Ən son xəbərlər
Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir” “8 noyabr 2025-ci ildə böyük qələbənin 5-ci ildönümü münasibətilə keçirilən Zəfər paradı Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının tarixi təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, onun tarixi müttəfiqləri, mövcud siyasi münasibətlər sistemi haqqında da düünyaya mesaj oldu: “8 noyabr tarixində Bakıda keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri iştirak etdi, Ordumuzun arsenalındakı müasir silahların bir hissəsi ictimaiyətə nümayiş olundu. Bu parad göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qabaqcıl orduları sırasındadır və ordumuzun vəətnpərvərlik ruhu, döyüş əzmi ilə yanaşı, hərbi-texniki təchizatı da olduqca yüksək səviyyədədir. Diqqəti cəlb edən məqamlardan biri də Türkiyə və Pakistan liderlərinin də bu paradda iştirak etməsi oldu. Paradda Türkiyə və Pakistan hərbçilərinin keçid etməsi, Türkiyənin “Bayraktar Akıncı” PUA-larının, F-16-ların, silahlanmaya yeni qəbul edilən Pakistan istehsallı “JF-17” qırıcılarının da səmada havalanması tamaşaçılar tərəfindən böyk maraqla qarşılandı. Paradda çıxış edən Türkiyə Prezidenti bəyan etdi ki, ölkəsinin Azərbaycanla birliyi daha da güclənəcək, ikitərəfli münasibətlər bundan sonra da dinamik şəkildə inkişaf edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla qardaşlıq münasibətlərindən məmnunluğunu dilə gətirib, ölkəsinin istehsal etdiyi “JF-17” qırıcılarını, bu qırıcıların Bakı səmansında uçuşunu Azərbaycan-Pakistan dostluğunun rəmzi kimi xarakterizə edib. Xatırladım ki, cari ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilmiş, həmin görüşdə üçtərəfli münasibətlərin inkişafı, terrorizmə qarşı birgə mübarizə, bütün sahə və istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsi və s. kimi məsələlərlə bağlı ortaq mövqe sərgilənmişdi. 8 noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirakı göstərdi ki, liderlərin Laçın görüşündəki birlik mesajları praktiki müstəvidə reallaşmaqda, birmənalı şəkildə öz əksini tapmaqdadır. Əminəm ki, Bakıda keçirilən 8 noyabr paradı bütün anti-Azərbaycan, anti-türk qüvvələri üçün çəkindirici mesaj olacaq, üç dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da inkişafı üçn təkan rolunu oynayacaq. Mən bayram münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu, bu şanlı ordunun şanlı sərkədəsi Mzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edir, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi. Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi. Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir. Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı. Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır. Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana! Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı paradda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Əziz hərbçilər. Hörmətli qonaqlar, xanımlar və cənablar. Mən Sizi və bütün Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını şanlı Zəfərimiz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır! X X X Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı -Əziz Qardaşım, Prezident cənab İlham Əliyev. Pakistanın Baş naziri cənab Şahbaz Şərif. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaşlarım. Sizləri ən səmimi hisslərimlə, hörmət və sevgi ilə salamlayıram. Zəfər Günümüzün beşinci ildönümündə sizinlə bərabər olmaqdan böyük xoşbəxtlik duyuram. İlham Əliyev qardaşıma zərif dəvətinə görə təşəkkürlərimi bildirirəm. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi sevgilərini gətirdim. Bu qürur günümüzdə inanıram ki, hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun! Allah Azərbaycanı və Türk dünyasını neçə belə Zəfərlərə qovuşdursun! Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm. Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizi - Azərbaycanın igid övladlarını bir daha rəhmətlə yad edirəm. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını, inşallah, cənnət etsin. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə təsvir edirdi: Bu gün gərək Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin. Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır. Bilirsiniz ki, əslən qarabağlı olan böyük bir şairimizi 45 gün əvvəl haqq dünyasına yola saldıq. Mərhum Yavuz Bülent Bakiler Qarabağ həsrətini bu misralarla dilə gətirmişdi: Torpağına bayraqlarla girə bilərəm, Qara sevdalılar kimi həsrətəm Qarabağa. Uğrunda ölə bilərəm. Bir gün bitərsə hər şey Qarabağı görmədən. İstəmərəm orkestr, böyük əklillər. Allahım, ruhuma bir az sükun ver. Üstümə oxunmuş bir ovuc müqəddəs Qarabağ torpağından sərpilsə yetər. İllərlə şairlər Qarabağ üçün həsrət dolu belə şeirlər yazmışlar. İlham qardaşımın qətiyyətli liderliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək könüllərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında əmin-amanlıq, inkişaf, sülh, rifah və azadlıq var. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da güclənməkdə davam edəcək. Əziz dostlarım, hörmətli qonaqlar, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik. Ermənistanın Baş naziri cənab Paşinyanın da bu yolda atdığı cəsur addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv mövqeyi ilə bölgədə əmin-amanlığı və sülhü bərqərar edəcək davamlı bir müqavilə ilə nəticələnəcək. Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşürsə, inşallah, bunu etməkdə davam edəcəyik. Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk. Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram. Əziz qardaşlarım, Azərbaycan Qarabağ başda olmaqla bölgənin bərpasında və yenidən qurulması, xalqın təhlükəsiz şəkildə geri qayıtması, yox edilən mədəni və dini mirasın bərpası üçün böyük səylər göstərir. Qarabağa İlham qardaşımla birlikdə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də bir qismində iştirak etdiyi səfərlərimiz oldu. Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk. Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm. “Rəbbim yar və yardımçınız olsun!” deyirəm. Bu düşüncələrlə Vətən müharibəsində al qanları ilə torpağı sulayan əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimi bildirirəm. Eynilə, 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusən şöhrəti ilə ün salmış şəhid Ənvər Paşanı və qardaşı Nuri Killigil Paşanı bir daha ehtiramla yad edirəm. Fürsətdən istifadə edərək 9 Noyabr – Dövlət Bayrağı Gününüzü də ürəkdən təbrik edirəm. Hamınızı ən səmimi hisslərimlə salamlayıram. Sağ olun, var olun, Allaha əmanət olun! X X X Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi. Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı -Mənim əziz qardaşım, Prezident İlham Əliyev. Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan. Əziz qardaşım, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx həzrətləri Əl Məktum. Azərbaycan Silahlı Qüvvələrin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaş və bacılar. Hörmətli rəsmilər, xanımlar və cənablar. Salaməleyküm, günortanız xeyir olsun. Əziz qardaşım Prezident İlham Əliyevə belə bir sevinc dolu münasibətlə mənə etdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Pakistan xalqının səmimi salamlarını azərbaycanlı qardaş və bacılarına çatdırıram. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin beşinci ildönümünü qeyd edirik. Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər. Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir. Xanımlar və cənablar, bu il avqustun 14-də Hindistanla dördgünlük mübarizədə tarixi zəfərimizi – Maarka-e-Haqqı qeyd etmək məqsədilə sürəkli alqışlarla İslamabadda Pakistanın Silahlı Qüvvələri ilə birlikdə fərəh hissi ilə marş altında keçən Azərbaycan və Türkiyənin hərbi kontingentləri yadıma düşür. Bu gün ürəyim fəxarət hissi ilə dolur. Xanımlar və cənablar, çünki mən böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını burada görürəm. Uşaqlıq xatirələrim göz önünə gəlir. O zaman, mərhum atam 1947-ci ildə Pakistanın yaranması ilə nəticələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bu gün sizin təbəssümlü simanızı və sevinc dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha qəlbimdə canlanır. Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şeirində yazırdı: “Birlik qarşısında dayanır nə qılınc, nə strategiya! İnamın alovu zəifləyəndə isə, bu birliyin bütün telləri titrəyir!”. Mən bu misraları indi ingilis dilində söyləyirəm. İqbal öz tarixi şeirində bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır, çünki onlar qəhrəman mücadiləsinə həvəs verir. Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu. Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu. Feldmarşal Səyid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar Silahlı Qüvvələri düşmənin burnunu ovdu, düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələr endirdi. Hava Qüvvələri Marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında Vətənin müdafiəsi üçün səmaya qalxan və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin çox müasir yeddi təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar. Əslində, Pakistan azərbaycanlı və türkiyəli qardaşları kimi, sülhə çalışır, lakin heç kəsdə şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına alsın. Xanımlar və cənablar, bu gün keçmişimizi xatırlamaqla bərabər, gələcəyimizə də böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan güclü şəxsi sadiqliyinizin böyük rəmzidir. Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bu gün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kim ola bilər?! Bütün qonaqlarla yanaşı, bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən onun uzaqgörən rəhbərinə böyük iftixarla baxdığımı qeyd etməliyəm. Xanımlar və cənablar, əsl qələbə təkcə döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır. Əziz qardaşım Prezident İlham Əliyev, Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək, Sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır. Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürümü bildirməliyəm. Məhz Prezident Trampın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu, əsas müharibəyə imkan verilmədi və milyonlarla insanın həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu. Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanıstanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, Qətər dövlətinin iştirakı ilə baş tutdu. Bu, həm çətin, həm də asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü, sınaqdan keçmiş qardaşlıq əlaqələrinin əsl təzahürüdür. Xanımlar və cənablar, bu gün Zəfəri qeyd etdiyimiz bir vaxtda, biz, həmçinin şəhidləri yad etməliyik. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixində və yaddaşında qalan fəsli yazdı. Bu gün cəsur oğul və qızlarımızın qanı və canı sayəsində azad olmuş zəngin Qarabağ torpaqlarında gözəl xarıbülbül yenə çiçək açır və sülh ümidi gətirir. Qoy, Uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu! Sağ olun. X X X Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı. Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi. Daha sonra hərbi texnikaların keçidi oldu. Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər. Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var. Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır. Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir. “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur. “Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir. Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır. Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur. “Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid - bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir. Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib. Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır. Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.
Hamısını oxu
“Bu qələbə göstərdi ki, dünyanın Ordumuzdan və Prezidentimizdən öyrənməli olduğu çox şey var” Sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi günlə bağlı “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq: -Səmyar müəllim, sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi gün və onun əhəmiyyəti ilə bağlı fikirinizi bilmək istərdik. -Mən öncə bu tarixi və müqəddəs bayramla əlaqədar olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından 8 Noyabr zəfərinin baş memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, hörmətli Birinci Vitse-prezident Mehriban Əliyevanı, Silahlı Qüvvələrimizi, qazilərimizi, bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ruhu qarşısında hörmətlə baş əyirəm. Azərbaycanın yalnız hərb tarixinə deyil, bütövlükdə, dövlətçilik tarixinə qızıl hərflrə həkk olunan bu tarixi zəfər Prezidentimizin və Ordumuzun xalqımıza, dövlətçiliyimizə əbədi töhfəsi oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin bərpası baxımından da həyati addım atdı. Qələbə nəticəsində xalqımız özünə olan inamını tam bərpa etdi, xalqımızın qürur və ləyaqətinin tapdanmasına son qoyuldu. 8 Noyabr zəfəri sadəcə erməni faşizminə deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı məğlubedilməzdir və onun sülh arzusunu zəiflik kimi qəbul etmək, onunla təhdid və təzyiq dili ilə danışmaq yanlışdır. Necə ki, cənab Prezident İlham Əliyev dəfələlər qeyd edib ki, heç kim Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz və bu cür danışmaq istəyənlər heç vaxt öz məqsədlərinə nail olmayacaqlar. -Sizcə 8 Noyabr zəfəri dünyanın Azərbaycana olan baxışını necə dəyişdi? -Etiraf etmək lazımdır ki, qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, dünyanın bizə olan baxışının da əhəmiyyətli dərəcədə dəyişilməsində mühüm rol oynadı. Biz 2020-ci iln 8 Noyabr zəfərinə qədər təcavüzə məruz qalan, işğalın nəticələrini ortadan qaldıra bilməyən, məğlub tərəf idik. Demək olar ki, dünya dövlətlərinin böyük əksəriyyəti hesab edirdi ki, Azərbaycan işğaldakı torpaqlarını heç vaxt azad edə bilməyəcək. İşğal faktının üstündən 30 illik uzun bir zamanın keçməsi reallığı da bu düşüncəni qüvvətləndirirdi. Lakin Azərbaycan Silahlı Qüvvələri öz misilsiz zəfəri ilə bütün dünyaya göstərdi ki, xalqımız qələbə qazanmağa, özünü və öz torpaqlarını hər cür təcavüzdən hifz etməyə qadirdi. 8 Noyabr zəfərini əvəzedilməz edən amillərdən biri də ordumuzun 44 günlük Vətən müharibəsi zamanı öz bacarığı və peşəkrlığı ilə dünyanın hərbi baxımdan inkişaf etmiş ən qabaqcıl dövlətlərinə belə dərs keçməsi idi. Şuşa kimi strateji bir şəhərin heç bir ağır texnikanın iştirakı olmadan - sadəcə yalın əl və yüngül atıcı silahlarla azad edilməsi faktı dünya üçün əsl şok effekti yaratdı. Əminliklə bildirirəm ki, bir çox ölkələr, hərbi mütəxəssislər bu gün də həmin hadisənin təsirindən tam azad olmayıb. Onlar bu gün də 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini təhlil etməkdə, araşdırmaqdadır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, milyonlarla orduya, böyük nüvə arsenalına, yüksək texnologiyaya malik ölkələrin belə Azərbaycan Ordusundan, onun Ali Baş Komandanından öyrənməli olduğu çox şeyi var. -8 Noyabr zəfəri Azərbaycanla yanaşı, regionun həyatında hansı yeniliklərə səbəb oldu? -Bu qələbə Azərbaycanla yanaşı, Cənubi Qafqazda da ciddi dəyişikliyə səbəb oldu. Faktiki olaraq regionda yeni bir status-kvo formalaşdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi gücünə görə deyil, həm də hərbi potensialı və döyüş gücünə görə şəriksiz liderdir və onun iştirakı olmadan regionda sülhü və təhlükəsizliyi təmin etmək mümkün deyil. 8 Noyabr zəfərinin region üçün digər mühüm əhəmiyyəti bütün bölgənin erməni faşizmi təhlükəsindən sığortalanması oldu. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etdi. Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialının 80%-ni sırdan çıxarıldı. Erməni faşizmi sadəcə hərbi deyil, mənəvi-ideoloji baxımdan da ölümcül zərbə aldı. Bu amil bütün regionda sülh və təhlükəsizlik üçün əlverişli ortam formalaşdırdı. Azərbaycan işğaldan azad edilən ərazilər üzərində nəzarəti təmin etməklə uzun illər bu torpaqlarda narkotik yetişdirən, terror təşkilatları üçün hərbi düşərgələr yaradan erməni faşizminin mənfur ənənəsinə son qoydu. Bu gün işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük quruculuq və abadlıq işləri buna nümunədir. 8 Noyabr zəfəri regionun iqtisadi inkişafı üçün də böyük imkanlar açdı. Bu gün Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır ki, bu da sadəcə Azərbaycanın deyil, bu dəhlizdən istifadə edəcək bütün ölkələrin iqtisadi həyatında müsbət yeniliklərə səbəb olacaq. Həmin ölkələrdə əhalinin sosial rifahı daha da yaxşılaşacaq ki, bu da hər bir dövlətin marağına uyğundur. Bir sözlə, əminliklə qeyd etmək olar ki, 8 Noyabr zəfəri hərbi əhəmiyyət daşıdığı qədər də iqtisadi və mənəvi əhəmiyyətə malikdir. Bu zəfər xalqımızın mübarizə ruhu üçün ilham mənbəyi olmaqla yanaşı, həm də tarixi yaralarımıza çəkilən əvəzsiz bir məlhəmdir. Bu zəfər illər, əsrlər sonra da bizə öz milli kimliyimizi, mübarizliyimizi, yenilməzliyimizi xatırladacaq, bizə növbəti qələblərimiz üçün ciddi sitimul olacaq. Mən bir daha 8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı, Prezidentimizi, Ordumuzu təbrik edirəm. Azərbaycan xalqı olaraq bizə bu zəfəri, bu sevinci bəxş edən qəhrəman şəhidlərinizi unutmayacaq, onların əziz xatirəsini daim sevgi və ehtiram hissi ilə yad edəcəyik. Çünki cənab Prezidentin dediyi kimi – qələbənin memarı qəhrəman Azərbaycan əsgəri, qəhrəman şəhidlərimizdir! Və şəhidlərimizin ölümsüz xatirəsi bizim qəlbimizdə sonsuza qədər əbədi yaşayacaqdır! Seymur ƏLİYEV
Hamısını oxu
Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək işğal olunmuş torpaqlarımızın azad olunmasında əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 28 oktyabr 2025-cü il tarixində Sabunçu rayonunda tədbir keçiriblər. 8 Noyabr –Zəfər Gününə həsr edilmiş tədbir Sabunçu rayonu Gənclər Evində baş tutub. Tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, onun müavini Adil Məmmədov. Silahlı Qüvvələr veteranı Zahiddin Abbasov,44 günlük Vətən müharibəsi veteranı Murad Mürşüdov ,gənclər və digər qonaqlae iştirak etdilər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıq elan edib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib, daha sonra torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla anılıb. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verildi. O, ilk öncə Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Adil Haqverdiyev çıxış edərək bildirdi ki, 2020-ci ilin 8noyabr tarixi-Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı.44 Günlük Vətən müharibəsinin qələbəsi Ali Baş Komandanın,Azərbaycan Ordusunun xalqımızın birliyinin baris nümunəsidir. 44 günə başa çatan bu müharibə misli görünməmiş savaş kimi dünya hərb tarixinə düşdü. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın toxunulmazlğı yolunda canlarından keçmiş şəhidlərimizə Uca Tanrıdan rəhmət.qazi və veteranlarımıza can sağlöğı arzulayıram. Daha sonra Zahiddin Abbasov və digər qonaqlar çıxış etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Hərbi sənayemiz gücümüz, qürurumuz və təhlükəsizlik qarantımızdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, bu çıxışda səsləndirdiyi fikirlər dövlətimizin təhlükəsizliyi və tərəqqisi baxımından mühüm əhəmiyyətə malikdir: “Cənab Prezident AMEA-nın 80-ci ildönümündəki çıxışında bir çox mühüm məqmalara toxundu ki, bunlardan da biri hərbi sənayenin, eləcə də elm və texnologiyanın inkişafı ilə bağlı idi. Dövlət başçısı müasir dünyamızda güc faktorunun önəmini qeyd edərək, bildirdi ki, dövlətlərin təhlükəsizliyi getdikcə daha çox elm və texnoloji inkişafdan asılı vəziyyətə gəlir. Mövcud reallıqlar hərbi sənayenin inkişafı, kibertəhlükəsizlik və s. kimi amillərə daha çox diqqət yetirməyi zəruri edir. Bu baxımdan Azərbaycanda hərbi sənayenin, elm və texnologiyanın sürətli inkişafı milli maraq və təhlükəsizliyimizin təmini baxımından həyati önəm kəsb edir. Dövlət başçısı çıxışında Azərbaycanın dünya bazarına rəqabətədavamlı hərbi məhsullar çıxardığını vurğuladı və PUA istehsalı ilə bağlı görülən işlərə də toxundu. Prezident vurğuladı ki, bu istiqamətdə səylər bundan sonra da davam etdiriləcək. Dövlət başçısı müasir dünyada kibettəhlükəsizlik faktorunun da ciddi aktuallıq qazandığını vurğuladı. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına diqqət çəkən Prezident İlham Əliyev, gələcək təhlükəsliyimiz üçün dəyişən dünyanın dəyişən təhlükələrinə münasibətdə adekvat mövqe ortaya qoymağın vacibliyini qeyd etdi. Prezidentimizin çıxışı bir daha göstərdi ki, müasir Azərbaycan dövləti bugünkü təhlükələrlə uğurla mübarizə aparmaqla yanaşı, gələcək təhlükələri də diqqət mərkəzində saxlayır, mümkün təhdidlərə münasibətdə ayıq-sayıqlıq sərgiləyir”. Polkovnik qeyd etdi ki, dövlət başçısının dövlət və özəl şirkətləri alimlərimizlə əməkdaşlığa səsləməsi də diqqət yetirilməsi gərəkən xüsusi məqamlardan biridir: “Müzəffər Ali Baş Komandan çıxışında dövlət və özəl şirkətlərə müraciət edərək onları Azərbaycan alimləri ilə yaxından əməkdaşlıq etməyə, alimlərimizin bilik və bacarığından faydalanmağa səslədi. Bu, həm alimlərimizin nəzəri biliyinin praktiki müstəvidə dəyərləndirilməsi, həm də elmi-texnoloji inkişafın sürətləndirilməsi baxımından olduqca önəmli bir yanaşmadır. İnanıram ki, həm dövlət, həm də özəl şirkətlər dövlət başçısıın bu çağırışına yekdilliklə səs verəcək, Azərbaycan alimləri ilə geniş şəkildə əməkdaşlıq etməklə ölkəmizdəki texnoloji inkişafı daha da sürətləndirəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxuModern İnkişaf və Ailə İctimai Birliyi tərəfindən 4 noyabr 2025-ci il tarixində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümü münasibətilə “Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdən öncə Azərbaycan Respbublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva 8 Noyabr zəfərinin önəmindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə sərgilədiyi fədakarlığa diqqət çəkib: “8 Noyabr Azərbaycanın hərb tarixində ən böyük uğur, ən parlaq qələbədir. Düz 5 il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni faşizmi üzərində qəti qələbə qazanaraq işğaldakı torpaqları düşməndən azad etdi. Bizi zəfərə qovuşduran cənab Prezidentimiz olsa da, bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu heç kimə sirr deyil. Ümummilli ldier vaxtiylə deyirdi ki, biz hökmən Füzuliyə də, Laçına da, Kəlbəcərə də qayıdacağıq. Heydər Əliyevin bütün müsahibə və açıqlamalarında Azərbaycanın tarixi zəfərinə olan dərin inam ifadə olunurdu. 2020-ci ilin 8 noyabr tarixində xalqımızın əldə etdiyi tarixi zəfər sübut etdi ki, Ulu öndər inamında haqlı imiş. Azərbaycan xalqı öz böyük sərkərdəsi, cəsur Prezidenti, şəhid və qazilərinin qəhrəmanlığı sayəsində tarixdə misli-bərabəri olmayan zəfərə imza atdı. Bu böyük sevinci bizə yaşatdığı üçün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyir, Müzəffər Ali Baş Komandanımıza sonsuz sevgi və minnətdarlığımızı bildiririk”. Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov 8 Noyabr zəfərinin sadəcə Azərbaycan deyil, türk-islam dünyası baxımından böyük qələbə olduğunu bildirib. Müharibə zamanı bütün xalqın Prezident İlham Əliyevin ətrafında sıx biləşdiyini vurğulayan millət vəkili, xalqımızı və dövlətimizi gələcək bəlalardan qorumaq, uğur və qələbələrimizi davam etdirmək üçün Vətən müharibəsi dönəmindəki birlik və bərabərliyi qoruyub saxlamağın vacibliyinə toxunub. Şəhid anası Mehriban Abdurrəhmanova çıxışında Ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlğından danışıb: “Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Hərbçilərimiz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldı. Bir nəfər də olsun mülki erməniyə xətər yetirmədi. Bu müharibə bir daha sübut etdi ki, xalqımız qəhrəman olduğu qədər də mərhəmətlidir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində tarixi rəşadət göstərdiyini söyləyib: “44 günlük Vətən müharibəsi xalqımızın bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcəyini sübut etdi. Azərbaycan xalqı sübut etdi ki, o, özünü, öz torpağını qorumağa qadirdir və bundan sonra da Prezidentinin ətrafında sıx birləşməkdə davam edəcək”. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova, Qarabağ əlili Hüseyn Tahiroğlu da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın Vətən müharibəsində göstərdiyi fədakarlğın bütün dünyanı heyrətə saldığını qeyd edib. Tədbirdə çıxış edən vəkil Şəfiqə Nağıyeva Prezident İlham Əliyevin hər bir azərbaycanlının arzusunu reallığa çevirdiyini bildirib. O, qeyd edib ki, “Qarabağ Azərbaycandır” ifadəsi hər zaman səslənsə də, bu ifadə praktikada öz yerini məhz 2020-ci ilin 8 Noyabr zəfərindən sonra tutub. Şəhid anası Lətifə Novruzova, Vətən müharibəsi qazisi Elçin Əhmədov, vəkil Lətifə Əliyeva, şəhid anası Alimə Cəfərova da çıxışlarında 8 Noyabr zəfərinin önəminə toxunub, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndiriblər. Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinə yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbirin sonunda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, xatirə şəkli çəkilib və 100-dən çox şəhid ailə üzvünə, qazilərə ziyafət verilib.
Hamısını oxu
Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi Beş il öncə 2020-ci il noyabrın 8-dəAzərbaycan xalqı tarixinin ən qürurlu səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini və ordunun gücünü dünyaya nümayiş etdirdi. Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Ardınca yeni bir mərhələ – Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başlandı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas alıb. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin sözlər gerçək olur. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunaraq dünya miqyasında tikinti rekorduna imza atdı. Bu, yalnız mühəndislik uğuru deyil, həm də azad torpaqlarda yeni həyatın rəmzidir. Zəngilan və Laçın hava limanları regionun beynəlxalq əlaqələrinə yeni nəfəs gətirib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır. Ağıllı Kəndlərdən Ağıllı Şəhərlərə – Qarabağın Yeni Həyat Nəbzi Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir. Ötən 5 il ərzində 10 mindən çox sakin öz doğma torpaqlarına Füzuli, Laçın, Zəngilan rayonlarına qayıdıb. Hər qayıdış bir ailə hekayəsidir, bir həyatın yenidən başlanğıcıdır. Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.” Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur. Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir. Şuşa yalnız keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Burada hər addım tarix, hər baxış mədəniyyət, hər nəfəs isə Qarabağın inadkar ruhu ilə doludur. Yaşıl Enerji və “Zəngəzur Dəhlizi” – Yeni İqtisadi Arxitektura Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir. Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır. Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı. Qarabağ Zəfəri – Türk Birliyinin Oyanışı 2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqlarını yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməl daşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib. 2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır. 2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir. Vaşinqtonda tarixi imza: “Tramp Memorandumu” Azərbaycanın qlobal rolunu gücləndirir 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.” Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək. Tramp Memorandumu həm enerji sektorunda, həm də rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açır. ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın çoxşaxəli diplomatiyası nəticəsində bu sənəd yalnız iki ölkə arasında deyil, qlobal enerji və təhlükəsizlik sistemində də mühüm hadisəyə çevrilib. “Tramp Memorandumu” Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil diplomatik kursunun və regional liderliyinin daha da möhkəmləndiyini göstərir. Bu sənəd bir daha sübut etdi ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarantıdır. Azərbaycan – Şərqlə Qərbin Kəsişdiyi Yeni “İpək yolu” Körpüsü Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur. Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Eyni zamanda Bakı və Moskva arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Əsas diqqət sərhəd təhlükəsizliyinə, xüsusilə də Qarabağ və Ermənistan sərhədlərində sabitliyin qorunmasına yönəlib. Zəngilan və Laçın istiqamətlərində müasir sərhəd məntəqələrinin inşası artıq tamamlanıb, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti regionda sülhün və təhlükəsizliyin etibarlı təminatına çevrilib. Bu gün Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır. Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi. Zəfərin Beş İli – Qəhrəmanlıq, Vətənpərvərlik və Dövlətçilik Salnaməsi “Zəfərin beş ili”, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında dayanan güc – Azərbaycan qadınının mərhəməti, şəfqəti və fədakarlığıdır. Bu ali keyfiyyətlərin bariz nümunəsi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyini, humanizmi və Vətənə məhəbbəti öz şəxsiyyətində birləşdirir. Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir. Qarabağ Zəfəri: Gücün, İradənin və Qəhrəmanlığın Manifesti Bu beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəklərində qürur və sevinc yarandı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu. Hərbi qulluqçularımız 2 min 900-dən çox şəhid vermişdi, lakin onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət başçısının imzaladığı sərəncamlarla ərazi bütövlüyümüzün bərpasında iştirak edən hərbi qulluqçular orden və medallarla təltif edildi, bir qismi isə yüksək hərbi rütbəyə layiq görüldü. Zəfərin Beş İli – Ordumuzun Qüdrəti, Xalqın Birliyi və Dövlətin Əzəməti Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı. Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi. Parad bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs yerdədir. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı yaddaşına çevrildi. Burada ucaldılan Zəfər Tağı, memorial abidələr, tematik bağçalar və ümumi baxış nöqtəsi Qələbənin əzəmətini, xalqın birliyini və dövlətin qüdrətini əks etdirən amil kimi tarixi abidəyə döndü. Muzeydə şəhidlərimizin adları qızıl hərflərlə həkk olundu, ordumuzun igidliyi, xalqımızın dözümü və əzmi əbədiləşdirildi. Bu Qələbə təkcə əsgərlərin deyil, həm də bütün xalqın, bütün nəsillərin zəfəridir. Respublika Veteranlar Təşkilatının üzvləri bu tarixi qələbə ilə dərin qürur hissi keçirir, özlərinin bu zəfərdə payı olduğuna görə fəxrlə danışırlar. Onlar Ali Baş Komandan İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtirama, veteranlara verilən yüksək qiymətə görə minnətdarlıq ifadə edir, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirlər. Zəfər Günü – bu, millətin birliyinin, dövlətin qüdrətinin, xalqın sarsılmaz iradəsinin rəmzidir. Bu gün biz bir daha fəxrlə deyirik: Qarabağ Azərbaycandır! Bu Qələbə əbədi olacaq, çünki onu xalqın inamı, şəhidlərin qanı, ordumuzun şücaəti və dövlətin iradəsi ilə qazanmışıq! Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu