə SSRİ-nin kənd təsərrüfatı sahəsindəki mövqeyini ifadə edirdi. 1970-ci ildə Gürcüstanda keçirilən Kolxozçular qurultayına Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qatılan İmran müəllim, 1978-ci ildə Hindistanda təşkil olunan Beynəlxalq Camışçılıq Simpoziumunda artıq Sovet nümayəndə heyətinə rəhbərlik edirdi.  1979-cu ildə İsveçdə ölkəmizə həsr olunmuş ongünlük mədəni və iqtisadi tədbirlərdə iştirak etməsi, 1985-ci ildə isə Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində Sovetlər İttifaqını təmsil edən yeganə nümayəndə kimi çıxış etməsi onun beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini sübut edirdi. 1989-cu ildə Bolqarıstanda keçirilən Beynəlxalq Federasiyanın Avropa Komissiyasının müşavirəsində, eləcə də SSRİ daxilində Penza, Səmərqənd, Belqorod və Qrenburqda təşkil olunan müxtəlif elmi-praktik tədbirlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən İmran Əbilov, iştirak etdiyi hər görüşdən sonra əldə etdiyi yeni bilik və təcrübələri respublikanın bölgələrində tətbiq etməklə kənd təsərrüfatının inkişafına real töhfələr verirdi.  Bu səfərlər təkcə statistik göstəricilər deyil, eyni zamanda, bir alimin, bir peşəkarın və bir vətənpərvərin milli maraqlar uğrunda göstərdiyi ardıcıl səylərin təcəssümüdür. Bədii yaradıcılığı isə həyatın mənəvi qatlarına işıq salır. “Bir ömrün salnaməsi”, “Vətənə vurğun ömürdən səhifələr”, “Deyilən söz yadigardır” və “Xatirələrdə yaşayan insan” kimi kitablarında müəllif keçdiyi mənalı ömür yolunu, zamanın axarında tanıdığı insanları, ölkənin ictimai-siyasi həyatında şahid olduğu hadisələri oxucularla bölüşür. Bu əsərlərin əhəmiyyəti təkcə xatirə janrında deyil, həm də tarixi sənəd və vətənpərvərlik ruhu daşıyan bədii publisistik mənbə kimi dəyərlidir.  Qeyd etmək yerinə düşər ki, “Bir ömrün salnaməsi” və “Vətənə vurğun ömürdən səhifələr” adlı kitablarında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərinə dəfələrlə yer verilməsi, müəllifin dövlətə və onun rəhbərlərinə olan dərin hörmətinin və sarsılmaz inamının parlaq ifadəsidir. İmran Əbilovun zəngin elmi və ədəbi irsi onun çoxşaxəli dünyagörüşünün və vətənə bağlı ziyalı mövqeyinin təcəssümüdür. Onun qələmindən çıxan əsərlər yalnız ixtisas sahəsində deyil, həm də milli ruhun, vətəndaşlıq mövqeyinin güclü ifadəsidir. Elmi yaradıcılığı əsasən kənd təsərrüfatı və heyvandarlıq sahəsinə həsr olunub. O, Azərbaycanın təbii-iqlim şəraitinə uyğun damazlıq heyvanların yetişdirilməsi, saxlanılması və bəslənməsi ilə bağlı elmi əsaslara söykənən tövsiyələr hazırlamış, bu sahədə onlarla kitab və məqalə qələmə almışdır. 1975-ci ildə yazdığı “Azərbaycana gətirilən cins malların iqlimə uyğunlaşdırılması” və “Buzovların bəslənməsi” kimi əsərləri bu sahədə çalışan mütəxəssislər üçün faydalı vəsaitlər olmuşdur. 1985-cı ildə nəşr etdirdiyi “Nauçno-obosnovannaya sistema vedeniya jivotnovodstva” adlı fundamental elmi əsər isə Azərbaycanın elmi heyvandarlıq strategiyasının əsas bünövrələrindən biri sayılır. Onun müəllifi olduğu “Azərbaycanda qoyunçuluq”, “Azərbaycanda camışçılıq”, “Damazlıq heyvanların biologiyası və yetişdirilməsi” kimi dərslik və elmi vəsaitlər bu gün də gənc mütəxəssislərin stolüstü kitabıdır. Eyni zamanda, xarici alimlərin əsərlərinə verdiyi elmi rəylər də onun beynəlxalq elmi aləmdə qəbul edilən bir tədqiqatçı olduğunu göstərir. İmran Əbilov yalnız kənd təsərrüfatının tanınmış mütəxəssisi kimi deyil, eyni zamanda ziyalılarla, elm və mədəniyyət adamları ilə qurduğu dərin mənəvi əlaqələrlə də fərqlənmiş bir şəxsiyyətdir. O, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslərlə dostluq etmiş, fikir və düşüncə mübadilələri aparmışdır. Hələ Lənkəran Pedaqoji Texnikumunda oxuduğu gənclik illərində sevimli şairimiz Səməd Vurğunla məktublaşması, bu məktubların Azərbaycan Ədəbiyyat və İncəsənət Muzeyində qorunub saxlanılması onun ədəbiyyata, sənətə duyduğu ehtiramın göstəricisidir. Ədib Mehdi Hüseyn, şairlər Rəsul Rza və Bəxtiyar Vahabzadə, dramaturq İlyas Əfəndiyev, qəzəlxan Əliağa Bəkir, jurnalist və icmalçı Oruc Qoşqarlı, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı, Xalq artistləri Lütvəli Abdullayev, Canəli Əkbərov, Habil Əliyev, Sabir Mirzəyev, eləcə də qudası, böyük xanəndə Arif Babayev onun dostluq dairəsində olmuşlar. Şair Nəbi Xəzri, yazıçı Cəmil Əlibəyov, jurnalistlər Ağababa Rzayev, Rəfail Nağıyev, Əli İldırımoğlu ilə yaxın münasibətlər saxlamışdır. Bu dostluq çevrəsi təkcə ölkə daxilində məhdudlaşmamış, beynəlxalq səviyyəyə də yüksəlmişdir. Braziliyanın keçmiş kənd təsərrüfatı naziri Antonio Kabrera, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti X. Xinkovski, professor Alekso Alekseyev, SSRİ Kənd Təsərrüfatı Nazirinin müavini S. Kuznetsov kimi nüfuzlu şəxslərlə də tanışlıq və əməkdaşlıq onun elmi və ictimai nüfuzunu daha da möhkəmləndirmişdir. Bu görüşlər və dostluqlar barədə İmran Əbilovun müxtəlif kitablarında geniş şəkildə bəhs olunmuşdur. 1989-1991-ci illər… Azərbaycanın tarixinə ağır, eyni zamanda həmrəylik və fədakarlıq nümunələri ilə yazılan illər… Məhz belə bir dönəmdə İmran Əbilov Respublika Dövlət Aqrar Sənaye Komitəsi sədrinin göstərişi ilə işğal və təcavüzə məruz qalmış bir sıra bölgələrə - keçmiş Dağlıq Qarabağa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam rayonlarına göndərilmişdi. Bu səfərlər sadəcə xidməti tapşırıq deyildi. Vətənə, yurda, köməksiz insanlara səssiz bir sədaqətin ifadəsi idi. İmran Əbilov o bölgələrdə təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, həm də millətin ağrısını duyan bir ziyalı kimi çıxış etmiş, erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dayaq olmuş, onların yerləşdirilməsi, ehtiyaclarının qarşılanması istiqamətində əhəmiyyətli işlər görmüşdür. O günlərin ağrılı xatirələri, şahidi olduğu səhnələr, insanların çəkdiyi əzablar İmran Əbilovun “Vətənə vurğun” və “Ömürdən səhifələr” adlı kitablarında təsirli və real boyalarla qələmə alınmış, oxuculara bir tarix dərsi kimi təqdim olunmuşdur. Bu səhifələr təkcə bir ömrün deyil, bütöv bir xalqın yaddaşını daşıyan sətirlərdir. 1990-cı ilin iyun ayında ölkəni quraqlıq bürüdü, qaba yem ehtiyatları kəskin azaldı və bu, hər kəsi dərin narahatlığa sürüklədi. Respublika hökuməti Krasnodar bölgəsindən Azərbaycana 100 min ton qaba və qüvvətli yem gətirilməsi qərarını verdi. Lakin bu iş təkcə yemlərin alınması ilə bitmirdi, rayondakı nümayəndələr Krasnodarda öz təsərrüfatlarında yemi toplamalı, presləməli, sonra isə maşınlarla dəmir yolu stansiyalarına çatdırmalı və vaqonlarla ölkəyə göndərməli idilər.  Bu, ağır və mürəkkəb iş idi, üstəlik Krasnodarda yaşayan erməni əhalisi məqsədyönlü şəkildə bu işin həyata keçməsinə mane olur, işçilərə qarşı təzyiqlər göstərirdi. Bu məsuliyyətli iş nazir müavini İmran Əbilova tapşırıldı. O, böyük məharətlə Krasnodarda vəziyyətə nəzarət etdi və cəmi bir ay ərzində respublikaya 110.0 min ton qaba və qüvvətli yem daşıyıb gətirdilər. İ.Əbilovun kənd təsərrüfatının inkişafında rolu saymaqla bitməz. Silajın - yəni mal-qaranın qida ehtiyatlarını qorumaq üçün torpağa basdırılan yemlərin-Azərbaycanda ilk dəfə tətbiqi, damazlıq işinin sənaye prinsiplərinə uyğun qurulması, mədəni otlaqların yaradılması, qoyunların yaylaq çatışmazlığı səbəbindən stasionar şəraitdə saxlanılması, gətirilən cins malların iqlimə uyğunlaşdırılması kimi uğurlar onun adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilirdi. O dövrdə bir inəkdən süd sağımı keçmiş SSRİ-də aşağı sayılan 650 kq-dan 2200 kq-a qədər yüksəldi və mal-qara cins tərkibi 96 faizə çataraq nadir göstəricilərdən biri oldu. İmran Əbilovun fəaliyyəti sayəsində Azərbaycana 300 min cins düyələr, 1 milyondan çox cins qoyun gətirildi və bu, ölkə rayonlarında heyvandarlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb oldu. Heyvandarlıq sənaye əsaslarına keçərək, 200-ə yaxın iri heyvandarlıq kompleksi və quşçuluq fabrikləri inşa edildi.  Xarici ölkələrdən gətirilən müxtəlif cinsli mallar da ölkəmizin heyvandarlıq potensialını artırdı: Bolqarıstandan 1200 baş “Mürrah” camışı, Türkmənistandan 400 baş dəvə, Kubadan 200 baş zebu cinsli heyvanlar və digər ətlik cinsli mallar ölkə təsərrüfatlarında yetişdirildi.  Hər il Azərbaycana Sovet hökuməti tərəfindən ayrılan 1 milyon ton qüvvətli qarışıq yemə əlavə olaraq, İmran Əbilovun səfərləri sayəsində əlavə 200-300 min ton yem də təmin edilirdi ki, bu da heyvandarlığın inkişafında əvəzsiz rol oynadı. İmran Əbilovun zəhmət və xidmətləri həm yerli, həm də ölkə səviyyəsində daim yüksək qiymətləndirilmişdir. Onun 60 ilə yaxın davam edən fəaliyyət dövründə rəhbərlik tərəfindən göstərilən etimad və hörmət hər zaman bariz şəkildə özünü göstərmişdir. Masallıda işlədiyi illərdə xalq arasında dərin ehtiram qazanmış, bu gün də yaşlı nəsillə sıx əlaqələrini qoruyub saxlamışdır. 1965-ci ildə Masallıda “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, nazir müavini olduğu dövrdə isə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, yubiley medalları, eləcə də Xalq Təsərrüfatı Sərgisinin medalları və diplomları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı və “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı onun fəaliyyətinə verilən  yüksək qiymətdir. Bundan başqa, İmran Əbilov keçmiş SSRİ-də Ümumdünya Buffalo Federasiyasının Daimi Komitəsinin yeganə üzvü kimi seçilmiş və Federasiyanın Qızıl medalı ilə təltif olunmuşdur. O, həmçinin keçmiş SSRİ Damazlıq Şurasının fəal üzvü və Zebuçuluq üzrə həmin Şuranın həmsədriseçilmişdir. Bu yüksək rütbələr onun peşəkarlığını və ölkənin kənd təsərrüfatı sahəsindəki nüfuzunu göstərir. 2011-ci ildə dövlət qulluğundan təqaüdə çıxdıqdan sonra belə, İmran Əbilov ictimai fəaliyyətini davam etdirərək, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətində (2013-2020) aktiv üzv olmuş, hazırda isə Respublika Əmək, Müharibə və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətində təmsil olunur. Respublika Nazirlər Kabinetində çalışdığı illərdə, xüsusən 2005 və 2010-cu illərdə, onun əməyinə rəhbərlik tərəfindən yüksək qiymət verilib, təşəkkürnamələr və pul mükafatları ilə təltif olunmuşdur. Masallı rayonunda isə uzun müddət Ağsaqqallarla sıx əməkdaşlıq etdiyinə görə 2023-cü ildə rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə şərəfləndirilmişdir. O, həmçinin Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley medalı ilə təltif olunub. Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsində, vətənpərvərlik duyğusunun gücləndirilməsində və ordu ilə xalq arasında mənəvi birliyin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə qiymətləndirilib. Veteranlar hərəkatının inkişafında göstərdiyi töhfələrə görə həmçinin Beynəlxalq Veteranlar İttifaqının Fəxri Fərmanları ilə də təltif edilmişdir. İmran Əbilov həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin seçki kampaniyalarında aktiv şəkildə iştirak edərək, zəruri təbliğat işlərini uğurla həyata keçirmişdir. Bu gün də o Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətin mətbuatda işıqlandırılması üçün səylə çalışır. Birinci Qarabağ müharibəsinin qazisi olaraq, Vətənə bağlılığı və torpağa sədaqəti ilə daim seçilmişdir. O, 44 günlük Vətən müharibəsi zamanı da bu mövqeyindən geri çəkilməmiş, xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında fəal iştirak etmişdir. İmran Əbilovovun keçdiyi həyat yolu, mübarizə təcrübəsi və milli dəyərlərə bağlılığı bu işdə əsas örnək rolunu oynamışdır. İmran müəllim bu mühüm missiyanı bu gün də davam etdirir, gənc nəslə vətən sevgisi, milli ruh və dövlətə sədaqət hisslərinin aşılanmasında yorulmadan çalışır.  İ.Əbilov özünü Ulu Öndər Heydər Əliyev məktəbinin yetişdirdiyi dəyərli şəxsiyyət hesab edir və bundan qürur duyur. O, dövlətçiliyə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə sarsılmaz sədaqətini daim əməlləri ilə təsdiqləmiş, bu yolda bundan sonra da yorulmadan çalışmaqda qərarlıdır. İmran Əbilov özünü Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi hesab edir və bu mənəvi bağlılıqla hər zaman fəxrlə yaşayır. Onun həyat fəlsəfəsinin, fəaliyyət yolunun və dövlətə xidmət prinsipinin formalaşmasında dahi rəhbərin ideyaları mühüm rol oynayıb. İ.Əbilov bu məktəbdən aldığı tərbiyə və dövlətçilik ənənələrini yalnız özü yaşatmaqla kifayətlənməyib, eyni zamanda onu gənc nəslə aşılamaq üçün daim çalışıb. O, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafı istiqamətində aparılan islahatlara sonsuz inam və sədaqətlə yanaşır. Bunu o, təkcə sözlə deyil, illərlə gördüyü ictimai və peşəkar fəaliyyəti ilə dəfələrlə sübuta yetirib. İ.Əbilov dövlətçiliyin keşiyində durmağı bir vətəndaşlıq borcu kimi qəbul edir və bu amal uğrunda bundan sonra da əzmlə çalışacağını qətiyyətlə bildirir. Onun bu mövqeyi həm öz nəsli, həm də gələcək nəsillər üçün nümunəvi və vətənpərvərliklə yoğrulmuş bir örnəkdir. Şəmsiyyə Əliqızı, “İki sahil”  

Hamısını oxu
“DTX-nın keçirdiyi bu görüşlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır”
“DTX-nın keçirdiyi bu görüşlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır”

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən, bu tarixi qələbənin hərbi-siyasi, iqtisadi-mənəvi əhəmiyyətindən danışılıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  Ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsinin mühüm önəm kəsb etdiyini vurğulayıb:: “Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi həm qazilərimizə hörmət və ehtiram göstəricisi, həm də vətənpərvərlik tərbiyəsinin təbliği baxımından böyük əhəmiyyətə malikdir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Bu, dövlət başçısının şəhdilərimizə, qazilərimizə verdiyi yüksək qiyməti, sonsuz ehtiram və məhəbbəti göstərir. Bu baxımdan, şəhid ailələrinə, eləcə də müharibə iştirakçılarına daim qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur. DTX-nın “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə belə bir görüşün keçirilməsi hər şeydən öncə mənəvi baxımdan böyük önəm kəsb edir. Bu, dövlətimizin bir an belə olsun qazilərimizi diqqətdən kənarda qoymadığını, onların qəhrəmanlığının, tarixi xidmətlərinin təbliğinə xüsusi önəm verdiyi göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, Azərbayacan xalqı öz qəhrəmanlarını unutmur və onlarla ünsiyyətə mənəvi ehtiyac hiss edir. Mən belə bir görüşü təşkil etdiyinə görə DTX-ya, onun rəhbərliyinə təşəkkür edirəm. Qürur hissi ilə vurğulayıram ki, Vətən müharibəsi iştirakçıları ilə bu cür görüşlərin keçirilməsi DTX-da ənənə halını alıb. Hansı ki, bu tendensiya milli-mənəvi dəyərlərimizin təbliği, qəhrəmanlarımızın gənclərə tanıdılması baxımından həyati əhəmiyyətə malikdir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynayır”. Seymur ƏLİYEV

Hamısını oxu
“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”
“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub:  “Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi. Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur.  Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.  Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:  “Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi.  Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz əksini tapıb.  Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.  Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib:  “Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb. Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Qürurun və Qələbənin Ad günü
Qürurun və Qələbənin Ad günü

Avqustun 27-si... Bu tarixdə Azərbaycan torpağına iki qəhrəman övlad göz açmışdı. Onların biri Xaliq idi, digəri isə Cavid. Ad günü eyni, ömür yolu bənzər, taleləri isə şəhidlik zirvəsində qovuşmuşdu. Hər ikisi bu torpaq uğrunda Vətənin bütövlüyü naminə gözlərini belə qırpmadan can verdilər. Xaliq Əzizzadə 1996-cı ildə dünyaya gəlmişdi. Uşaqlıq illəri Xətai rayonunda, 116 nömrəli məktəbin sıralarında keçdi. Əsgər geyimini geydiyi gündən Vətənin harayına hazır idi. 2016-cı ilin Aprel döyüşlərində ön cəbhədə yer aldı və düşmənin təxribatlarına qarşı rəşadətlə vuruşdu. O, həmin günlərdə torpaq üçün döyünən bir ürək, şəhidlik zirvəsinə ucalan bir igid idi. Aprelin 6-da minlərlə insan onun tabutunun arxasınca yürüdü. Ən ağır yaylım atəşi torpağa deyil, könüllərə sancıldı. Amma o gün Vətən oğlunu sinəsinə basdı, Xaliq Əzizzadə şəhid oldu, ancaq xalqının qəlbində əbədi yaşadı. Beş il sonra, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı başqa bir qəhrəman Cavid Paşazadə döyüş meydanında tarixin səhifəsinə öz adını yazdı. 2001-ci ilin 27 avqustunda doğulmuşdu. Məktəbdə tərbiyəsi, biliyi ilə seçilərdi, lakin bacıları kimi təhsil yolunu tamamlamağa imkan tapmadı. Vətən çağırdı, o da cavab verdi. Xocavəndin sərt dağlarında, alınmış postların qorunması üçün saatlarla döyüşdü. Dörd gəncdən biri idi. Göz qırpmadan, addım geri atmadan vuruşurdu. Və nə qədər də acıdır ki,  bacısı Zeynəbin ad günündə şəhidlik zirvəsinə ucaldı. İllər ötür, amma zaman bu igidlərin adını unutdura bilmir. Xaliq Əzizzadə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə, Cavid Paşazadə isə "Vətən uğrunda" medalı ilə ölümündən sonra təltif edildi. Bu gün artıq beş ildir ki, Qarabağ azaddır. Şuşada, Füzulidə, Xocavənddə, Laçında, Zəngilanda, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Bu torpaqlarda şəhidlərin ruhu dolaşır. Bugün biz həm onların, həm də Zəfərimizin doğum gününü qeyd edirik. Onlar şəhid oldular ki, Vətən yaşasın, biz yaşayaq. Və biz yaşadıqca onların adını yaşadacağıq. Qoy bu torpaq onları heç vaxt unutmasın. Qoy bütün nəsillər bilsin ki, azadlıq şəhidlərin qanı ilə yazılır. Şəhidlər ölməz, Vətən bölünməz! Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı...
Peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı...

Həyatda elə insanlar var ki, onlar öz şəxsiyyətləri, xarakterləri, hədsiz peşəkarlıqları, sonsuz vətən sevgiləri ilə sadəcə sağlıqlarında xalqın, cəmiyyətin sevimlisinə çevrilmirlər. Onlar əbədiyyətə qovuşandan sonra da qoyub getdikləri zəngin irs, böyük məktəb, işıqlı xatirələrlə insanlar tərəfindən sevgi və ehtiram hissi ilə xatırlanır, daim böyük nəhayətsiz məhəbbətlə yad edilirlər. Azərbaycan xalqının belə nəhəng şəxsiyyətlərindən biri də peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı Rzaqulu Hüseyn oğlu Quliyevdir.  Erməni soyqırımının qurbanları... Rzaqulu Quliyev 1915-ci ilin sentyabr ayında  Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Lakin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı başlatdığı irimiqyaslı soyqırım siyasəti Qərbi Azərbaycandakı əksər azərbaycanlılar kimi Rzaqulu Quliyev da ailəsini doğma yurd yerini tərk etmək məcburiyyəti qarşısında qoyur. Rzaqulu Quliyevin atası, eləcə də digər yaxın qohumları azyaşlı uşaqların həyatını xials etmək üçün doğma dədə-baba torpaqlarını tərk etsələr də, onlar erməni faşizminin vəhşilikləri ilə barışmır, bu tarixi ədalətsizliyə silahlı şəkildə müqavimət göstərirdilər. Məhz bu döyüşlərdə Rzaqulu Quliyevin atası Hüseyn bəy, eləcə də əmisi 23 yaşlı Heydər düşmənə ağır zərbələr endirmiş, qeyri-bərabər mübarizədə qəhrəmanlıqla şəhid olmuşdular. Ermənilər tərəfindən gerçəkləşən  soyqırımı zamanı Rzaqulu Quliyevin anası Zərif xanım da haqqın rəhmətinə qovuşmuş, uşaqlar valideyn himayəsindən məhrum olmuşdular. Məhz belə bir ağır zamanda Quliyevlər ailəsinin qohumları Əlirza Əliyev və İzzət xanım Rzaqulu Quliyev və onun bacılarını taparaq öz himayələrinə götürürlər. Bu, faktiki olaraq uşaqların gələcəyini xilas edir, onlar üçün yeni perspektivlər açır. Gənc qəhrəman İkinci Dünya müharibəsi illərində... Orta məktəbi bitirdikdən sonra 1929-cu ildə əmək fəaliyyətinə başlayan Rzaqulu Quliyev, eyni zamanda öz təhsilini də uğurla davam etdirir, ən məşhur ali məktəblərdə təhsil alır. 1940-cı ilə qədər müxtəlif sahələrdə çalışan və bütün bu vəzifələrdə özünü təsdiq edən Rzaqulu Quliyev, İkinci Dünya müharibəsinin SSRİ-yə sıçraması ilə hərbi komissarlıq sistemində fəaliyyətə başlayır. 1940-1944-cü illərdə həm hərbi komissarlıq, həm də prokurorluq orqanlarında çalışan gənc vətənpərvər, 1944-cü ildə dövlət təhlükəsizlik orqanında fəaliyyətə başlayır. Rzaqulu Quliyev ömrünün sonuna qədər bu qurumda çalışır və Azərbaycan dövlətinin təhlükəsizliyinə böyük töhfələr verir. Rzaqulu Quliyev dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən sadəcə paytaxtda deyil, bölgələrdə də ciddi iş aparır. Şərur, Ordubad və Naxçıvanda peşəkar çekist kimi effektiv fəaliyyət göstərən Rzaqulu Quliyev daha sonra Bakıda – mərkəzi idarədə mühüm tapşırıqlar həyata keçiri, ciddi postlarda təmsil olunur. Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanındakı 35 illik fəaliyyəti dönəmində dəfələrlə yüksək orden və medallarla təltif olunmaqla yanaşı, həm də polkovnik rütbəsinə layiq görülür. Ulu öndər Heydər Əliyevin sevimlisi... Rzaqulu Quliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən də diqqətlə izlənilir, təqdirlə qarşılanırdı. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında işləyən şəxslərdə əsasən iki mühüm keyfiyyətin olmasını vacib hesab edirdi. Bunlardan biri həqiqi peşəkarlıq, digəri isə əsl vətənprəvərlik idi. Ümummilli lider hesab edirdi ki, bu iki amil dövlət təhlükəsizliyi orqanlarında çalışanlarda vəhdət təşkil etməlidir. Çünki yalnız bu halda uğru və müvəffəqiyyəti təmin etmək,dövlətin və xalqın təhlükəsizliyini sözün həqiqi mənasında təmin etmək mümkündür. Rzaqulu Quliyev da məhz bu xüsusiyyətləri – peşəkarlığı və vətənpərvərliyi ilə diqqət çəkir, bununla ətrafdakı digər insanların da rəğbətini qazanırdı. Rzaqulu Quliyevin çalışqanlığı, çətin və mürəkkəb situasiyalarda məntiqli qərarlar qəbul etməsi, öz təmkinini heç vaxt itirməməsi Ulu öndər Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlər idi. Buna görə də Heydər Əliyev Rzaqulu Quliyevə xüsusi ehtiramla yanaşır, onun fəaliyyətini, dövlət qarşısndakı xidmətlərini yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Rzaqulu Quliyev 1982-ci ildə vəfat edən zaman Heydər Əliyevin təşəbbüsü ilə II Fəxri Xiyabanda dəf edilmiş, onunla bağlı rəsmi nekoloq yayımlanmışdır. Həmin nekroloqda deyilirdi: “Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək və şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksəkixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir”. Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarında xidmət edərkən gənc kadrlara bu peşənin sirlərini həvəslə öyrədir, öz təcrübəsini onlarla sevə-sevə bölüşürdü. O, çox yaxşı bilirdi ki, dövlətin gələcək təhlükəsizliyi məhz gənclərdən, onların bilik və bacarığından, peşəkarlığından asılıdır. Buna görə də Rzaqulu Quliyev gənclərə xüsusi həssaslıqla yanaşır, onlar üçün sözün həqiqi mənasında ilham mənbəyi rolunu oynayırdı. Xidmətdən sonra da xalqa xidmətini davam etdirən vətənpərvər Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarından təqaüdə çıxandan sonra da xalqa xidmət etməkdə davam etmiş, ictimai-siyasi müstəvidə ciddi aktivlik sərgiləmişdir. Xalq arasında yüksək nüfuza və hörmətə malik olan Rzaqulu Quliyev şəhər və rayon Xalq Deputatları sovetlərinin deputatı seçilmiş, bu vəzifədə də xalqa ləyaqət və vicdanla xidmət etmişdir. O, “İnturist" Ümumittifaq Səhmdarlar Cəmiyyətinin Bakı Şöbəsinin rəhbəri, habelə, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini vəzifələrində də fəaliyyət göstərmişdir.  Rzaqulu Quliyev ictimai-siyasi fəaliyyətinə görə də çoxsaylı təltiflər almış, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenlərinə,  SSRİ-nin “Fəxri çekist”i adına  layiq görülmüş, Azərbaycan Respublikasının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır. Peşəkar kəşfiyyatçı təqaüdə çıxdıqdan sonra da gənclərlə aktiv şəkildə işləməkdə davam etmiş, onları yüksək təhsil almağa, dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməyə, özlərini inkişaf etdirməyə həvəsləndirmişdir. Yüzlərlə gənc məhz Rzaqulu Quliyevin məsləhət və tövsiyəsi ilə ali məktəblərdə təhsil almış, müxtəlif dövlət qurumlarında faəliyyətə başlamışdır. Hansı ki, Rzaqulu Quliyevin işıqlı xatirəsi bu gün də onlar tərəfindən ehtiramla xatırlanmaqdadır.  ...Qarşıdan mərhum çekistin anadan olmasının 110 illiyi gəlir. İnanıram ki, Rzaqulu Quliyevin 110 illik yubileyi əlaqədar dövlət qurumları tərəfindən yüksək səviyyədə qeyd ediləcək, onun xatirəsi bir kəs daha təntənəli şəkildə yada salınacaq.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bütün ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına, təhlükəsizliyinə həsr edən Rzaqulu Quliyevlə bağlı tədbirlər keçirəcək, gəncləri məhz bu cür şəxsiyyətlərdən öyrənməyə səsləyəcəyik. Gənclərimiz dünənlərinə görə kimlərə minnətdar olduqlarını bilməli və sabahın təhlükəsizliyini keçmişin təməlləri üzərində inşa etməyi bacarmalıdırlar. Çünki bu, keçmişə sahib çıxmaq mədəniyyəti və dərrakəsi ilə yanaşı, həm də inkişaf və təhlükəsizliyin ən etibarlı, ən optimal yoludur!  Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib

26 avqust 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublkasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib.  Müəllifi Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri, yazıçı-tədqiqatçı Sayman Aruz olan kitabın təqdimatında giriş sözü ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Mehriban Əliyevanın fəaliyyətinin yalnız ölkəmizi deyil, respublikamızın hüdudlarından çox-çox uzaqları da əhatə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bütün bu fəaliyyətin nüvəsində məhz Azərbaycan faktorunun dayandığını bildirib. Sayman Aruzun “Müqəddəs missiya” kitabında Mehriban xanımın tarixi fəaliyyətini ədəbi-bədii dildə, axıcı bir şəkildə  oxucuların diqqətinə çatdırdığını qeyd edən Təşkilat sədri, bu cür əsərlərin gənc nəslin maariflənməsi, öz tarixini, dəyərlərini, mədəniyyəti dərindən öyrənməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən AzTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, rəssam Nigar Helmi Abbasbəyli, teleaparıcı Fəxriyyə İsayeva, tarixi romanlar müəllifi Sona İsmayılova “Müqəddəs missiya” kitabının ədəbi-tarixini önəmindən bəhs edib, bu cür əsərlərin gənclərdə dövlətçilik təfəkkürünün formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Dəyərli əsərə görə müəllif Sayman Aruza öz təşəkkürlərini bildirən natiqlər, Mehriban Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin illər, əsrlər sonra da maraqla araşdırılacağına, mühüm tədqiqat mövzusu olacağına inamlarını ifadə ediblər. Tədbirin sonunda çıxış edən yazıçı-tədqiqatçı Sayman Aruz tədbirin təşkilinə verdiyi dəstəyə görə polkovnik Cəlil Xəlilova öz təşəkkürünü bildirib. Mehriban Əliyeva ilə bağlı tədqiqatlarını bundan sonra da davam etdirəcəyini bildirən Sayman Aruz, Birinci vitse-prezidentin həyata keçirdiyi müqəddəs missiyaya hər bir azərbaycanlının dəstək verməsinin vacibliyini qeyd edib. Müəllif qeyd edib ki, daha güclü Azərbaycana gedən yol xalqımızın həmrəyliyindən, vətəndaşlarımızın  öz Prezidenti, Birinci vitse-prezidenti ətrafında sıx birləşməyindən keçir və hər kəs bu birliyin qorunub saxlanılması, möhkəmlənməsi üçün əlindən gələni əsirgəməməlidir. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Komitə sədri: “Azərbaycan tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma prosesini uğurla həyata keçirir”
Komitə sədri: “Azərbaycan tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma prosesini uğurla həyata keçirir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə son səfəri ölkəmizin, kəlbəcərlilərin həyatında tarixi hadisələrlə yadda qaldı. Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən olan Kəlbəcər 32 ildən sonra öz doğma sakinlərinə qovuşdu. Bu sözləri AZƏRTAC-A-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib. “Kəlbəcər sakinləri, digər keçmiş məcburi köçkünlər kimi uzun illər ərzində doğma Vətən həsrəti ilə yaşayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərindən didərgin düşən kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyirdilər. İşğalın davam etdiyi illərdə dövlətimiz məcburi köçkünlərin sosial rifahını daim diqqət mərkəzində saxlayıb, onların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri addımları atıb. Amma təbii ki, öz doğma torpaqlarına qayıtmaq əzmi bir gün də olsa onları tərk etmədi. Kəlbəcərlilər əmin idilər ki, Prezidentimizin qətiyyətli siyasəti, müdrikliyi sayəsində onlar öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Şahin İsmayılov vurğulayıb. Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinin dövlətimiz üçün ən prioritet məsələ olduğunu söyləyən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti uzaqgörən və nəticəyə hesablanmış siyasəti ilə bu tarixi günü yaxınlaşdırdı. Prezident-Xalq-Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin Vətən həsrətinə son qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Xüsusilə “Dəmir yumruq” sayəsində Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu. Komitə sədri bildirib ki, iki il əvvəl bütün dünya ordumuzun qüdrəti sayəsində dövlət suverenliyimizin tam bərpa olunması istiqamətində növbəti tarixi Qələbəmizə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan dövlət suverenliyinin, konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə əzəmətlə və qürurla dalğalanır. Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya nəticəsində bölgədə sabitlik və təhlükəsizliyin əldə edilməsi, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılması, sülhün təmin olunması üzrə tarixi addımların atıldığını söyləyən Şahin İsmayılov deyib: “Azərbaycan, eyni zamanda, tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma fəaliyyətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətli və genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının diqqəti və birbaşa nəzarəti ilə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tarixi torpaqlarımızın yüksək inkişaf etmiş regiona, mühüm turizm məkanına çevrilməsi istiqamətində əsaslı addımlar atılır”.  

Hamısını oxu
Xankəndidə təhlükəsizliyin ünvanı- Azərbaycan Polisi!
Xankəndidə təhlükəsizliyin ünvanı- Azərbaycan Polisi!

Uzun illər həsrətdən sonra dirçələn Xankəndidə bu gün sakitlik, etibar və güvən hökm sürür. Şəhərin küçələrində gəzən hər bir insan özünü tam təhlükəsiz hiss edir. Bu isə Azərbaycan polisinin fədakar və peşəkar xidmətinin bəhrəsidir. Xankəndidə ictimai asayişin qorunması təkcə bir vəzifə deyil, həm də vətənə və doğma yurda olan sevginin təzahürüdür. Əslən Xankəndidən olan Xankəndi şəhər polis şöbəsinin rəisi polkovnik Zaur Nəsirov doğma şəhərində qanunların qorunması üçün bütün gücünü səfərbər edib. Onun rəhbərliyi ilə polis əməkdaşları yalnız qanunların aliliyini təmin etmir, həm də insanlara arxayınlıq, sabaha inam bəxş edirlər. Bu fəaliyyətin arxasında isə Daxili İşlər Nazirliyinin böyük dəstəyi dayanır. Cənab Nazir Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xankəndidə də ən yüksək peşəkarlıqla xidmət göstərir. Onun diqqət və qayğısı nəticəsində Xankəndidə təhlükəsizlik sistemi daha da möhkəmlənib, insanların öz doğma yurdlarında tam etibarlı şəraitdə yaşaması təmin olunub. Bu gün Xankəndidə həyat yenidən canlanır, tikinti-quruculuq işləri sürətlə davam edir. İnsanların üzündəki təbəssüm, uşaqların küçələrdə azadca oynaması bir daha göstərir ki, təhlükəsiz mühitin təmin olunması hər şeydən önəmlidir. Bu mühitin qoruyucusu isə Azərbaycan polisidir. Xankəndi sakinləri yaxşı bilirlər: onların hər addımında, hər günündə polis keşiyindədir. Bu keşiyin arxasında həm peşəkarlıq, həm də Vətən sevgisi dayanır. Azərbaycan polisi Xankəndidə sadəcə qayda-qanun yaratmır, həm də insanlara güvən, rahatlıq və ümid bəxş edir.  Müəllif: Şamxal Adıgözəlov

Hamısını oxu
MEHRİBAN - İNSANLARA MƏRHƏMƏTLİ
MEHRİBAN - İNSANLARA MƏRHƏMƏTLİ

Bugünlərdə respublikamız gözəl insan, görkəmli siyasi və ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yubileyini qeyd edəcək. Hər bir azərbaycanlı Mehriban xanıma hörmətlə yanaşır. Yalnız ləyaqətlə tutduğu yüksək vəzifəyə görə deyil, həm də özünəməxsus insani keyfiyyətlərinə görə. Müasir siyasətçinin bu keyfiyyətləri haradan qaynaqlanır? Bu barədə fikirlərimi bölüşmək istəyirəm. Adı ilə başlayacağam. Bir insanın adının müəyyən bir məna daşıdığına, taleyini, xarakterini əks etdirdiyinə inanılır. "Mehriban" adı güclü mərhəmət hissi olan və başqalarına qayğı göstərməyi bacaran bir insanı xarakterizə etmək məqsədi daşıyır. Mehriban xanım həqiqətən də səmimi qəlbdən və insanların köməyinə gəlməyə hazır olması ilə seçilir. Adını doğruldur — yaxınlarını sevən və hər bir insanın taleyinə mərhəmətli bir insandır. Emosional dəstək və xeyirxahlıq göstərmək, müxtəlif insanlarla ahəngdar münasibətlər yaratmaq, inam və sevgi aşılamaq qabiliyyətinə malikdir. Müasir genetikaya uyğun, azərbaycan atalar sözü var - "kök varsa, ot görünəcək. Mehriban xanımın ata babası tanınmış Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayevdir. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor, akademikdir. Ana babası Nəsir İmanquliyev "Bakı "qəzetinin görkəmli jurnalisti, təsisçisi və baş redaktoru olmuşdur. Anası Aida İmanquliyeva tanınmış şərqşünas, elmlər doktoru idi. Mehriban xanımın kökləri belədir, bu, göstərir ki, o, hansı intellektual ailədə formalaşmışdır. Mehriban xanımın Azərbaycanın vətənpərvər olduğunu, ölkənin tarixini hərtərəfli bildiyini və onunla fəxr etdiyini söyləmək çox xoşdur. Və bu, onun digər ölkələrə və xalqlara hörmət və anlayışla yanaşmasına, dünya tarixinin mürəkkəb palitrasını görməsinə heç də mane olmur.  Azərbaycanlıların şüurunda gözəl, müdrik, cəsur qadın həmişə Koroğlunun sadiq səhabələri Nigar və Qaçaq Nəbi — Həcərin obrazları ilə əlaqələndirilir. Bu obrazlar qadının Azərbaycan ailəsində, Azərbaycan cəmiyyətində rolunun mənası və əhəmiyyəti təfsirində özünəməxsus standartlara çevrilmişdir. Bəzən dini doqmaların, sosial çətinliklərin təsiri altında baş verən bu kanonun təhrifləri klassik Azərbaycan ədəbiyyatında həmişə tənqidi qiymətləndirilmişdir. Bununla əlaqədar Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin pyeslərini yada salmaq kifayətdir... Bu əsərlərdə qadının yalnız sevgi obyekti kimi təqdim olunduğu Şərq ənənələrindən fərqli olaraq, qadın aktiv, güclü iradəli və müstəqil bir insan kimi göstərilir. Məgər biz burada Mehriban xanımı tanımırıq? Ümumiyyətlə, Mehriban xanımın obrazının, onun insani keyfiyyətlərinin formalaşmasında xalqımızın ailə-psixoloji mənşəyinin və sosial-mədəni arxetiplərinin xoşbəxtliklə bir-birinə qovuşduğu fikrinə meyl edirəm.  Xidmət növünə görə mən müxtəlif ölkələrin xadimləri ilə görüşürəm, onların hamısı daim hesab edirlər ki, Azərbaycan belə mürəkkəb geosiyasi dövrdə rəhbərliklə sadəcə şanslıdır. Bəli, biz əminik ki, xarizmatik Prezidentimiz İlham Əliyev və onun gözəl, etibarlı xanımı, vitse-prezident Mehriban xanım Azərbaycanı inamla xoşbəxt gələcəyə aparır! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik Cəlil Xəlilov        

Hamısını oxu
Azərbaycan Respublkasının  Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublkasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Hamısını oxu
Qəhrəmanlar Unudulmur!
Qəhrəmanlar Unudulmur!

  Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür... Daşqın Şəfiyev – Laçında dayanan ürək Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün... Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi. Elyar Məmmədov - Füzulidə yazılan bir ömür Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı  çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi. Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində  Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi  bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu. Onların yaşının üstünə yaş gəlmir, onların  şəhid olduqları gündə donub qaldı. Amma adları  zamanla yarışır, xatirələri  xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu  bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu