Ən son xəbərlər
Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ərəfəsində vətənpərvər iş adamı Səfər Əlirzayevin təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi keçirilib. Bu mənalı və unudulmaz tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə isə dərin minnətdarlığın ifadəsi oldu. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə və onların ailələrinə dərin hörmət, ehtiram və minnətdarlığı ifadə etmək olmuşdur. Tədbir zamanı şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmış, göstərdikləri misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq xüsusi vurğulanmışdır. Tədbir çərçivəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün prioritet istiqamət olduğu bir daha diqqətə çatdırılmış, bu sahədə həyata keçirilən ardıcıl və davamlı fəaliyyətlər qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, Səfər Əlirzayev hər zaman şəhid və qazi ailələrinin yanında olmuş, onlara mənəvi dəstək göstərmiş, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində davamlı mövqe sərgiləmişdir. Onun bu kateqoriyadan olan ailələrə göstərdiyi diqqət və həssas münasibət tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir. “Fateh” adlı bu tədbir şəhid və qazi ailələrinə mənəvi dəstəyin göstərilməsi ilə yanaşı, cəmiyyətimizdə birlik, həmrəylik və milli-mənəvi dəyərlərə sədaqət ruhunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Proqram çərçivəsində təqdim olunan rəsmi çıxışlar və bədii hissələr tədbirin ümumi məzmununa və ruhuna uyğun şəkildə təşkil olunmuş, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda bir daha qeyd edilmişdir ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimiz və onların ailələri isə dövlətimizin və cəmiyyətimizin daimi diqqət və qayğısı ilə əhatə olunacaqlar. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Hamısını oxu
Heydər ƏLİYEV: Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm Bütün həyatını mənsub olduğu millətin, məmləkətin tərəqqisinə, inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə həsr edən, əbədi istiqlaliyyətinə nail olmaq üçün əlindən gələni əsirgəməyən müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycanın taleyində əvəzsiz rolu, xidmətləri olan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi qüdrətli bir dövlət xadimini, mənəvi və siyasi Varisini yetişdirməsi olmuşdur. Ulu Öndərin varlığını fəda etdiyi, qurduğu, memarı olduğu müasir Azərbaycanın taleyini etibar edəcəyi dövlət xadiminin seçilməsində nümayiş etdirdiyi “müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır”. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” kəlamı Ulu Öndərin uzaqgörənliyinin sübutudur. Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual potensialı və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” nidası ilə əlini “Qurani-Kərim”ə və Anayasaya basaraq and içən Prezident İlham Əliyev qısa zaman kəsiyində xalqın böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. “Ötən illərin reallıqları Ulu Öndər Heydər Əliyevin siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun əvəz olunmazlığını sübuta yetirməklə kifayətlənmədi, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəyə çevirdi”. Bu səbəbdən də Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yüksəlişə və inkişafa doğru Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkənin hər bir vətəndaşının fəxr edəcəyi, qürur duyacağı, örnək bir məkana çevrilir. “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik” nidası ilə tarix yaradan, idarəçilik təlimini təkmilləşdirən Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində qeyd etdiyi bu prioritetlərlə islahatların yeni mərhələsinin başlanğıcını qoymuş, ölkənin ictimai-siyasi, mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların təməl prinsiplərini müəyyən etmiş, üstündən ötən yeddi il ərzində bir dövlət başçısı olaraq istəyinə nail olmuşdur. Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu qazanan, dünyaya gücünü, qüdrətini nümayiş etdirən Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı, dünyanın düzənini, mizanını dəyişdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticəsində Azərbaycan 30 illik işğala, intizara son qoydu, ərazi bütövlüyünü bərpa etdi. “Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu”, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, Lider – Xalq birliyinə nail olaraq birliyin, bütövlüyün rəmzinə çevrildi. Azərbaycan xalqı dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha dərk etdi. Prezidentin xarici televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz olmaqla yanaşı, illərin informasiya blokadasına son qoydu. “Bavariya sizin üçün nədirsə, Qarabağ da bizim üçün odur. Bioresurslarsa burada – Bakıdadır!” cavabı ilə alman jurnalisti susdurduğu kimi hər qarış torpağın Vətən üçün nə qədər dəyərli, qiymətli olduğunu sübut etdi. Şuşanın fəthi ilə Ata vəsiyyətinə əməl edən Liderin Fəxri xiyabanda Ulu Öndəri ziyarəti isə bir başqa dünya, aləm idi. Həmin gün Müzəffər Ali Baş Komandan təkcə general atasına, sərkərdə xaqan ucalığı ilə hesabat vermədi. Ana sevgisindən, Ana Vətən sevgisinə körpü saldı. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması, Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir gün əlamətdar tarix kimi təqvimə qovuşdu”. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlərin ruhunu şad etdi. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalandı. Məcburi köçkünlər tikilib-qurulan, qarış-qarış dirçələn ata-baba yurdlarına qayıtdı. “Xalqın öz liderinə yüksək inamının nəticəsi idi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisi idi. Son 22 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edərək səsini İlham Əliyevə verməklə Heydər Əliyev irsinə etibarını, sədaqətini nümayiş etdirdi”. Nadir şah Əfşarın fütuhatlarından 300 il sonra Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan beynəlxalq əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. “Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər, ölkəmizlə əməkdaşlığa önəm verirlər.” Bu gün Azərbaycan Respublikasının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan qüdrətli dövlətə çevrilib. Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzu getdikcə artırıb. Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı. Qarabağda, Şərqi Zəngəzurda əldə olunan tarixi zəfər, möhtəşəm qələbələr sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək “Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur”. Bu səbəbdən də dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün analitiklər qeyd edirlər ki, həqiqətən də, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir. “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə tarix yaradan, mənsub olduğu millətin haqq səsinə dönən, siyasi hakimiyyətinin hər iki mərhələsində Odlar Yurdu Azərbaycanın kompleks inkişafına nail olan Ulu Öndər Heydər Əliyev haqqında ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevanın tarixi bir kəlamı var: “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır.” Bu müdrik kəlamı tərəddüt etmədən, 22 ildir mütəfəkkir dövlət xadimi, Müzəffər Ali Baş Komandan kimi millətinin imzasına, Zəfər, Qələbə memarına çevrilən “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi ədaləti bərpa edən, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Qərbi Azərbaycan da var!” hikməti ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atan, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Asiya ilə Avropanın körpüsünə, Naxçıvanın blokadadan xilasına, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, Platonun “Xalqı yaşat ki, dövlət yaşasın” kəlamlarını gerçəyə çevirən Zəfər, Qələbə memarımızın irsinə, şəxsiyyətinə aid etmək olar. Prezident İlham Əliyev əyilməz iradəsi, bütöv xarakteri, mütəfəkkir dövlət xadimlərinə xas xüsusiyyətləri ilə sübut edir ki, həqiqətən də Tanrı onu mənsub olduğu millətin, məmləkətin birlik, bütövlük rəmzi olaraq dünyaya gətirib! Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir. 22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Polkovnik bu medala media ilə uzunmüddətli və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Hamısını oxu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:
Hamısını oxuBu gün məşhur kəşfiyyatçı və partizan, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ad günüdür. Veteran.gov.az xəbər verir ki, bu əlamətdar günlə bağlı Novxanı kənd sakinləri böyük qəhrəmanın abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Tədbirdə “Hacı Səfəralı” məscidinin acundu Hacı Ələsgər Mikayılzadə, iş adamı Cəlil Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev və onlarla ziyalı iştirak edib, Mehdi Hüseynzadə və onun qəhrəmanlığı haqqında maraqlı faktlara toxunublar. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin təbliğinin sadəcə hərb tariximizin yaşadılması deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib. İclası açıq elan edən Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov 2026-cı ildə görülməsi nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Daha sonra müzakirəyə çıxarılan iş planını iştirakçılara təqdim edilib, planla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib. Sonda Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla Təşkilatın 2026-cı il üçün iş planı təsdiq edilib.
Hamısını oxu
Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır. 1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi. İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi. Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi. 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu. Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır: “Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…” Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi. Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir. O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan Veteran.gov.az-a verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu Hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılmış, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər prosessual tədbirlər icra edilmişdir. Faktla bağlı hazırda araşdırma davam etdirilir. Seymur ƏLİYEV
Hamısını oxu
Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi Qəhrəmanlar unudulmur, onların adları zamanın sınağından keçərək xalqın yaddaşına, tarixin şərəf lövhəsinə həkk olunur. Daşaltı əməliyyatı bu gün qəhrəmanlığın, fədakarlığın və şəhidliyin rəmzinə çevrilmiş bir tarixdir. Onun azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası yox, həm də şəhidlərimizin ruhuna ehtiramın, milli ləyaqətimizin təntənəsinin ifadəsidir. 1992-ci ilin soyuq yanvar gecələrində Azərbaycan ordusu Şuşa şəhərinə gedən strateji nöqtə sayılan Daşaltı kəndini azad etmək məqsədilə hücuma keçdi. Əməliyyat ağır şəraitdə aparılırdı. Təəssüf ki, yerli bələdçilərin xəyanəti nəticəsində ordu erməni pusqusuna düşdü və ağır itkilər verildi. Taktiki baxımdan uğursuz olan bu hücum, göstərilən igidlik və fədakarlıq baxımından milli dirənişin nümunəsi kimi tarixə düşdü. Bu əməliyyatda iştirak edənlər arasında bir ad xüsusilə seçilir - Milli Qəhrəman Riad Əhmədov. O, Nazirlər Soveti sədrinin müavini olmuş bir şəxsin oğlu idi, özü isə yüksək vəzifə daşıyırdı. Lakin Riad üçün Vətən qarşısında borc, vəzifədən, statusdan üstün idi. Kabinet rahatlığını yox, səngər sərtliyini seçdi. Əməliyyata buraxılmadıqda o, xidməti vəsiqəsini və silahını təhvil verərək sıravi döyüşçü kimi ön cəbhəyə yollandı. Döyüş zamanı yaralansa da geri çəkilmədi. “Məni döyüşdən çıxarma” deyərək şəhidliyə doğru addımladı. Onun nə cəsədi tapıldı, nə də bir izinə rast gəlindi. Lakin Riad Əhmədovun izi torpağın ruhunda, xalqın qəlbində yaşamağa davam edir. Daşaltı əməliyyatı, hər nə qədər faciə ilə nəticələnsə də, xalqımızın mübarizə ruhunu sındıra bilmədi. Və nəhayət, zamanın sınağından keçən bütün qəhrəmanlar kimi Riad Əhmədovun da adı unudulmadı, əksinə hər il daha da ucaldı. Çünki o, öz canı ilə bu torpaqlara möhür vurdu, öz əqidəsi ilə bir millətin yolunu işıqlandırdı. Bugün Daşaltının küləkləri onun döyüş günlərini pıçıldayır, Şuşanın zirvələri onun arzusunun gerçəkləşdiyi anı xatırladır. Azad Qarabağın hər nəfəsində onun inamı, iradəsi, qüruru yaşayır. Bugün Azərbaycan həmin möhkəm iradə ilə yenidən qurulur, çiçəklənir, inkişaf edir. Şəhərlər dirçəlir, yurdlar bərpa olunur, yollar bir zamanlar bölünmüş ürəkləri birləşdirir. Və bütün bu yenidən doğuluşun altında bir həqiqət dayanır: şəhidlərin ruhu bu torpaqlara nur saçır. Riad Əhmədov kimi qəhrəmanların yolu heç vaxt yarımçıq qalmır. Onların başladığı mübarizə azadlıqla tamamlandı, qoyduqları irs isə gələcək nəsillərin əlinə bir bayraq kimi keçdi. Bu gün onun adını daşıyan 203 saylı məktəbin siniflərində oxuyan hər uşaq bir həqiqəti anlayır: Vətən sevgisi sözlə deyil, əməllə yaşanır. Qəhrəmanlıq bir ömürlük yox, bir millətlik dəyərdir. Riadın son addımları Daşaltıda qaldı, amma onun izi bütün Azərbaycanın yoluna çevrildi. Hər yeni tikilən bina, hər yenilənən küçə, hər ucalan bayraq onun və bütün şəhidlərimizin ruhuna bağışlanan bir dua kimi səslənir. Və bu böyük hekayənin sonunda bir həqiqət var: Qəhrəmanlar ölmür. Onlar torpağın nəfəsində, xalqın yaddaşında, gələcəyə ümiddə yaşayır. Riad Əhmədovun adı da belə yaşayır - əbədiyyətə çevrilmiş bir iz, millətin qəlbində səssiz, amma sarsılmaz bir ucalıq kimi… Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan ediləcək. Belə ki, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad olunacaqlar. Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov "Konstitusiya və Suverenlik İli" münasibətilə elan ediləcək bu amnistiyanı Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edib: “Təbii ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə belə bir amnistiyanın elan edilməsi hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağır cinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumların cəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali Baş Komandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın erməni faşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas və ehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi və antiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tam azad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun Prezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan, öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstək vermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçün bütün gərəkli addımları atır. Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib, xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadan yararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundan sonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onları məhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxu