Ən son xəbərlər
Bu gün Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Məhz bu səbəbdən Heydər Əliyevin dayısı qızı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri, Respublika YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanı redaksiyamıza qonaq edib, həmsöhbət olduq. Zərifə xanımla müsahibəni təqdim edirik: — Zərifə xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Koreya Şərq Təbabəti Klinikasında çalışırdınız. Hazırda da həkim kimi çalışırsınız? — 12 il Koreya Şərq Təbabəti Klinikasında baş həkim olmuşam. Mən hazırda yazıçı-publisist kimi fəaliyyət göstərirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Uzun illərdir kitablar yazıram. İndiyə qədər səkkiz bədii kitabım çap olunub. 44 günlük Vətən müharibəsindən sonra düşündüm ki, bu tarixi hadisələri gələcək nəsillərə çatdırmaq lazımdır. Buna görə də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab yazdım. Kitab həm Azərbaycanda, həm də xaricdə böyük maraqla qarşılandı. Daha sonra Vətən müharibəsi və şəhidlərimiz haqqında kitablar yazdım. Şəhid ailələri və qazilərlə daim görüşür, onların yanında olmağa çalışıram. Şəhid ailələrini Şuşaya, Ağdama və Xankəndiyə aparmışıq. Onlar övladlarının uğrunda can verdiyi torpaqları görəndə həm kövrəlirdilər, həm də qürur hissi keçirirdilər. — Heydər Əliyevi yaxından tanıyan bir qohumu - dayısı qızı kimi necə xarakterizə edərdiniz? — Heydər Əliyev Azərbaycanın qurucusu, memarı və xalqın qoruyucusudur. Belə bir dahi şəxsiyyəti Ulu Tanrı Azərbaycanın gələcəyi üçün yaratmışdı. Heydər Əliyev haqqında danışmaq hər bir insan üçün böyük şərəfdir. Çünki o, Azərbaycana sabitlik, inkişaf və gözəllik gətirib. Xalqımıza nəfəs, əmin-amanlıq və sakitlik bəxş edib. Bu gün biz qürurla deyirik ki, suveren və müstəqil Azərbaycanda yaşayırıq. Amma bir zamanlar Azərbaycan çox ağır günlər yaşayırdı. Qardaş qırğını, faciələr və qarışıqlıq hökm sürürdü. 20 Yanvar faciəsi və Xocalı faciəsi xalqımızın başına mənfur qüvvələr tərəfindən gətirilmiş ağır müsibətlər idi. Biz həmin dövrlərin canlı şahidiyik, baş verənləri öz gözlərimizlə görmüşük. 20 Yanvar faciəsi zamanı xalq özünü dayaqsız və gücsüz hiss edirdi. Azərbaycan xalqı sanki atasız-anasız uşaq kimi idi. Məhz həmin vaxt Heydər Əliyevin çıxışı xalq üçün ümidə çevrildi. Məncə, bu sadəcə müsahibə deyildi, bir bəyanat idi. O, bütün dünyaya bəyan etdi ki, xalqının üstünə silahla gəliblər, torpaqlarımız işğal olunub, amma Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. O dövrdə ordumuz zəif idi, ölkədə ciddi idarəetmə böhranı yaşanırdı. Təsadüfi rəhbərlər yalnız “kreslo davası” aparırdılar. Xalq başsız qalmışdı. Mən Yanvar faciəsində şəhidlərin dəfn mərasimlərinin canlı şahidi olmuşam. Heç bir rəhbər xalqın önünə çıxmırdı. Amma Heydər Əliyev səfirliyə gəlib o tarixi bəyanatı verdi və xalq hiss etdi ki, onun lideri, dayağı var. — Heydər Əliyevlə hansı maraqlı xatirələriniz var? — Ailəlikcə onlara tez-tez gedirdik. Heydər Əliyev işdən gec çıxırdı. Biz oraya ailə üzvü kimi gedirdik. Onunla daha çox atamın işi olurdu, çünki hərbçi idi və DTX-də çalışırdı. Onu deyə bilərəm ki, Heydər Əliyev olduqca zəhmli, dağ kimi bir adam idi. Ancaq onunla söhbət edəndə ürəyinin necə yumşaq olduğunu görmək olurdu. Onunla söhbət etdikdə sizinlə birlikdə gözü dola bilirdi. Universiteti bitirəndə Zərifə Əliyeva çox istəyirdi ki, göz həkimi olum. Mən də “Yox, Zərifə xanım, mən göz həkimi kimi işləyə bilmərəm, əlimdən fəsadlar yaranar” dedim. O da “özün bilərsən, hansı istiqaməti istəyirsən seç” dedi. Bir gün görüşlərin birində söz düşdü, Heydər Əliyev dedi ki, bu qız gərək orqanda işləsin. Məhz bundan sonra tapşırdı, Nizami rayon partiya komitəsində şöbə müdiri təyin olundum. Bu gün də fəxr edirəm ki, Heydər Əliyev mənə belə yüksək qiymət verib. Onu da deyim ki, 1969-cu ildə, hələ cənab Prezident İlham Əliyevin 8 yaşı olduğu bir dövrdə o, özünün ciddi xarakteri və çalışqanlığı ilə seçilirdi. Şıltaqlıq etmir, dərsləri ilə məşğul olurdu. — Xalqın Heydər Əliyevi hakimiyyətə çağırdığı dövrə canlı şahidlik etmisiniz. O günləri bir də sizdən dinləmək istərdik… — 1993-cü il hadisələri Azərbaycan üçün çox ağır və həlledici dövr idi. Ölkənin 20 faizi işğal altında idi, müharibə gedirdi. Bir tərəfdən “Sadval” hərəkatı, digər tərəfdən qondarma “Talış Respublikası”, digər tərəfdən isə müxtəlif silahlı qüvvələr ölkəni parçalamağa çalışırdı. Belə bir vəziyyətdə xalq çox düzgün qərar verdi və Heydər Əliyevə üz tutdu. Çünki xalq anlayırdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız böyük təcrübəyə malik lider çıxara bilər. Heydər Əliyev özü də deyirdi ki, ona vəzifə lazım deyil. O, xalqın çağırışı ilə Bakıya gəldi və ölkəni böyük təhlükədən xilas etdi. Heydər Əliyevdə ilahi bir varlıq vardı. Sanki o, bir peyğəmbər kimi Allah tərəfindən göndərilmişdi. Ən çətin anlarda o, Azərbaycan xalqının yanında olurdu. — Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? — Heydər Əliyev bütün həyatı boyu Azərbaycan üçün çalışıb. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin inkişafı üçün böyük işlər görüb. 1960-cı illərin sonlarında Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. İnsanlar çörək növbəsinə dayanırdı. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə böyük dəyişikliklər başladı. Sənaye inkişaf etdi, kənd təsərrüfatı dirçəldi, təhsil və səhiyyəyə xüsusi diqqət ayrıldı. O həmişə, hər yerdə azərbaycanlılara dəstək verirdi. O dövrdə kondisioner zavodu açılanda zavodun tamamilə Azərbaycanda fəaliyyət göstərməsinə nail oldu. Bu çox vacib bir məsələ idi. Beləliklə də, fayda bizə qalır, insanların iş imkanları artırdı. O, hər zaman deyirdi: “Mən ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm. Əgər mən bunu tamamlaya bilməsəm, mənim davamçılarım bu yolu davam etdirəcəklər.” — Bəs Zərifə Əliyeva haqqında nə deyə bilərsiniz? Necə xatırlayırsınız? — Zərifə xanım çox böyük alim və çox böyük insan idi. O, xalqın sağlamlığı üçün misilsiz xidmətlər göstərib. Bir zamanlar Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı və insanlar arasında korluğa səbəb olurdu. Zərifə xanım bu xəstəliyin aradan qaldırılması üçün böyük tədqiqatlar apardı, laboratoriyalar yaratdı və nəticədə bu xəstəlik demək olar ki, yox edildi. O, Sovet İttifaqının ən nüfuzlu tibbi mükafatlarından biri olan Averbax mükafatına məhz buna görə layiq görülmüşdü. Zərifə Əliyeva təkcə alim deyildi, həm də çox qayğıkeş, humanist və yüksək mənəviyyata malik bir insan idi. — Heydər Əliyevin ailə başçısı kimi xüsusiyyətləri barədə nə deyə bilərsiniz? — Heydər Əliyev təkcə böyük dövlət xadimi deyil, həm də gözəl ailə başçısı idi. O, hər zaman ailəsinə bağlı insan olub. Deyirdi ki, onun ən böyük dayağı Zərifə xanımdır. Bu gün biz həmin tərbiyənin nəticəsini İlham Əliyevin ailəsində də görürük. Ailə dəyərləri, milli-mənəvi prinsiplər qorunur və gələcək nəsillərə ötürülür. — Azərbaycanın bu gününü necə qiymətləndirirsiniz? — Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişaf etməsinin əsasında Heydər Əliyevin siyasəti dayanır. Hazırda Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər bunun ən böyük nümunəsidir. Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə böyük qətiyyət nümayiş etdirdi. Xalq da dövlət başçısının ətrafında sıx birləşdi. Hər bir kənd və şəhər azad olunanda xalq böyük sevinc yaşayırdı. Hamı səbirsizliklə Prezidentin çıxışlarını gözləyirdi. Bu Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Azərbaycanın mədəniyyətini, musiqisini və muğamını beynəlxalq səviyyədə təbliğ edir. Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Arzu Əliyeva isə mədəniyyət və kino sahəsində mühüm layihələr həyata keçirir. Bu ailə hər zaman dövlət və xalq üçün çalışıb. — Sonda nə demək istərdiniz? — Qızlarımıza məsləhtim odur ki, Zərifə xanım Əliyevanı özlərinə kumir götürsünlər. Zərifə Əliyeva elə bir şəxsiyyətdir ki, onun saysız-hesabsız müsbət xüsusiyyətləri var. O, ideal bir insan nümunəsidir. Mən öz həyatımda onu həmişə ideal seçmişəm. Çünki həm gördüyü işlər, həm insanlarla münasibəti, həm də mənəvi dünyası hər bir qadın üçün örnəkdir. İstəyərdim ki, xanımlarımız Zərifə Əliyevaın həyat yolundan nümunə götürsünlər. Onun ailədəki mövqeyi, ictimai fəaliyyəti, insanlara münasibəti, xəstələrə göstərdiyi qayğı – bütün bunlar örnəkdir. Cəmiyyətimizin belə nümunələrə ehtiyacı var. Mən özüm də uzun illər onu idealım hesab etmişəm. Son dövrlərdə isə Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız üçün böyük örnəkdir. O, qadınlara geniş imkanlar açır, onların ictimai həyatda daha fəal iştirakına dəstək verir. Azərbaycanın mədəniyyətini və milli-mənəvi dəyərlərini dünyada layiqincə təmsil edir. Bu fəaliyyətlər gənclərimiz və xanımlarımız üçün böyük motivasiyadır. Heydər Əliyev isə hər bir sahədə böyük məktəbdir. Onun həyat yolu, düşüncələri və çıxışları bu gün də insanlara yol göstərir. Hər cümləsində dərin məna var. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri sadəcə bir cümlə deyil, böyük bir ideologiyadır. Bu çağırış insanları milli kimliyini sevməyə, ana dilini, milli-mənəvi dəyərlərini və Vətənini qorumağa səsləyir. Vətən anlayışı bizim üçün müqəddəsdir. Ona görə də “ana Vətən”, “ana torpaq” deyirik. Çünki insan üçün ana necə əzizdirsə, torpaq da o qədər müqəddəsdir. Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan dövlətinə və xalqına xidmət etdi. Onun Azərbaycan haqqında söylədiyi fikirlər bu gün də xalqımızın yaddaşında yaşayır. O, Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərmiş böyük liderdir. Modern.az
Hamısını oxu
Səmyar Abdullayev: “Müasir Azərbaycanın bütün uğurlarının arxasında Ulu Öndərin siyasi kursu, ölümsüz ideyaları dayanır” Sabah Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin andan olmasının 103-cü ildönümüdür. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə Ümummilli Liderin siyasi fəaliyyətinə qısaca nəzər salmağa çalışdıq: -Səmyar bəy, sabah Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əliyev və onun Azərbaycan xalqının həyatındakı tarixi rolunu qısaca necə xarakterizə edərdiniz? -Heydər Əliyevin Azərbaycan dövləti və xalqının həyatındakı rolu həqiqətən də böyük və təkrarsızdır. Əminliklə demək olar ki, Heydər Əliyev xalqımızın sədaqət, həmrəylik və vətənpərvərlik simvoludur. Ümummilli Liderin həyat və mübarizə yolu başdan-başa xalqa sonsuz sevgi və sədaqətlə zəngindir. Onun həyatının hər bir anı Azərbaycan xalqı, onun arzu və istəkləri, inkişaf və tərəqqisi, azadlıq və müstəqilliyi ilə bağlıdır. Heydər Əliyev həm də Azərbaycan xalqının həmrəyliyinin güclənməsində, dünyanın ən müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli maraqlarımız ətrafında sıx birləşməsində mühüm rol oynayıb. Ulu Öndər xarici ölkələrə səfərləri əsnasında bu ölkələrdə yaşayan azərbaycanlılarla da görüşlər keçirir, onları Azərbaycan faktoru ətrafında sıx birləşməyə, doğma vətənin mənafeyi uğrunda mübarizə aparmağa səsləyib. Heydər Əliyevdə olan yüksək ali məziyyətlərdən biri də vətənpərvərlik idi. Hansı ki, onun hər bir çıxışında, müsahibəsində, çağırışında bu amili görmək mümkündür. Heydər Əliyev vətənpərvərliyi hər bir azərbaycanlının mənəvi borcu hesab edirdi. O, hesab edirdi ki, hər kəs doğma vətənin inkişafı üçün əlindən gələni etməli, bu məsələdə bütün digər maraqları,eləcə də şəxsi ambisiyaları bir kənara qoymalıdır. Düşünürəm ki, Heydər Əliyevin vətənpərvərliyi Azərbaycan gəncliyi üçün böyük məktəbdir və gələcək nəsillər bu məktəbdən mümkün qədər çox şey öyrənməli, mümkün qədər çox nümunə götürməlidir. -Vaxtiylə erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi Ulu Öndərin ən böyük arzularından biri idi. Hansı ki, bu arzu Müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. Sizcə erməni faşizmi üzərindəki tarixi qələbədə Heydər Əliyevin rolu nədən ibarətdir? -Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi qələbədə Ümummilli Lider Heydər Əliyevin çox böyük rolu mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycanda nizami ordu məhz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. Ulu Öndərə qədər ölkəmizdə vahid komandanlığa taben nizami ordu mövcud deyildi. Ölkəmizdə bir neçə silahlı birləşmə mövcud idi ki, onların arasında lazımi birlik və koordinasiya yox idi. Əslində Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının əsas səbəblərindən biri də bu idi. Lakin 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndən sonra ordunun güclənməsi, vahid nizami ordunun yaradılması istiqamətində ciddi addımlar atıldı. Bütün silahlı birləşmələr ləğv edildi. Bunun əvəzinə vahid nizami ordu yaradıldı. Milli hərbi kadrların yetişdirilməsi məqsədilə Azərbaycan hərbçiləri Türkiyə və digər dövlətlərə göndərildi. Ordumuzun texniki təchizatının yaxşılaşdırılması, xalq-ordu biriyiin gücləndirilməsi və s. ilə bağlı da mühüm işlər görüldü. Nəticədə, 1994-cü il döyüşlərində Azərbaycan Ordusu düşmənə qarşı uğurlu hərbi əməliyyatlar keçirməyə başladı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində isə Prezident İlham Əliyevin lideriyi ilə işğaldakı bütün torpaqlarımız azad edildi. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ordumuzun daha da gücləndirilməsi üçün ciddi yeniliklər həyata keçirən İlham Əliyev, Silahlı Qüvvələrimizin tarixi uğurunu təmin etdi. Cəmi 44 gün içərisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. -Səmyar bəy, bu gün Azərbaycan həm də öz nəhəng iqtisadi uğurları ilə diqqət çəkir. Sizcə bu uğurlarla Heydər Əliyev iqtisadi kursu arasında hansı əlaqə var? -Bildiyiniz kimi, Azərbaycanın neft məhsullarının dünya bazarına çıxarılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin 20 sentyabr tarixində Ulu Öndərin səyi ilə Azərbaycanla dünya neft nəhəngləri arasında imzalanan “Əsrin müqaviləsi” neft kontraktları sayəsində Bakı neftinin dünya bazarına çxıması təmin edildi. Bu, müstəqil Azərbaycan dövlətinin ilk böyük iqtisadi-siyasi uğuru idi. Çünki bu müqavilə Azərbaycana böyük ölçüdə valyuta axınını təmin etməklə yanaşı, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə də böyük töhfə verdi. “Əsrin müqaviləsi” beynəlxalq arenada Azərbaycana olan marağı hədsiz dərəcədə artırdı. Ölkəmizin nəhəng neft ehtiyatları və bu ehtiyatların Qərbin enerji təhlükəsizliyində oynaya biləcəyi həyati rol ABŞ, Böyük Britaniya, İngiltərə, Almaniya, Norveç və s. dövltlərin Azərbaycana marağına səbəb oldu. Nəticədə, ölkəmizin neft-qaz sektoruna qoyulan xarici investisiyalar sürətlə çoxalmağa, neft ixracatmz artmağa, dövlət büdcəmiz dolmağa başladı. Bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Nəticədə bu gün Avropanın 10-dan çox ölkəsi Azərbaycan neft və qaz məhsulları ixrac etməkdə, respublikamız onların enerji təhlükəsizliyinin təminində mühüm rol oynamaqdadır. Bu, Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkşaf kursunun nə qədər düzgün və səmərəli olduğunu isbatlamaqdadır. -Ulu Öndərin sosial siyasəti haqqında nə deyə bilərsiniz? -Sosüial siyasət, insanların rifahının dinamik şəkildə yaxşılaşdırılması hər zaman Ulu Öndərin siyasətinin əsas tərkib hissəsi olub. Ümummilli Lider çox yaxşı bilirdi ki, sosial rifahın yaxşılaşması iqtisadi inkişafdan keçir. Buna görə də Ulu Öndər ölkə iqtisadiyyatının inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycanın sənaye ölkəsi kimi tərəqqisinə çalışırdı. Təkcə bir faktı qeyd edək ki, 1975-ci ildə məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Bakıda məişət kondinsionerləri zavodunun inşası başa çatdırıldı. Bu, bütün SSRİ miqyasında böyük nailiyyət idi. Ulu Öndər sonrakı dönəmlərdə də ölkə iqtisadiyyatının inkişafı üçün sistemli addımlar atıb, mühüm layihələr həyata keçirib. İqtisadiyyatın inkişafı əhalinin sosial rifahının yaxşılaşdırılmasına şərait yaradır, mühüm sosial layihələrin gerçəkləşməsini təmin edirdi. Statistikaya nəzər salsaq görərik ki, 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Qeyd olunan müddətdə Azərbaycanda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ölkəmizdə əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı ilə bağlı ilk addımlar da məhz Heydər Əliyev tərəfindən atılıb. Bütün bu faktlar Heydər Əliyevin əhalinin sosial təminatına necə böyük diqqət yetirdiyinin göstəricisidir. -Sizcə Heydər Əliyev ideyalarının təbliği, Ulu Öndərin siyasi-ideoloji kursunun öyrənilməsi tariximizlə yanaşı, gələcəyimiz baxımından nə dərəcədə önəmlidir? -Heydər Əliyev məktəbinin gənc nəsillər tərəfindən öyrənilməsi dövlətimizin inkişafı, xalqımızın tərəqqisi, təhlükəsizliyimizin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Çünki Heydər Əliyevin həm ideyaları, həm də şəxsi həyatı, ömür yolu vətənə və xalqa xidmət nümunəsidir. Heydər Əliyev vətənin maraqlarını necə qorumaq lazım gəldiyini, onu hifz etmək üçün necə böyük fədakarlıqlar göstərmək gərəkdiyini şəxsi nümunəsi əsasında göstərib. O, hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik məktəbidir. Azərbaycanımızın gələcəyi naminə gənclər, eləcə də gələcək nəsillər bu məktəbi dərindən öyrənməli, hər bir addımda Heydər Əliyev ieyalarını rəhbər tutmalıdır. Necə ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bugünə qədər Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanın bütün müstəvilərdə qələbəsi təmin etməkdə, uğurlarına uğur qatmaqdadır. Əminəm ki, illər, əsrlər keçsə də, Azərbaycan xalqı Ümummilli Liderin ideyalarına sadiq qalacaq, bu ideyaların işığında növbəti uğurlarına doğru əzmlə addımlayacaq. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV
Hamısını oxuBu gün Cəlilabad Rayon Veteranlar Təşkilatı 9 May - Alman faşizmi üzərində qələbənin 81 illiyi münasibəti ilə tədbir keçirib. Əmək və müharibə veteranları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində həlak olmuş qəhrəmanların əziz xatirəsinə ucaldılmış Ana abidəsi önünə gül dəstələri qoyublar və onların əziz xatirəsini böyük ehtiramla yad ediblər. Tədbirdə bəşəriyyəti müharibə alovuna bürüyən alman faşistləri üzərində qələbənin qazanılmasında azərbaycanlı igidlərin göstərdikləri şücaətlərdən danışılıb, azərbaycan xalqının ön cəbhəyə göndərdiyi yardımlarla bağlı maraqlı faktlar söylənilib. Qeyd olunub ki, müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, bu gün ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarından 13 nəfəri sağdır. Onlardan biri 102 yaşlı Zamanov Əbiş İbiş oğlu Cəlilabad rayonunun Astanlı kəndində yaşayır.
Hamısını oxu9 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət ediblər. Veteranlar məzar önünə əkil qoyub, Ulu Öndərin xairəsini ehtiram hissi ilə yad ediblər. Daha sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsini ziyarət edilib, abidə önünə əkil və gül dəstələri qoyulub. Ziyarətçilər qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədir polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsində Həzi Aslanovun göstərdiyi igidliklər bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə sərgilədiyi misilsiz qəhrəmanlıqlara bariz nümunədir. Veteranlar İkinci Dünya müharibəsində partizan dəstələrində faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Mehdi Hüseynzadənin xatirəsi ehtiramla yad edilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
Hamısını oxu“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir. Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub. Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib. Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.
Hamısını oxu
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir. APA-nın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. May ayının 9-u ölkədə qeyri-iş günüdür. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq. Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub. Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər. Seymur ƏLİYEV
Hamısını oxu
Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri əsnasında iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Həmçinin,Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb. Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri idxal olunacaq. Fransanın “SOFEMA Group” şirkəti ilə isə müasir hərbi geyim və təchizatın alınmasına dair saziş bağlanıb. Xatırladaq ki, Ermənistan bundan öncə də Fransadan xeyli sayda zirehli maşın, artilleriya sistemləri və s. alıb. Makronun Ermənistana səfəri zamanı isə İrəvan öz hərbi təchizatını demək olar ki, Fransaya “həvalə edib”. Belə ki, artıq bundan sonra Ermənistan ordusunun nəqliyyat ehtiyacından tutmuş, geyim və digər texniki təchizatına qədər bir çox ehtiyacı Fransa tərəfindən qarşılanacaq ki, bu da ciddi yenilikdir. Bu, Rusiyaya açıq-aşkar arxa çevirən Ermənistanın Qərblə birmənalı yaxınlaşma xətti yürütdüyünü göstərir. Azərbaycan üçün isə işin daha maraqlı tərəfi İrəvanın silahlanma yanğısının heç cürə səngiməməsi, eyni vüsətlə davam etməsidir. Yada salaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa, Hindistan və s. ölkələrdən hərbi texnika idxalı pik həddə çatıb. Müharibənin başa çatmasından illər ötsə də, Ermənistanın silahlanma tempi nəinki azalmayıb, əksinə, artıb. Bu isə “Ermənistan bunca sürətlə niyə silahlanır” sualını avtomatik olaraq aktuallaşdırır. Çünki balaca Ermənistanın böyük silah ehtiyatına nəzər salanda insanda az qala belə bir təəssürat yaranır ki, İrəvan hasısa mistik qüvvələrin həmləsini dəf etməyə, yaxud UNO hücumuna hazırlaşır. Əgər belə olmasaydı, o zaman rəsmi İrəvan 44 günlük müharibədə darmadağın olan, hərbi potensialı ilə yanaşı, iqtisadi-maliyyə gücününü də önəmli bir qismini itirən ölkə kimi əsas diqqəti yeni silahların alınmasına deyil, çökən iqtisadiyyatın dirçəldilməsinə yönəldərdi. Hansı ki, bu gün biz tamamilə əks prosesi müşahidə etməkdəyik. Lakin Ermənistan bilməlidir ki, əgər bunca silah-sursat Azərbaycanla mümkün müharibə ehtimalı üçün yığılırsa, o zaman döyüş günü gələndə bu ehtiyatın İrəvana heç bir faydası olmayacaq. İrəvanın bunu anlaması üçün 44 günlük müharibəyə nəzər salması kifayətdir. Seymur ƏLİYEV
Hamısını oxu
Artıq bəlli bir müddətdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müxtəlif hərbi hissələrdə Heydər Əliyev irsinin, Ulu Öndər ideyalarının təbliği ilə bağlı silsilə görüşlər keçirməkdə, tədbirlər təşkil etməkdədir. Nümunə üçün qeyd edək ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib, müasir ordumuzun formalaşmasıdna Ümummilli Liderin tarixi xidmətlərinə diqqət çəkib. Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə hərbçilər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğinin ordumuzun mənəvi-psixoloji və ideoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Şübhəsiz, Hərbi Prokurorluq tərəfindən həyata keçirilən bu tədbirlər hərbçilərimizin Heydər Əliyev ideyalarına daha dərindən sahiblənməsi, Ulu Öndər irsinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun istər mənəvi-psixoloji, istərsə də ideoloji hazırlığının yüksəlməsi, vətənpərvərlik tərbiyəsinin güclənməsi, milli-mənəvi dəyərlərə daha dərindən bağlanması baxımından onların Heydər Əliyev irsi ilə yaxından tanış edilməsi son dərəcə önəmlidir. Bildiyiniz kimi, Azərbaycanda müasir ordunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin əzmkarlığı, qətiyyət və fədakarlığı sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb. Hansı ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib, işğaldakı torpaqlarımızın azadlığına nail olunub. Mən Hərbi Prokurorluq tərəfindən Silahlı Qüvvələrimizdə Heydər Əliyev irsinin təbliği istiqamətində atılan addımları yüksək qiymətləndirir, bunu ordu qarşısında mühüm xidmət kimi dəyərləndirirəm. İnanıram ki, bu qəbildən olan tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək, Heydər Əliyev ideyalarına daha dərindən bələd olmaq hərbçilərimizi daha güclü, daha yenilməz edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib 6 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sovet İttifaqı Qəhrəmanlarının ailə üzvləri və müharibə veteranları ilə görüş keçirilib. Görüşdə İkincü Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq İdarəsinin şöbə rəisi polkovnik Asəf Əhmədov, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva, müharibə veteranlarının ailə üzvləri, ölkə ziyalıları və s. iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir “Qələbəyə gedən yollar” adlı hərbi-vətənpərvərlik mahnısının səsləndirilməsi ilə açılıb. Tədbiri giriş nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını, faşizm üzərindəki qələbəyə tarixi töhfə verdiyini bildirib: “Bu əlamətdar gün, bəşəriyyəti faşizm təhlükəsindən xilas edən qəhrəmanların xatirəsini anmaq və sülhün dəyərini xatırlatmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsində faşizmə qarşı 700 minə yaxın azərbaycanlı döyüşüb, onlardan yarıdan çoxu qələbə uğrunda canından keçib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Səlahəddin Kazımov, Müseyib Allahverdiyev, Bahəddin Mirzəyev, Xəlil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, Məmiş Abdullayev, Səməd Abdullayev, Cəmil Əhmədov, Ağaşirin Cəfərov, Məmməd Məhərrəmov, Əmi Məmmədov, Məmməd Məmmədov, Yusif Sadıqov, İdris Süleymanov, Şirin Şükürov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Müseyib Bağırov və başqaları İkinci Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar. Arxa cəbhədəki həyat isə başqa bir qəhrəmanlıq səhifəsi idi. Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Zaman keçir, illər bir-birini əvəz edir, lakin qəhrəmanlıqlar unudulmur. Çünki o, xalqın ruhunda yaşayır. Bu ruh 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı, xalqımızın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə əslində, keçmişlə bu günün vəhdəti, nəsillər arasında mənəvi körpünün təntənəsidir”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə İkinci Dünya müharibəsində Azərbaycan xalqının misilsiz qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu nümunə göstərən Ziyad Səmədzadə, onun Azərbaycan xalqının milli iftixar mənbəyi olduğunu vurğulayıb. Millət vəkili həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin müharibə qəhrəmanlarına, onların ailə üzvlərinə böyük diqqət və ehtiram göstərdiyini vurğulayıb, bu yanaşmanın hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib. Keçirilən tədbirin önəminə toxunan Ziyad Səmədzadə buna görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, bu qurumun dövlətimizin tarixini yaşadan təşkilatlardan biri olduğunu söyləyib. Çıxışının sonunda Ziyad Səmədzadə yeni nəşr olunan kitablarını Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına hədiyyə edib. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani həm İkinci Dünya müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının böyük qəhrəmnanlıqlar göstərdiyini bildirib. General Həzi Aslanovun göstərdiyi qəhrəmanlıqların bu gün də bütün dünyada heyrətlə xatırlandığını bildirən Abdulla Qurbani, bu cür önəmli tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, müəllifi olduğu kitabları Təşkilata hədiyyə edib. Tədbirdə çıxış edən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovniki Emin Aslanov da tədbirə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova təşəkkür edib, İkinci Dünya müharibəsi qəhrəmanları və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Tədbir “Gəl odla oynama” mahnısının ifası ilə başa çatıb. Seymur ƏLİYEV
Hamısını oxu