Ən son xəbərlər
Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi” Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib: “44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi. Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”. DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər: “Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər. DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib. Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”. “AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı... Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib: “44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar. AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”. Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru... Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib: “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb. Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı. Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”. “DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir” Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib: “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir. DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”. “Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir” DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb: “DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır. DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır. Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü. Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir. Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək, xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönbümünə həsr etdiyi müsabiqənin nəticəsi məlum olub. “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqənin nəticəsinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev qəzet məqaləsi nominasiyası üzrə birinci yerə layiq görülüb. Məlumat üçün qeyd edək ki, Seymur Əliyevin “DSX-dan böyük zəfərə böyük töhfə: Müqəddəs sərhədlərin keşiyində...” məqaləsində 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının fəaliyyətinə toxunulub, onların işğaldakı torpaqlarımızın azad edilməsindəki xidmətlərinə diqqət yetirilib.
Hamısını oxu
Bu gün İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin, Füzuli və Binəqədi rayon İcra Hakimiyyətlərinin rəsmiləri, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları onun gül-çiçəyə qərq olunan, başı üstündə müqəddəs bayrağımız dalğalanan məzarını ziyarət edib, burada uyuyan bütün şəhidlərimizin, eləcə də onun ruhuna dualar oxunub, 46 illik həyat yoluna çıraq tutulub. 1975-ci ilin 10 avqustundan şəhid olduğu 2020-ci ilin oktyabr ayının 2-dək olan ömür yolu kitab olub vərəqlənib, xatirələr yumaq kimi çözələnib, hər kəs ondan qürur ilə, iftixarla danışıb.Füzuli ata: “Ölümünə inanmıram, o, öləsi oğul deyildi. Yaşar yenə döyüşdədir, Murovdağın zirvəsində yağılarla savaşır. Şəri qovur, zülmətləri yarıb keçir igidim”, - deyə özü-özünə təsəlli verir.Övladları Xanış, İnci “Ata” deyib kövrəlir: “Atam ilə fəxr edirik hər zaman, qara daşdan bizə baxır atamız. Bu torpağın qədrin bilin, qoruyun hər qarışın. Torpaq qanla qarışanda Vətəndir. Atam bizi bu torpağı qorumağa çağırır!”.Yaraları qaysaqlanan əsgərin gözündəki qığılcıma, oda bax: “Qisasını vuruşaraq, döyüşərək almışıq. Rahat uyu komandirim, qardaşım. Bizim olub, bizimkidir Qarabağ!” deyib qamətini uca tutur qazimiz.Şair yenə fikrə dalıb, dindirməyim amandı. Şimşək olub kükrəyəcək, çaxacaq: “Qızıl qanı lalə olub göyərib. Od nəfəsi Murovdağın qarın, buzun əridib. Minnətdardır sənə Vətən, bu torpaq! Köç qayıdır yurd yerinə ay qağa, yubanma gəl, gedirik Qarabağa!”.Xiyabanda izdiham var. Burda sevinc qəm-kədərə qalib gəlir, güc gəlir, burda hər gün “Vətən” sözü, “Əsgər” sözü, “Rəhmət” sözü milyon kərə səslənir.Bu fikirlər İkinci Şəhidlər xiyabanında Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Yaşar Sadıqovun doğum günü münasibətilə keçirilən mərasimdə polkovnik Abdulla Qurbaninin bir az şairanə, bir az kövrək, əsasən də qürur hissi ilə dilə gətirdiyi düşüncələridir.Şəhidin məzarı ziyarət olunduqdan sonra xatirə mərasimi başlanır. Əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunur.Mərasimdə A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Yaşar Füzuli oğlu 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulub. 1992-ci ildə kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub və 1995-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub.Qeyd olunub ki, 1993-cü il dekabr ayının sonlarında ulu öndər Heydər Əliyevin rəhbərliyi altında “Horadiz əməliyyatı” başlananda Yaşar hələ kursant idi. Çox çalışsa da, kursant taborunun komandirinə, məktəb rəisinə doğma rayonlarının düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə getmək üçün müraciət etsə də müsbət cavab ala bilməyib. Düşmənə qarşı qəzəbini, nifrətini, kinini içində boğub. 1994-cü ilin ilk yanvar günlərində Füzuli və Cəbrayıl rayonlarının Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi xəbəri onun hədsiz sevincinə səbəb olub. Təhsilini başa vurduqdan sonra Yaşar gənc zabit kimi Naxçıvan Muxtar Respublikasına göndərilib, motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib.2016-cı ilin aprel döyüşlərindən az sonra xidmət yeri Bakı Qarnizonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilib və o, burada da xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Motoatıcı tabor komandiri, hərbi hissə komandirinin müavini olaraq nümunəvi xidmətləri ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.Yaşar Sadıqov 2018-ci ildən Beyləqan, Xocavənd istiqamətlərində hərbi hissə komandirinin müavini kimi xidmətini davam etdirib və nəhayət Vətən müharibəsini Murovdağ istiqamətlərində yerləşən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsində qarşılayıb. Artıq o, “polkovnik-leytenant” idi.A.Qurbani xatırlayaraq vurğulayıb ki, müharibənin ilk günündə Silahlı Qüvvələr veteranı olan Y.Sadıqov döyüşə yollanacaq şəxsi heyəti təcili olaraq ətrafına topladı. Cəlb edildiyimiz bu müharibənin son dərəcə ciddi bir müharibə olduğunu, bununla da torpaqlarımızın 30 illik işğalına, xalqımızın isə 30 illik həsrətinə tezliklə son qoyulacağına zəmin yarandığını bildirdi və şəxsi heyətə bir daha xatırlatdı kı, xidmət etdiyimiz bu hərbi hissə 1994-cü ilin yanvarında yaradılıb və həmin ayın 24-də xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola düşüb.Yolasalma mərasimində o vaxt dahi liderimiz demişdir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz Sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə və ümumiyyətlə, hamınıza cansağlığı, səadət arzulayıram. Bu şərəfli vəzifənizi – Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram.Ümidvaram ki, bu deyilənlərin hamısına əməl edəcəksiniz və öz vəzifənizi igidliklə yerinə yetirəcəksiniz. Vətənimizi, ana və atalarımızı, bacı və qardaşlarımızı sevindirəcəksiniz.Azərbaycan Ordusuna yeni-yeni uğurlar diləyirəm, sizin hər birinizə uğurlar arzulayıram.Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpağı, müqəddəs Azərbaycan Respublikası uğrunda irəli!”.Polkovnik-leytenant nəinki əbədiyaşar Ali Baş Komandanın bu fikirlərini, xeyir-duasını döyüşə yollanacaq igidlərə təkrarən xatırlatdı, eyni zamanda, onun özü də igid oğullara qoşularaq Murovdağın strateji yüksəkliklərində neçə illərdir ki, özlərinə mövqe seçmiş və bərkidib, möhkəmləndirilmiş səngərlərdə oturmuş məkrli və hiyləgər düşmənlərin təxribatlarına cavab olaraq əks-hücuma keçdilər.Düşmən mövqeyi darmadağın edildi, onlara canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki verildi. Lakin bir həftə sonra igid zabitimiz özü də bir neçə cəsur silahdaşı ilə birlikdə qəhrəmancasına şəhid oldu. Uzun müddət onun da nəşini döyüş meydanından çıxarmaq mümkün olmadı. Həmin günlərdə şəhidin ailəsi, valideynləri böyük dözüm, səbir nümayiş etdirdilər. Nəhayət, 2021-ci il fevralın 26-da şəhid zabitimizin nəşi çıxarılaraq Bakı şəhərinə gətirildi və Xocalı faciəsi qurbanlarının xatirəsinin qeyd olunduğu bir vaxtda İkinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə son mənzilə yola salındı.Sağlığında 6 döyüş medalı ilə təltif olunan igid zabitimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olundu.Tədbirdə Füzuli rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova hər iki rayonun ictimaiyyəti adından şəhid valideynlərinə Vətənə layiqli oğul yetirdiklərinə görə minnətdarlıq edib, şəhidin Əsli və İnci adlı yadigar övladlarının dövlətimizin və xalqımızın qayğısı səyəsində atalarının adına layiq tərbiyə olunacaqlarına, boya-başa çatacaqlarına əminliklərini bildiriblər.Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Vətən müharibəsinin əhəmiyyətindən, bu müharibədə qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin hücum diplomatiyasının, sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd edib və qələbə şəhidlərinin sıralarında adı və xidmətləri həmişə iftixarla xatırlanan polkovnik-leytenant Yaşar Sadıqovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını deyib.Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlətimizin başçısına və Müdafiə nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bilidirib.Füzuli Sadıqov şəhid oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirərək xalqımıza, dövlətimizə bundan sonra daha da xoşbəxt günlər, əmin-amanlıq, firavan həyat arzulayıb.Xanış Sadıqov universiteti bitirəcəyi və müddətli həqiqi hərbi xidmətə yollanacağı günü, əsgər çəkməsi, əsgər uniforması geyəcəyi anı səbirsizliklə gözlədiyini diqqətə çatdırıb və şəhid atası ilə bağlı xatirələrini bölüşüb.Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında İkinci Şəhidlər xiyabanından ayrılıblar.
Hamısını oxu
Tofiq Abbasov: “Ermənistanla informasiya müahribəsi davam edir və biz bu müharibədə də aktiv olmalıyıq” “Qarabağ Dirçəliş Fondunun layihələrində Ermənistanın anti-insani və anti-bəşəri mahiyyəti ifşa edilməkdədir” 44 günlük Vətən müharibəsi başa çatsa da, Ermənistanla informasiya müstəvisində mübarizə davam etməkdədir. Azərbaycan ordusu tərəfindən darmdağın edilən Ermənistanın törətdiyi cinayətlərə görə hüquqi müstəvidə də məsuliyyətə cəlb edilməsi, beynəlxalq məhkəmə qarşısında dayanması, etdiyi əməllərə görə ölkəmizə təzminat ödəməsi indiki məqamda dövlətimiz qarşısında duran əsas məsələlər sırasındadır. Və təbii ki, bütün bunların reallaşması üçün ilk öncə Ermənistanın son 30 ildə xalqımıza qarşı törətdiyi cinayətlərin ifşa edilməsi, dünya ictimaiyyətinin bu cinayətlərdən xəbərdar edilməsi vacibdir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsi əsasında həyata keçirdiyi fotosərgi və bu müstəvidə həyata keçirdiyi digər layihələr, eyni zamanda sözügedən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin erməni vandalizmini ifşa edən məqalələri mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun erməni vandallarını bütün müstəvilərdə, eyni zamanda ekoloji müstəvidəki cinayətlərini ifşa edən layihələrində işğaldan azad edilən yerlərdən çkəilən çoxsaylı foto-video materiallar yer alır ki, bu da erməni vəhşiliyinin inkaredilməz sübutlar – fotofaktlar əsasında dünyaya çatdırılması deməkdir. Hər biri “dil açan”, “danışan” bu şəkillərdə ermənilərin necə ağır cinayətlərə imza atdığı öz əksini tapmaqla yanaşı, bu cinayətlərin miqyas və dərinliyi həmin cinayətləri həyata keçirən, insanlarla yanaşı, həm də təbiəti məhv edən qatillərin mənəvi-psixoloji portretini görməyə imkan verir. Saytımıza açıqlamasında bu kimi layihələrin önəminə toxunan politoloq Tofiq Abbasov, bu müstəvidə sistemli addımların atmağın mühüm önəm kəsb etdiyini qeyd edib: “Təbii ki, Ermənistanın vəhşiliklərinin ifşa edilməsi, bu vəhşiliklərin dünya birliyinin diqqətinə çatdırılması olduqca vacibdir. Müharibə bitdi və biz regionda sülhün zəruriliyindən danışırıq. Lakin biz hələ də bəzi dövlətləri, dünyanın müəyyən kəsimini başa sala bilməmişik ki, müharibənin səbəbkarı kimdir, müharibə kimin ərazisində gedir, kim böyük dağıntılara məruz qalıb. İnsformasiya əsrində buna inanmaq bəlkə də çətindir. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan bu gün də kimlərəsə izah etməyə çalışır ki, əsl həqiqət nədən ibarətdir. Sağlam toplumları inandırmaq üçün məxsusi səy göstərməyə ehtiyac olmur. Onlara faktları təqdim edən kimi, onlara bu faktları göstərən kimi onlar həqiqəti anlayırlar. Lakin dünyada bəzi kəsimlər var ki, onlar erməni təbliğatının təsiri altındadır. Buna görə də biz erməni vəhşiliyini dünyaya göstərmək, erməniləri ifşa etmək üçün bu cür sərgilər təşkil etməli, bu həqiqətləri yaymalıyıq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi sərgi və layihələr son dərəcə əhəmiyyətlidir. Çünki bu sərgilərdə erməni vəhşiliyi, onun anti-insani və anti-bəşəri mahiyyəti fotolar vasitəsi ilə - sözsüz-izahsız şəkildə ifşa edilir, faktlar əsasında öz əksini tapır. Qarabağ Dirçəliş Fondunun layihələrində ermənilərin Azərbaycan torpaqlarında ekoloji müstəvidə həyata keçirdiyi cinayətlər də öz əksini tapır ki, bu da erməni faşizminin sadəcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir, dünya üçün xəbərdarlıq və SOS mahiyyəti daşıyır. Ermənilər sadəcə insanlara qarşı deyil, təbiətə qarşı da vəhşiliklər törədiblər. Onlar sülhə hazır olmaq istəmirlər. Onlar böyük vəhşiliklər törəiblər. Hansı ki, biz 44 günlük Vətən müharibəsində onların “əl-qolunu sındırdıq”. Xatırladım ki, istər 90-cı illərin əvvəllərində, istərsə də 44 günlük müharibənin başlanmasının səbəbkarı Ermənistandır. Ekologiyaya zərbə vuran, bölgədə gərginliyi artıran da Ermənistandır. Insanlıqdan uzaq addımlar atan da Ermənistandır. Dünya nə qədər ki, “duza gedir”, Ermənistanın yalançı təbliğatına uyur, biz gərək erməni vəhşiliklərini intensiv şəkildə ifşa edək. İnformasiya müharibəsi öz qüvvəsindədir və biz burada da situasiyanı dəyişmişik. Bəzi qüvvələr var ki, onlar Azərbaycana, onun təqdim etdiyi faktlara inanmaq istəmirlər. Bunları görməzdən gəlirlər. Lakin bu bizi ruhdan salmalı deyil. Biz sona qədər mübarizə aparmalı, erməniləri ifşa etməliyik. Dünya görməlidir ki, ermənilərin əsl siması nədən ibarətdir və onlar bəşəriyyət qarşısnda necə böyük cinayətlər törədiblər. Hansı ki, erməni vəhşiliklərinin ifşası baxımından Qarabağ Dirçəliş Fondunun bundan sonra da effektiv və səmərəli addımlar atacağından əminəm”. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Tədbir Türkiyədəki meşə yanğınlarına qarşı Türkiyə dövləti və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizəyə verdiyi dəstəyə həsr olunub, Azərbaycan-Türkiyə qardaşlığı tarixi aspektdən təhlil və şərh edilib. Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə ciddi dəstək verdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birlərinin yanında olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin, Türkiyə xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov, bu gün yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyəyə dövlətimizin intensiv və mütəmadi dəstək verdiyini qeyd edib. Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirtak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğın-xialsetmə əməkdaşlarının peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin kütləvi meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-nin yanğın-xilasetmə əməkdaşının türk bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov, bunu Azərbaycan insanının, Azərbaycan vətəndaşının Türkiyəyə, Türkiyə bayrağına, Türkiyə dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövbqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün öz təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya Müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib. Daha sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub. Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildiriblər, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir” “Türkiyədəki kütləvi meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Azərbaycanın ilk andan Türkiyənin yanında yer aldığına diqqət çəkən polkovnik, ölkəmizin sona qədər qardaş ölkəyə dəstək verəcəyini bildirib: “Bildiyiniz kimi, Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçdi və ölkə prezidentinin göstərişinə əsasən FHN-nin bir qrup əmkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, ambulans və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərildi. Iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-nin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola salındı. Onlar qısa zamanda Trükiyənin Marmaris bölgəsində yanğınların söndürülməsi prosesinə cəlb edildi. Iyulun 31-də FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşdü. Hansı ki, həmin yanğın-xilasetmə qrupuna FHN-in 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil idi. Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Marmaris bölgəsində olub, yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Bunun ardınca Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, həmin müşavirədə atılacaq növbəti addımlar müzakirə olunub. Bundan başqa, Azərbaycan qardaş ölkəyə həm də amfibiya təyyarə göndərib. Qeyd edim ki, FHN-in arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi unikal keyfiyyətlərə malikdir. Bu təyyarə hərəkətdə ola-ola su ehtiyatı yığa bilir və sadəcə dənizə eniş etməklə 1 dəqiqə ərzində lazım olan su ehtiyyatını toplayır. Azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını xilas etdilər ki, bununla bağlı görüntülər həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izləndi. Azərbaycanın FHN-nin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu, Azərbaycan-Türkiyə dostluğunun, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdirlər. Mən Türkiyədə meşə yanğılnlarına qarşı mübarizə aparan FHN-nin yanğın-xilasetmə qüvvələrinə öz fəaliyyətlərində uğurlar arzulayır, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Moderator.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək. Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək. Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. İOS tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Android tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Vebsaytlar: Azərbaycan Beynəlxalq Bankı Kapital bank Paşa Bank Express Bank Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (//qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsini təmin edən vahid platformadır. Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.
Hamısını oxu
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb. Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib. Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər. Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib. Görüşdə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.
Hamısını oxu
Hikmət Babaoğlu: “Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var” “Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil”. Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili pandemiya şəraitində görülən işlərə diqqət çəkib, bütün qurumlar kimi Milli Məclisin də pandemiya şəraitində uğurla fəaliyyət göstərdiyini qeyd edib: “Hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”. Seymur ƏLİYEV
Hamısını oxu
Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cəmil Məmmədlinin doğum günü məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, təhsil aldığı 163 saylı məktəbin müəllim kollektivi onun xatirəsini ehtiramla anıblar. Şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin şəhidlərə həsr olunmuş kompozisiyası dinlənildikdən sonra mərasim şəhidin doğulduğu evdə davam edib. 44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb. O, Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşunaslıq fakultəsində ali təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Cəmil Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb. Cəmil Məmmədli 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən Müharibəsinə qatılaraq böyük şücaət göstərib.Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək oktyabr ayının 14-dən 15-ə keçən gecə şəhidlik zirvəsinə yüksəlib. C.Məmmədli rayonun şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəmil Məmmədli "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdləri və 1 saylı körpələr evi uşaq bağçasının körpə fidanları hazırladıqları şeirləri səsləndiriblər. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhidin "Füzulinin azad olunmasına görə" medalı valideyinlərinə təqdim olunub. Şəhidin valideyinləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev general-leytenant Kərim Tofiq oğlu Vəliyevi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi- Müdafiə Nazirinin birinci müavini vəzifəsinə təyinindən sonra bəzi qüvvələr tərəfindən uğursuz qaralama kompaniyasına rəvac verilmişdir. Ordu, ordu quruculuğu və otuz ildən çox işğal altında olan Vətən torpaqlarının erməni faşistlərinin əsarətindən azad edilməsi uğrunda, müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışlarına qoşularaq, qələbə səlnaməsini uğurla başa çatdıran ordumuzun böyük xidmətləri daim veteranlarımızın diqqətində olmuş, öz tövsiyələri, məsləhətləri və arzuları ilə onları qələbəyə ruhlandırmışdır. Buna görə də bizim hər birimiz Kərim Vəliyev və onun döyüş yolu haqqında məlumatlıyıq və qarayaxma kompaniyasını erməni dəyirmanına su tökmək kimi qiymətləndiririk. Yüksək peşəkarlığı və səriştəsi ilə cəsarətli sərkərdə Kərim Vəliyev hələ gənc yaşlarında orta məktəbi qurtaran kimi Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə 1990-1994-ci illərdə Moskvada, dünyaca şöhrətli Frunza adına Hərbi Akademiyada təhsil almış, hərb elmini mükəmməl öyrənmişdir. O, ən müxtəlif vəzifələrdə-tağım komadiri, briqada komandiri, korpus komandiri, müdafiənin planlaşdırılmasının hərbi strategiyası idarəsinin rəisi olaraq, torpaqlarımızı azad edə biləcək kadr korpusunun yetişdirilməsinə həmişə xüsusi diqqət yetirmiş, hərbi kadrları yaxşı tanımış və onların gücündən təyinatı üzrə istifadə etməyi mükəmməl bilmişdir. Məhz belə yanaşma kadrlardan təyinatı üzrə düzgün və səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Təsadüfi deyildir ki, onun bütün fəaliyyətini, təcrübəsini və xidmətlərini dərindən qiymətləndirən ölkə prezidenti, cənab İlham Əliyev general-leytenant Kərim Vəliyevi məsul bir vəzifəyə-Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi kimi çətin və məsuliyyətli bir vəzifəyə təyin etmişdir. Paxıllıqdan və xəyanətdən qaynaqlanan qarayaxma kompaniyası, bir mənalı, şəkildə veteranlarımız tərəfindən rədd edilir və biz ona-Kərim Vəliyevə göstərilən etimadı şərəflə doğruldacağına inanırıq. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
Hamısını oxu