Ən son xəbərlər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Polkovnik bu medala media ilə uzunmüddətli və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Hamısını oxu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:
Hamısını oxuBu gün məşhur kəşfiyyatçı və partizan, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ad günüdür. Veteran.gov.az xəbər verir ki, bu əlamətdar günlə bağlı Novxanı kənd sakinləri böyük qəhrəmanın abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Tədbirdə “Hacı Səfəralı” məscidinin acundu Hacı Ələsgər Mikayılzadə, iş adamı Cəlil Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev və onlarla ziyalı iştirak edib, Mehdi Hüseynzadə və onun qəhrəmanlığı haqqında maraqlı faktlara toxunublar. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin qəhrəmanlıq irsinin təbliğinin sadəcə hərb tariximizin yaşadılması deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Rəyasət Heyətinin iclası keçirilib. İclası açıq elan edən Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov 2026-cı ildə görülməsi nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Daha sonra müzakirəyə çıxarılan iş planını iştirakçılara təqdim edilib, planla bağlı Rəyasət Heyəti üzvlərinin təklifləri dinlənilib. Sonda Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri də nəzərə alınmaqla Təşkilatın 2026-cı il üçün iş planı təsdiq edilib.
Hamısını oxu
Bəzən bir insanın ömrü bütöv bir xalqın taleyini, iradəsini və ruhunu özündə cəmləyir. Şəhid polkovnik Babək Səmidli məhz belə insanlardan idi. Onun həyatı xidmət, yolu mübarizə idi, sonu isə zirvə - şəhidlik oldu. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhidi Babək Səmidli Vətən müharibəsində qazanılan tarixi Zəfərin memarlarından biri, fədakarlığı və sərkərdə qətiyyəti ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. Onun adı bu gün də xalqımızın yaddaşında dərin ehtiram və qürur hissi ilə yaşadılır. 1974-cü ilin yanvarında Göyçayda dünyaya göz açan Babək Səmidli uşaq yaşlarından hərbi nizam-intizamın, Vətən sevgisinin nə demək olduğunu bilirdi. Üç uşaqlı ailənin ən kiçik övladı olan Babək, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Bu seçim onun taleyinin istiqamətini müəyyənləşdirdi. Daha sonra 1993–1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil aldı, Türkiyə Silahlı Qüvvələrinin tərkibində təcrübə keçdi. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı protokolda nəzərdə tutulmayan, lakin tarixə düşən bir hadisə baş verdi. Heydər Əliyev Kara Harp Okuluna gedərək azərbaycanlı kursantlarla görüşdü. Görüş zamanı gənc kursant Babək Səmidli cəsarətlə söz alaraq məktəbdən xaric edilən azərbaycanlı hərbiyəlilərin taleyini gündəmə gətirdi. O, təkcə özünü deyil, silahdaşlarını düşündü. Bu, onun xarakterinin, liderliyinin ilk açıq təzahürü idi. Heydər Əliyevin həmin məsələyə dərhal müdaxiləsi nəticəsində kursantların təhsili davam etdirildi. İllər sonra Bakıda Ali Hərbi Məktəbin buraxılış mərasimində Heydər Əliyevin Babək Səmidlini tanıyaraq qucaqlaması və “Mənim Türkiyəyə oxumağa göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər” deməsi onun həyat yoluna verilən ən böyük mənəvi qiymət idi. Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. 25 yaşında tağım komandiri kimi fəaliyyət göstərdi, 2000 - 2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri oldu. Tovuzda tağım komandirinin müavini, hərbi polisin xüsusi təyinatlı bölməsində komandir vəzifələrində çalışdı. Xidməti yolu onu müxtəlif hərbi hissələrdən keçirərək daha böyük məsuliyyətlərə apardı. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində kurs keçdi. Elə həmin il Hərbi Polisin xüsusi təyinatlı taborunda komandir müavini təyin olundu. 2015-ci ildə 1-ci Ordu Korpusunun əməliyyat bölməsinin rəisi, iki il sonra isə korpus komandirinin müavini vəzifəsinə yüksəldi. 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində gedən ağır savaşlar Babək Səmidlinin döyüş ruhunu bir daha nümayiş etdirdi. O, təkbaşına 39 yaralı əsgərimizi döyüş meydanından çıxararaq əsl komandir nümunəsi göstərdi. 2018-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Babək Səmidlinin həyat missiyasını tamamladı. Suqovuşan illərlə düşmən tapdağında qalan strateji ərazi onun rəhbərliyi altında azad edildi. O, qələbə qazanan komandir idi, lakin qələbədən dərhal sonra həyatın bərpasını düşündü. Təhlükəyə baxmayaraq mühəndisləri əraziyə apararaq su verilişinin bərpasına nail oldu. Onun əsgərləri qarşısında söylədiyi sözlər bu gün də yaddaşlarda yaşayır: “Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Ya qalib, ya qazi, ya da şəhid…” Bu sözlər pafos deyildi, bu, onun həyat fəlsəfəsi idi. Babək Səmidli müharibədən sonra da borc yolunu seçdi. Mina təhlükəsi olan ərazilərdə şəhidlərin nəşinin çıxarılması üçün yaradılan beynəlxalq qrupun tərkibində yer aldı. 23 noyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi ərazisində mina partlayışı nəticəsində şəhid oldu. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Şəhid polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Lakin onun ən böyük təltifi azad torpaqlarda dalğalanan bayraqlar, rahat nəfəs alan bir millətin gələcəyidir. O, iki övladın atası, minlərlə əsgərin komandiri, bütöv bir xalqın qürur mənbəyi idi. Babək Səmidli sübut etdi ki, şəhidlik ölüm deyil - zirvədir. Və bu zirvəyə yalnız şərəfli yolu seçənlər çata bilir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan Veteran.gov.az-a verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu Hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılmış, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər prosessual tədbirlər icra edilmişdir. Faktla bağlı hazırda araşdırma davam etdirilir. Seymur ƏLİYEV
Hamısını oxu
Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi Qəhrəmanlar unudulmur, onların adları zamanın sınağından keçərək xalqın yaddaşına, tarixin şərəf lövhəsinə həkk olunur. Daşaltı əməliyyatı bu gün qəhrəmanlığın, fədakarlığın və şəhidliyin rəmzinə çevrilmiş bir tarixdir. Onun azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası yox, həm də şəhidlərimizin ruhuna ehtiramın, milli ləyaqətimizin təntənəsinin ifadəsidir. 1992-ci ilin soyuq yanvar gecələrində Azərbaycan ordusu Şuşa şəhərinə gedən strateji nöqtə sayılan Daşaltı kəndini azad etmək məqsədilə hücuma keçdi. Əməliyyat ağır şəraitdə aparılırdı. Təəssüf ki, yerli bələdçilərin xəyanəti nəticəsində ordu erməni pusqusuna düşdü və ağır itkilər verildi. Taktiki baxımdan uğursuz olan bu hücum, göstərilən igidlik və fədakarlıq baxımından milli dirənişin nümunəsi kimi tarixə düşdü. Bu əməliyyatda iştirak edənlər arasında bir ad xüsusilə seçilir - Milli Qəhrəman Riad Əhmədov. O, Nazirlər Soveti sədrinin müavini olmuş bir şəxsin oğlu idi, özü isə yüksək vəzifə daşıyırdı. Lakin Riad üçün Vətən qarşısında borc, vəzifədən, statusdan üstün idi. Kabinet rahatlığını yox, səngər sərtliyini seçdi. Əməliyyata buraxılmadıqda o, xidməti vəsiqəsini və silahını təhvil verərək sıravi döyüşçü kimi ön cəbhəyə yollandı. Döyüş zamanı yaralansa da geri çəkilmədi. “Məni döyüşdən çıxarma” deyərək şəhidliyə doğru addımladı. Onun nə cəsədi tapıldı, nə də bir izinə rast gəlindi. Lakin Riad Əhmədovun izi torpağın ruhunda, xalqın qəlbində yaşamağa davam edir. Daşaltı əməliyyatı, hər nə qədər faciə ilə nəticələnsə də, xalqımızın mübarizə ruhunu sındıra bilmədi. Və nəhayət, zamanın sınağından keçən bütün qəhrəmanlar kimi Riad Əhmədovun da adı unudulmadı, əksinə hər il daha da ucaldı. Çünki o, öz canı ilə bu torpaqlara möhür vurdu, öz əqidəsi ilə bir millətin yolunu işıqlandırdı. Bugün Daşaltının küləkləri onun döyüş günlərini pıçıldayır, Şuşanın zirvələri onun arzusunun gerçəkləşdiyi anı xatırladır. Azad Qarabağın hər nəfəsində onun inamı, iradəsi, qüruru yaşayır. Bugün Azərbaycan həmin möhkəm iradə ilə yenidən qurulur, çiçəklənir, inkişaf edir. Şəhərlər dirçəlir, yurdlar bərpa olunur, yollar bir zamanlar bölünmüş ürəkləri birləşdirir. Və bütün bu yenidən doğuluşun altında bir həqiqət dayanır: şəhidlərin ruhu bu torpaqlara nur saçır. Riad Əhmədov kimi qəhrəmanların yolu heç vaxt yarımçıq qalmır. Onların başladığı mübarizə azadlıqla tamamlandı, qoyduqları irs isə gələcək nəsillərin əlinə bir bayraq kimi keçdi. Bu gün onun adını daşıyan 203 saylı məktəbin siniflərində oxuyan hər uşaq bir həqiqəti anlayır: Vətən sevgisi sözlə deyil, əməllə yaşanır. Qəhrəmanlıq bir ömürlük yox, bir millətlik dəyərdir. Riadın son addımları Daşaltıda qaldı, amma onun izi bütün Azərbaycanın yoluna çevrildi. Hər yeni tikilən bina, hər yenilənən küçə, hər ucalan bayraq onun və bütün şəhidlərimizin ruhuna bağışlanan bir dua kimi səslənir. Və bu böyük hekayənin sonunda bir həqiqət var: Qəhrəmanlar ölmür. Onlar torpağın nəfəsində, xalqın yaddaşında, gələcəyə ümiddə yaşayır. Riad Əhmədovun adı da belə yaşayır - əbədiyyətə çevrilmiş bir iz, millətin qəlbində səssiz, amma sarsılmaz bir ucalıq kimi… Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan ediləcək. Belə ki, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad olunacaqlar. Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov "Konstitusiya və Suverenlik İli" münasibətilə elan ediləcək bu amnistiyanı Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edib: “Təbii ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə belə bir amnistiyanın elan edilməsi hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağır cinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumların cəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali Baş Komandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın erməni faşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas və ehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi və antiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tam azad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun Prezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan, öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstək vermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçün bütün gərəkli addımları atır. Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib, xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadan yararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundan sonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onları məhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan xalqının zəngin və şərəfli tarixində elə ailələr var ki, onların keçdiyi həyat yolu bütöv bir dövrün aynası, bir xalqın mübarizə və zəfər salnaməsinin ayrılmaz hissəsidir. Həmin ailələrdən biri də əsası Şamaxıda qoyulmuş, Balakənə, Laçına, Bakıya qədər uzanan böyük bir yolun yolçuları olan İsmayılovlar ailəsidir. Bu ailənin layiqli nümayəndəsi Aliyə Cavad qızı Həsənova müəllimlik sənətinə həsr olunmuş ömrü, fədakar fəaliyyəti və zəhmətkeşliyi ilə neçə-neçə nəslin yaddaşında iz qoymuşdur. Aliyə Həsənova 1935-ci il iyulun 11-də Azərbaycanın füsunkar guşələrindən olan Balakən rayonunda dünyaya göz açmışdır. Erkən yaşlarından elmə, maarifə olan marağı onu təhsil yoluna yönəltmiş, əvvəlcə Bakı şəhərində yerləşən M.Ə.Sabir adına pedaqoji texnikumu, daha sonra isə 1960-1965-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə başa vurmuşdur. Peşəkar müəllim kimi fəaliyyətə başlayan Aliyə xanım, qısa zamanda pedaqoji sahədə öz bilik və bacarığı, insanpərvərliyi, prinsipiallığı ilə seçilmiş, pedaqoji kollektivlər və valideynlər arasında böyük hörmət qazanmışdır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli orta məktəb 1982–1998-ci illərdə dinamik inkişaf etmiş, nümunəvi təhsil ocaqlarından birinə çevrilmişdir. Aliyə xanımın təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 3 mart 1988-ci ildə Bakı şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə o, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Bu təltif onun təhsil sisteminə verdiyi töhfələrin və gənc nəslin formalaşmasında oynadığı mühüm rolun parlaq ifadəsidir. 1998-ci ildən təqaüdə çıxmasına baxmayaraq Aliyə xanımın pedaqoji ideyaları, mənəvi irsi bu gün də yetirmələri tərəfindən yaşadılır. Aliyə Həsənovanın ailəsi İsmayılovlar təkcə maarif sahəsində deyil, həm də Vətən qarşısında şücaət və fədakarlıq nümunəsi göstərmiş bir nəsildir. Ailənin atası Cavad İsmayılov 1912-ci ildə Şamaxıda doğulmuş, ömrünü meşə təsərrüfatının inkişafına həsr etmiş, müxtəlif bölgələrdə Şamaxı, Balakən, Laçında məsul vəzifələrdə çalışmışdır. Lakin onun həyatını yarımçıq qoyan İkinci Dünya müharibəsi oldu. 1942-ci ilin yanvarında ordu sıralarına çağrılmışdır. 182-ci atıcı diviziyasının 747 nömrəli tank əleyhinə qırıcı artilleriya alayının 14-cü əlahiddə tank əleyhinə 2-ci dərəcəli Kutuzov ordenli briqadasında hərbi xidmət keçmişdir. Xidmətlərinə görə top komandiri rütbəsinə yüksəldilmişdir. Təəssüf ki, 1945-ci il fevralın 3-də Königsberq yaxınlığındakı varten kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Sonradan Kalininqrad vilayətində yerləşən sovet döyüşçülərinin qardaşlıq qəbiristanlığında dəfn olunmuş və onun adı Qələbə memorialında əbədiləşdirilmişdir. Cavad İsmayılovun qardaşları da müharibənin alovundan keçmişdir. 1919-cu il təvəllüdlü əmisi Xələf İsmayılov cəbhədə sağ qolundan ağır yaralanaraq ordudan tərxis olunmuş və müharibədən sonra xalqına müəllim kimi xidmət etməyə davam etmişdir. Digər əmisi Vahid İsmayılov 1923-cü ildə anadan olmuş, müharibədə itkin düşmüş və bu günə qədər taleyi haqqında heç bir məlumat əldə edilə bilməmişdir. Ailənin ən kiçik üzvlərindən olan Saqi İsmayılov 1932-ci ildə doğulmuş, tank qoşunlarında xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, lakin səhhətindəki problemlərə görə ordudan tərxis edilmişdir. Bu ailənin həyat yolu bir xalqın fədakarlıqla dolu keçmişinin, maarif və mübarizə ruhunun, zəhmət və qəhrəmanlığının parlaq təcəssümüdür. Aliyə Həsənovanın həyat və fəaliyyəti müəllimlik sənətinə vurğunluğun, vətənə, xalqa bağlılığın rəmzidir. Onun ailəsinin müharibədə göstərdiyi qəhrəmanlıq bir daha sübut edir ki, xalqın gücü onun mübarizə ruhunda, vətənə sədaqətində gizlidir. Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bütün fədakar övladların ruhuna sonsuz ehtiram və dərin minnətdarlıqla baş əyirik. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Bir yaşım amansız Böyük Vətən müharibəsi başlayandan bir ay əvvəl, beş yaşım da Müharibə dörd il “öz işini” görüb başa çatdırandan sonra olmuşdu. Hər iki ad günüm doğulduğum Şıxlar kəndimdə, nə mənim, nə də valideynlərimin xəbərləri olmadan öz-özünə keçib-getmişdi... Bu dünyaya haçan və harada gəlməyimi mən ancaq 15 yaşımda-- 1955-ci ilin iyul ayının 12-də, Bakıya oxumağa gedəndə aldığım “Doğum haqqında şəhadətnamə”dən bilmişəm. Mənə ilk dəfə ad gününü, 26 yaşımın tamamında, Bakı torpaq ekspedisiyasında işləyərkən iş yoldaşlarım keçirmişdilər və mənə indiyə kimi saxladığım hədiyyə də alıb bağışlamışdılar. 1990-cı il mayın 16-da 50 yaşım tamam olacaqdı. Mayın 12-dən 26-dək “Azərbaycan” turist qatarı ilə, Bakıdan çıxıb, Kiyev, Minsk, Xatın, Brest, Vilnüs, Kaunas, Kalininqrad, Svetloqorsk, Riqa, Yurmala, Tallin, Leninqrad və Rostovda səfərdə olacaqdım. Mayın 12-də Bakıdan yola düşəndə bilmirdim ki, 50 yaşım bu gedəcəyim yerlərin hansında tamam olacaqdı. Mayın 14 və 15-də Kiyevdə olduq. Şəhərin “Turist sxemi”nə baxanda fikirləşirsən ki, burada göstərilənləri gəzib-görməyə heç bir il müddət də bəs eləməz, nəinki günyarımdan da az... Belə ki, mayın 14-də, saat 16:05-də, gəldiyimiz Kiyevdən, mayın 15-də, saat 19:20-də Minskə yola düşdük. Bütün gecəni yol gedib, mayın 16-ı səhərini Belarus torpağında - qatarda açdıq. Sənədə görə bu gün mənim 50 yaşım tamam olurdu. Bu ilin əvvəllərində iş yerimdə sənədlərimdən bilmişdilər ki, mayın 16-da mənim 50 yaşım tamam olacaq. İstəyirdilər ki, bunu qeyd etsinlər. Lakin iş elə gətirdi ki, mən 50 yaşımın tamamında Bakıda yox, qardaş Belarus torpağında- Minskdə oldum. Bundan 22 il sonra da belə bir təsadüf olmuşdu. 72 yaşımın tamamında İraqın müqəddəs Kərbəla şəhərində idim. Allahdan qismətim nədirsə, onu da görürdüm. Deyirəm, sən dünyanın “bizdən xəbərsiz” gördüyü işlərinə bir bax... Mən 50 yaşımı Minskdə, Xatında, 72 yaşımı da Kərbəlada keçirdim, tanınmış satirik şair Mirzə Sakit isə, 48 yaşını 2006-cı ilin oktyabrın 19-da həbsxanada “qeyd etdi”... Görünür, Mirzə Sakitin də “alınyazısı” belə imiş... Səhər saat 8-də qatarımız Tatarka stansiyasında bir az dayandı. Buralarda evləri ağacdan tikilən bir kəndin içindən keçirdik. Üç nəfər yaşlı kənd qadını kəndin arası ilə gedirdilər. Əyinlərində sırıqlı, ayaqlarında rezin uzunboğaz olan bu qadınlar, elə bil səhər işə tələsirdilər. Onlar ferma işçilərinə daha çox oxşayırdılar. Geyimlərindən bilinirdi ki, onlar zəhmətkeş belarus qadınlarıdır (Bu zəhmətkeş Belarus analarını görəndə, bu dünyada cəmi 57 il yaşamış, ayaqlarına qaloş, əyninə sırıqlı geyinən öz Anam yadıma düşdü)... Osipoviçi, Qorka stansiyalarını və daha bir neçə stansiyaları keçib, saat 11-də Minskə çatdıq. Qatarımız şəhərdən bir az aralıda, bizim üçün ayrılmış Jdanoviçi stansiyasında dayandı. Mən ilk dəfə idi ki, Belarus torpağına ayaq basırdım, onun paytaxtı Minskə gəlmişdim. Saat ll:35-də nə vaxtdansa gəlib bizi gözləyən avtobuslara əyləşib, şəhərlə tanışlığa başladıq. Minsk SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri, Belarusun paytaxtı, Minsk vilayətinin isə mərkəzidir. Burada iri sənaye müəssisələri: traktor, avtomobil, dəzgahqayırma, elektron hesablama maşınlar, soyuducu və başqa zavodlar, Belarus Elmlər Akademiyası və onun institutlarının çoxu, 13 ali məktəb (o cümlədən Belarus Dövlət Universiteti), 200-dən çox kitabxana, Böyük Vətən müharibəsi Tarixi Muzeyi, Belarus Dövlət Muzeyi və sair sənaye, elm, təhsil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Müharibə nəticəsində alman-faşistləri Minskin mənzil fondunun 74 faizini dağıtmışdılar. Onların hamısı müharibədən sonra yenidən bərpa edilmiş, yeni yaşayış rayonları salınmışdır. Bələdçimiz dediklərimin bəzilərini və demədiklərimi bizə göstərib, onların haqqında dolğun məlumatlar verirdi. Biz Minskin böyük və həm də müasir dəbdə tikilmiş yaraşıqlı bir şəhər olduğunu öz gözlərimizlə gördük. Onun geniş və yaraşıqlı küçələrindən keçdik. "Komsomol" gölünün, "Planeta", "Minsk" mehmanxanalarının, "Universitet" binasının, "Qələbə meydanı"nın (Orada mitinq keçirilirdi), traktor, saat zavodlarının yanlarından keçdik, olduqca yaraşıqlı binalar tikilmiş mikrorayonları gördük. Bütün ətraf gömgöy çəmənliklərlə örtülü idi. Şəhərlə tanışlığı başa çatdırıb, "PAZ-Turist" markalı avtobusa əyləşib, növbəti səfərimizin haraya olacağını gözləyirdik. Yola düşəndə elan elədilər ki, növbəti səfərimiz Xatınadır. Bələdçimiz elə bunu demişdi ki, "turistlərdən" (onlara turist deməyə adamın dili gəlmir) bir neçəsi oturduqları rahat yerlərindən qalxıb, saxla-saxla dedilər və heç kimə də məhəl qoymadan avtobusdan aşağı düşdülər. Onlar faşistlərin sakinlərilə birlikdə diri-diri yandırdıqları kəndin- Xatının haqqında məlumatları olanlar idi. Onların nəyə görə avtobusdan düşdüklərini bilənlər, sanki yuxudan ayılmış kimi yerlərindən qalxıb onlara qoşuldular. Bir nabələd adam olsaydı fikirləşərdi ki, yəqin bunları güllələməyə aparırlarmış, onlar da canlarını götürüb qaçdılar... Oturduğum yerdən qalxıb, ürəyimdə tutduğum, onlara yaraşan: hara qaçırsınız ey insan cildinə girmiş tülkülər ! - deməkdənsə, hamının eşidəcəyi bir səslə, bir qədər də ərkyana dedim: Bizi rüsvay eləməyin, qayıdın yerinizə! Elə bil, onların qulaqlarına tıxadıqları pambıq mənim dediklərimi eşitməyə qoymadı. Mənim hündürdən Azərbaycan dilində, nə demək istədiyimi təkcə sükan arxasında əyləşən belaruslu sürücü ilə bələdçi başa düşmədilər. Avtobus boşaldı, içəridə bir sürücü ilə bələdçi xanım, əsl turistlərdən də biz üç nəfər - Həsən müəllim, Valeriy İvanoviç və bir də mən qaldıq. Elə bilin avtobusdakı 40 turistdən 37-i düşüb getdi. Sürücü ilə bələdçi bəlkə də indiyədək görmədikləri bir "möcüzə" ilə qarşılaşmışdılar. Az sonra bildim ki, onlar və onlardan əvvəlkilər indiyədək Xatına 26 milyondan çox ziyarətçi aparıblarmış. Beşimiz də fikrə getmişdik. Mənim ürəyimə gələn bir o oldu ki, Xatını və Xatındakıları diri-diri sobaya atıb yandıran faşistlərlə, onların ziyarətinə getməkdən boyun qaçırıb, avtobusdan saymazyana düşüb gedənlərin nə fərqi oldu?.. Ürəyimə ağlım kəsəndən eşitdiyim: "Onlar nə ölüyə hay verəndilər, nə də diriyə pay", məsəli də gəlirdi. Və ən çox ürəyimə gələn o idi ki, əcəb biabır olduq... Bəli, doğrudan da biabır olmuşduq. Çöldən bizi gətirən qatarın hər yerinə "Azərbaycan" sözü yazılmışdı. Bu gələnlərin hamısı Azərbaycandan gələn turistlər sayılırdı. Bir az əvvəldə dediyim kimi, hələ biz Jdanoviçi stansiyasına çatmazdan əvvəl, onlar haçandansa dayanıb bizim gəlməyimizi gözləyiblər. Bakıdan onlara xəbər göndərilmişdi ki, "filan" tarixdə, "filan” vaxtda sizə bu qədər turist gələcək. İndi gəlmişdilər, ancaq gələnlərin böyük əksəriyyəti turist yox, peşəkar alverçilər idilər. Durub alverçiyə turist putyovkası verəndə və adını da "turist" qoyanda nəticəsi də belə olar... Onlar evdən çıxanda ancaq alver məqsədilə çıxıblar. 200 manata 15 gün qatarda yeyirlər, yatırlar, gündüzlər də univermaqlara, mağazalara "səyahət" eləyirlər. Çox güman ki, onlar indi avtobusdan düşən kimi, qarşılarına çıxanlardan "mərkəzi univermaq"ın yerini soruşublar. Əgər onlara deyən olsaydı ki, Xatında yaxşı bir univermaq var, oradakı malların hamısı xaricdən gətirilmədi, onların biri də avtobusdan düşməyəcəkdi... Bir qədər əvvəldə belələrinin haqqında demişdim: "Mənə qalsa belələrinə heç "analiz" eləmədən ucdantutma bədbəxt "diaqnozunu" qoyardım və sonra da deyərdim: heyif sizə verilən o putyovkalardan!..." Deyək ki, biz heç, onların bugünkü planları pozuldu. Üç nəfər turistdən ötəri bu böyüklükdə avtobusu elə uzaq bir yola- Xatına sürməyəcəkdilər ki... Orada da biz üç nəfərə bələdçilik etməyəcəkdi ki... Ona görə də onlar vəziyyətdən çıxış yolunu bizi düşürüb başqa avtobusla yola salmaqda gördülər. Avtobusdan düşüb tanımadığımız turistlərin avtobusuna əyləşib, şəhərdən çıxdıq, sonra da şimal-şərq istiqamətdə yerləşən, Dünya faciəsinin nümunəsi sayılan Xatına yola düşdük. Bu yol birbaşa Vitebsk şəhərinə gedib çıxırdı. Bu o Vitebskidir ki, 1941-ci ilin iyun ayının 22-də, Böyük Vətən müharibəsi başlayan gün, Sovet dövlətinin başçısı, SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin oğlu Yakov Cuqaşvili heç Moskvaya gedib atası ilə görüşmədən, ancaq telefonla Müharibəyə getdiyini bildirəndən sonra özünü Müharibənin ən qaynar nöqtələrindən birinə - Belarus torpağına çatdırdı. Müharibənin 25-ci günü - iyul ayının 16-da Vitebsk şəhərinin təxminən 40 kilometrliyində almanlara əsir düşür və bundan sonra da onun həyatının sonluğu faciə ilə bitir. "Şüşə" kimi yolla 59 kilometr gedəndən sonra sağa- Xatına burulacaqdıq. Bələdçinin verdiyi kədərli məlumatlara qulaq asa-asa, xəyalən 49 il əvvələ (Mənim bir yaşım olana) - Müharibənin başlandığı ilk günlərə qayıdıb yola "nərdivan" qoyuram: Müharibənin ilk günlərindən Belarusun ərazisi döyüş meydanına çevrildi. 1,5 milyonadək adam, 109 iri sənaye müəssisəsi SSRİ-nin şərq rayonlarına köçürüldü. Belarus 1941-ci ilin iyunundan - 1944-cü ilin iyulunadək faşistlərin işğalı altında qaldı. Bu illərdə Belarus ərazisində 2230 min sovet vətəndaşı və hərbi əsir öldürüldü, 380 minədək adam Almaniyaya katorqa işlərinə göndərildi. 1944-cü ilin iyulunda sovet qoşunları Belarusu alman-faşist işğalçılarından tamamilə azad etdilər. Müharibədə 1 milyondan çox belarus Qızıl Ordu sıralarında vuruşmuşdu. Faşist işğalı belaruslara çox böyük fəlakət gətirdi: 209 şəhər və şəhərtipli qəsəbə, 9200 kənd, 10 min sənaye müəssisəsi viran qoyuldu, 10,2 min kolxoz, 92 sovxoz əmlakı talandı. İndi ziyarətinə getdiyimiz Xatın faşistlərin sakinlərilə birlikdə yandırdıqları yeganə kənd deyildir. Faşistlər Belarusda 186 kəndi sakinlərilə birlikdə belə yandırıblar. 2230000 (2 milyon 230 min) insanı- respublikanın hər dörd sakinindən birini öldürüblər, vəhşicəsinə yandırıblar... Getdiyimiz yolun hər iki tərəfi olduqca mənzərəli, gedəcəyimiz məkan isə bir o qədər kədərli idi. Bələdçimiz məlumat verir ki, Belarus ərazisinin 35 faizi meşələrlə örtülüdür (bizdə- Azərbaycanda bu rəqəm 11-dir). Yanlarından keçib getdiyimiz yaşayış məntəqələrindən birinin adı Lesnoy adlanırdı. Keçib getdikcə talalar və zolaqlar şəklində qalmış meşələri, onların içərilərinə doğru "soxulmuş" əkin sahələrini, yaşayış məntəqələrini bir-bir arxada qoyurduq. 47 il bundan əvvəl burada təbiət də, insanlar da od tutub yanırmış. Bəlkə də, arasından keçib-getdiyimiz bu təbiətin yaşı da 47-dir. Faşistlər "cəhənnəm olub" çıxıb gedəndə buralarda nə varsa- quş yuvasından tutmuş, insan "yuvasınadək" hamısını yandırıb gediblər. İndi isə elə sakitlikdir ki, avtobusumuzun səsi olmasaydı, quşların da civiltisini eşidərdik. Bu da 59-cu kilometr. Beton dirəyin üzərində, beton "hərflərlə" yazılmış Xatın sözünü oxuyub, onun yanından sağa buruluruq. Buralar da hər tərəf meşəlikdir. Özü də necə deyərlər, insan əli dəyməmiş meşəlikdir. Axı, kimin ürəyi gələr ki, buralara çiynində tüfəng, əlində balta, mişarla gəlsin. Bura gələnlər Xatını da, onun ətrafındakı "qəlbisınıq" təbiətini də ziyarətə gələnlərdir. Bələdçimiz Xatın faciəsindən danışmağa başlayır. Xatına çatıb avtobusdan yerə düşürük. Əbədi yuxuya getmiş, bircə nəfər də sakini olmayan Xatına. Ömrümdə ilk dəfə idi ki, heç bircə sakini olmayan kənd görürdüm. Kəndin yeri, həyətləri, su quyuları qalırdı, sakinləri yox idi. Bəlkə harasa köçmüşdülər, yerlərini dəyişmişdilər. Hara gedib bu kəndin 149 sakini, hanı onların 26 evi. Yox, onlar heç hara köçməyiblər. 1943-cü ilin martın 22-də faşistlər bu 26 evi də, bu evlərin 149 sakinini də (149-un 75-i uşaq olub) vəhşicəsinə yandırıblar. Bu da onların yandırıldıqları böyük "soba"... Bayaq dedim ki, ömrümdə ilk dəfə idi ki, heç bircə sakini də olmayan kənd görürdüm. İndi də deyirəm ki, ömrümdə ilk dəfə idi ki, quduzlaşmış "insanların", insanları- insanlığı (bəli, onlar insanlardan çox, insanlığı yandırırdılar) diri-diri yandırdıqları "sobanı" görürdüm... İndi danışanda ağızdolusu, bir az da fəxrlə deyirik ki, Dünyada əhalinin sayı 7 milyardı ötüb keçib. İndicə dediyim o insanları - insanlığı sobaya atıb yandıran quduzlar da bu 7 milyardın siyahısında gedirlər. Əslində onlar insan deyillər, yaranmışların ən pisi, murdarlarıdırlar... Viran qalmış həyətlərdəki beton sütunlarda yandırılanların "siyahısı" həkk olunmuşdu. Elə ev olub ki, onun bir, eləsinin 4-5, bəzən də ondan da çox sakini olub. Uşaqların yaşları da göstərilib. Onlardan biri: Aleksandr Romanoviç Navitski və Aleksandra Navitskayanın özlərinin və yeddi övladının: 15 yaşlı Lenyanın, 13 yaşlı Jenyanın, 11 yaşlı Manyanın, 9 yaşlı Anyanın, 5 yaşlı Kostyanın, 4 yaşlı Antosun və 2 yaşlı Mişanın diri-diri sobaya atılaraq yandırılmasıdır. Bu faciə qurbanlarının ən kiçikləri olan Antos məndən bir yaş böyük, Mişa isə bir yaş kiçik olub. İndi dursaydılar, Antosun 51, Mişanın isə 49 yaşı olacaqdı... 1969-cu ilin iyulun 5-də, alman-faşistlərinin tamamilə məhv etdikləri belarus kəndləri əhalisinin xatirəsinə yaradılmış "Xatının harayı", "Kəndlər qəbiristanı", "Xatının tüstüləri", "Xatirə meydanı", "Yenilməz insan" və sair memarlıq - heykəltəraşlıq nümunələrindən ibarət Xatın memarlıq-heykəltəraşlıq xatirə kompleksinin açılışı oldu. O vaxtdan bəri - 21 il ərzində buranı 26 milyondan çox insan ziyarət edib. Deməli biz də 27 milyonuncu ziyarətçilərin arasında olmuşuq. Xatından yadigar olaraq, Minskin "Belarus" nəşriyyatı tərəfindən: belarus, rus, ingilis, fransız, alman və ispan dillərində çap olunmuş "Xatın" kitabçasını (1989-cu il, 64 səhifə, qiyməti 75 qəpik) aldım. Onun əvvəlində yazmışam: "Bu kitabçanı 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Xatında olarkən almışam." Xatın faciəsindən bəhs edən bu topluya o vaxtı onun həcminin qısa- 64 səhifə olmasını nəzərə alıb, bir az da tələsib, ona "kitabça" adını qoymuşdum. İndi onun Dünyanın altı dilində verilmiş qısa, lakin dolğun məzmununa və fotoşəkillərinə baxanda görürəm ki, bu əməlli-başlı bir kitab imiş, özü də tək kitab yox, kitab-albom imiş. Bu sətirləri yazanda Xatın ziyarətgahında olmağımın 27 ilinin tamamına dörd ay qalırdı. Bu müddətdə bu kitab-albomu əziz bir xatirə kimi şəxsi arxivimdə saxlamışam. Məndən sonra da onun "ev-muzeyimdə" nə müddətə qalacağını bilən bircə Allahdır! Bu kitab-albom mənim 50 yaşımın- yubileyimin harada və necə keçirildiyini göstərən yadigar və həm də bir sənəddir. İndi də "Xatın" kitab-albomunun məzmunu haqqında bəzi məlumatları vermək istəyirəm: Dediyim kimi, Dünyanın altı dillərində verilmiş Xatın faciəsi haqqında məlumatların hər biri iki səhifədə verilməklə, sonu belə bitir: "B Хатыни должен побывать каждый. Хатынь должен увидеть каждый. Хатынь должен помнить каждый!" Bu bizim Azərbaycan dilinə tərcümədə belədir: “Xatında hər kəs olmalıdır. Xatını hər kəs görməlidir. Xatını hər kəs yadında saxlamalıdır!” Mən də Xatında oldum, onu gördüm, onu nəinki yadımda saxladım, hətta onun faciəsini yazıb, öz kitablarımda verdim. "Kitab-albom"dakı fotoşəkillərə baxıram: iki səhifə birlikdə ağcaqayın meşəsi, "xatirə kompleksi"nin bir tərəfində açmış çobanyastığı ("romaşka") talası, sünbülləri "adamboyu" qalxmağına az qalan, biçinçisini gözləyən taxıl zəmisi, beton sütunun "zirvəsində" qoyulmuş, neçə dəqiqədənsə bir ətürpərdici səs çıxaran "Xatın zəngi", 47 ildir ki, içərisinə vedrə sallanmayan su quyusu, sağ əlində fotoaparat, sol əlində şlyapasını tutmuş, fikrə getmiş, görkəmindən yapona oxşayan gənc xanım, valideynlərilə birlikdə dayanıb qəmə-qüssəyə batmış 7-8 yaşlarında uşaq və sair şəkillər adama nələr demir... Şəkillərdən birinin haqqında məlumat verməyi özüm bilə-bilə axıra saxlamışam. Bu hər iki əlindəki əsa ilə güclə yeriyən, sinəsi hər iki tərəfdən orden və medallarla dolu olan (bəlkə onun bədəni də düşmən gülləsilə, qəlpələrlə deşik-deşik idi), ilk baxışda adama "elanası", ağbirçək təsiri bağışlayan, yaşı bəlkə də 70-i keçən (Çünki o, müharibə iştirakçısıdır), olduqca kədərli baxışı ilə, əllərindəki əsalarının köməyilə güclə ayaqüstündə dayanan, xristiana oxşatdığım (Bəlkə də belarusdur) dolubədənli bir xanımdır. Adam baxanda deyir ki, bu "elanasını", ağbirçəyi özünün arzusu və istəyilə yataqdan qaldırıb, orden və medalları taxılmış paltarını da geyindirib, Xatının ziyarətinə gətiriblər. Bu şəkilə baxanda yadıma bir-iki saat əvvəl baş vermiş biabırçılığı- "yerlilərimin" Xatına ziyarətə gəlməkdən imtina edib, avtobusdan düşüb getməklərini salıram. Gələndə yola nə qədər vaxtımızın getdiyini və nə vaxt buraya çatdığımızı deyə bilmərəm. Təxminən 50 dəqiqəyə qədər Xatında olduq. Saat 14:50-də də buradan Minskə qayıtdıq. Qayıdanbaş gələndəki kimi sağıma-soluma, irəliyə baxmırdım. Məni fikir aparmışdı. Bir onu fikirləşirdim ki, faşistlər günahsız insanları qətlə yetirəndə hansı "üsullara" əl atmayıblar: Leninqradı mühasirədə saxlamaqla, onun 641 mindən çox əhalisini aclıqdan öldürmüşlər... Bir qədər əvvəldə dediyim kimi, Kiyevin şimalındakı Babi Yar dərəsində sayları 100 mini keçən günahsız insanı əvvəl güllələyib basdırıblar, sonra da çıxarıb yandırıblar... İndi isə faşistlərin günahsız insanları diri-diri sobaya atıb yandırdıqlarını sanki öz gözlərimizlə gördük... Bir də onu fikirləşirdim ki, heç bir ölçüyə gəlməyən bu böyüklükdə faciəni - uşaqlı-böyüklü, qadınlı-kişili 149 günahsız insanın diri-diri sobaya atılıb yandırılmasını, bütöv bir kəndin xəritələrdən silinməsini birdəqiqəlik sükutla necə yad etmək olar ? Ancaq fikirləşəndə ki, bizdən əvvəl bura ziyarətə gələn 26 milyon insanın hər biri bizim kimi bu faciəni birdəqiqəlik sükutla yad ediblər, onda “ürəyim az da olsa yerinə gəldi”... İndi biz sobaya atılıb yandırılmış hər günahsızı birdəqiqəlik sükutla yad etsəydik, bu 149 dəqiqə və ya iki saat yarımdan bir dəqiqə az eləyərdi... Haçansa haradansa oxumuşam: Kimsə, ya kimlərsə belə bir hesablama aparıb, ya aparıblar: Əgər, Böyük Vətən müharibəsində canlarından keçən 20 milyon insanın hərəsinin xatirəsi ayrı-ayrılıqda birdəqiqəlik sükutla yad edilsəydi, onda bu qəmli sükutun müddəti 38 (otuz səkkiz) ildən çox çəkərdi... Gördüyüm bu dəhşət doğuran Xatın faciəsinə oxşar faciələr, insanlığa qənim kəsilmək, bir-birinin ardınca, bizdə - Azərbaycanda da baş verdi. Onlardan birincisi - Xatın faciəsindən 47 il keçəndən sonra - 1990-cı il yanvarın 19-dan 20-nә keçən gecədə baş vermiş, ömrümüzdə nə yuxuda, nə də aşkarda görmədiyimiz “20 Yanvar faciəsi”ndə isə, 50 yaşıma dörd ay qalırdı. Birincini bir qədər yaşa dolandan sonra eşidib, oxumuşdumsa və 50 yaşımda da gedib görmüşdümsə, ikincini isə necə deyərlər, öz gözlərimlə görüb, materiallar toplayıb, qeydlər edib, faciəni bir 20 il də “içimdə” “yaşadandan” sonra, gözyaşları içində “Dünyamızın 20 Yanvar faciəsi” adlı bir kitab da yazıb, çap etdirib, tarixdə qoymuşdum. Xatın faciəsini qatı düşmənimiz olan “alman faşistləri”, “20 Yanvar faciəsi”ni isə, inandığımız, güvəndiyimiz, xilaskarımız bildiyimiz adını rus dilindən dilimizə tərcümə edərkən “Qırmızı ordu” əvəzinə “Qızıl ordu” kimi tərcümə etdiyimiz, “Şanlı Sovet ordumuz”, “Qızıl ordumuz” törətdilər... Əgər, Xatın faciəsinin səbəbkarı faşist Almaniyasının başçısı Adolf Hitler olmuşdusa, “20 Yanvar faciəsi”nin birbaşa səbəbkarı isə SSRİ-nin o zamankı başçısı Mixail Qorbaçov olmuşdur... “20 Yanvar faciəsi”nin nəticəsi ağırdan da ağır oldu. Həmin dövrün mətbuatı yazırdı: Bakıya qoşun daxil edilərkən 744 nəfər yaralanmış, 131 nəfər həlak olmuşdur. Şəhidlərin sosial mənşəyi belədir: fəhlə, şagird, tələbə, qaçqın, alim, təqaüdçü, həkim. Həlak olanların milli tərkibi də belədir: azərbaycanlı (117 nəfər), rus (6 nəfər), yəhudi (3 nəfər), tatar (3 nəfər), 2 nəfərin şəxsiyyətini təyin etmək mümkün olmamışdır. 6 nəfər ağır hərbi maşınların tırtılları altına salınmış, 4 nəfər süngüylə öldürülmüş, 7 nəfər mənzilində güllələnmiş, 2 nəfərin nəfəsini döyə-döyə kəsmişlər, 1 nəfər də dəyənəklə öldürülmüşdür. 34 nəfər maşında, 20 nəfər xəstəxanada ölmüşdür. Öldürülənlərin 62 nəfəri ailə başçısı, 123-ü kişi, 7-si qadın, 5-i uşaq olub. 159 uşaq yetim qalıb (155-i atadan, 4-ü anadan). Danışırdılar və mətbuatda da yazırdılar ki, Bakıya hücum etmiş və xüsusi təlim keçmiş hərbçilərin təslim olmaq tələbini rədd etmiş “Salyan kazarması”nda hərbi xidmətdə olan rus, gürcü, ukraynalı, ləzgi, yəhudi, çeçen, azərbaycanlı və başqa xalqların əsgər və zabitləri son nəfəslərinədək çiyin-çiyinə vuruşaraq, hamısı həlak oldular... Meyitlərin bir hissəsi yandırıldı, bir hissəsi ərazidəki köhnə quyulara atılaraq, izi itirmək məqsədilə üstləri örtüldü, əksəriyyəti sellofan kisələrə salınaraq Bakı limanına, oradan da hərbi gəmilə naməlum istiqamətə aparılaraq, dənizə və içərisindəki hansısa bir adaya töküldü... Belə bir ölçüyəgəlməz, dəhşətli faciəyə münasibətdə düşüncəsizlər heç nə düşünmürdülər... Düşüncəlilər də düşünürdülər ki, faciənin birbaşa səbəbkarları ya Adolf Hitler kimi intihar edəcəklər, ya da Səddam Hüseyn kimi dar ağacından asılacaqlar... Ancaq bunların heç biri baş vermədi... Faciənin əsl, səbəbkarı, bizi qırdırıb şil-küt, qanımıza-qəltan etdirən M.S.Qorbaçova “dünya” Nobel mükafatını, o da onun əmrini “layiqincə” yerinə yetirən D.T.Yazova Marşal rütbəsini verdi... Əslində bunlar üçü də: Adolf Hitler də, Qorbaçov da və Yazov da XX əsrin yəzidləri idilər... “20 Yanvar faciəsi”ndən iki il sonra, 1992-ci ilin fevralının 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyilə Xocalı əhalisini vəhşicəsinə qırıb, yaralayıb və əsir götürdülər... Südəmər körpədən tutmuş ağsaqqala kimi, qız-gəlindən tutmuş ağbirçək anaya kimi... “Hürriyyət” qəzetinin 22 fevral 1995-ci il tarixində yazılıb: “Xocalı soyqırımı barədə dəqiqləşdirilmiş son məlumat belədir: 613 nəfər həlak olmuş, 1275 nəfər əsir düşmüşdür. Bu da faktdır ki, bu dəhşətli əməliyyatda 366-cı rus alayı iştirak edib. Zabit və praporşiklərdən 49 nəfər erməni olan alaydan əslində başqa hərəkət gözləmək də olmazdı... ...Təsadüfi deyil ki, MDB silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikov demişdi: “366-cı alay” Qarabağda nə qədər lazımdırsa, o qədər də qalacaq”... Qayıdıb Minskə gəldik. Şəhəri bir az da gəzəndən sonra "mərkəzi univermaq"a gəldim. İlk dəfə idi görürdüm ki, bir az xoşagələn, babat malları ancaq yerlilərə - Minskdə qeydiyyatı olanlara satırdılar. Satıcı alıcının pasportuna, ya da hər hansı bir sənədinə baxandan sonra ona mal satırdı. Bakıdan- evdən çıxanda mən də özümlə 800 manat pul götürmüşdüm. Heç bilmirəm onda o qədər pul məndə haradan imiş. Əynimin bir ''düz-əməlli" paltosu da yox idi. Deyirdim getdiyim yerlərin hansında görsəm özümə bir palto, bir papaq alaram. Bu puldan əlavə mənə kimsə 185 manat verib, nələrisə almağı tapşırmışdı. Öz pulumun "başını" Kiyevdə "açmışdım". Orada 8 manat 75 qəpik xərcləmişdim. Onun 75 qəpiyini "Turist sxemi"nə, 3 manatını çəkdirdiyimiz şəkilə və 5 manatını da quru çaya vermişdim. Minskdə də 7 manat. 15 qəpik xərclədim. Onun 75 qəpiyinə "Xatın" kitab-albomunu, 1 manat 20 qəpiyinə lotereya, 2 manat 90 qəpiyinə corab və 2 manat 30 qəpiyinə də bir albom aldım. İndikilər deməsələr də, gələcəkdə deyən tapılar ki, neynirdin bu çay, corab almağını da kitabda verirdin. Məsələ ondadır ki, mənim əvvəl Kiyevdən, sonra da Minskdən aldıqlarım və səfər müddətində alacaqlarımın hamısı Bakıda da var idi. Fərq onda idi ki, buralarda bu mallar açıq satışda, Bakıda isə "anbarlarda" saxlanılıb, alverçilərin "yolunu" gözləyirdi. Belə olmasaydı, indi mən də çayı Kiyevdən, corabı da Minskdən almazdım... 1966-cı ilin may ayının 16-da, 26 yaşımın tamamında Bakı torpaq ekspedisiyasında işlədiyim şöbənin işçiləri mənə bir fotoalbom alıb hədiyyə vermişdilər və fotoalbomda öz ürək sözlərini də yazıb bildirmişdilər. İndi də 24 ildən sonrə- 50 yaşımın tamamında, Minskdən özüm-özümə bir fotoalbom alıb, adını da "50 yaşdan sonra" qoyub, fotoalbomun əvvəlində belə yazdım: "Bu albomu 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Minsk şəhərində səyahətdə olarkən almışam. Bundan sonra olan şəkillərimi bu albomda saxlayacağımı nəzərə alıb, albomun adını "50 yaşdan sonra..." adlandırıram." Stansiyada dayanıb bizi gözləyən qatarımıza qayıtdım. Mayın 16-dan- 17-nə keçən gecədə, saat ikinin yarısında Minskdən - Brestə yola düşdük. Ömrümün 51-ci baharından saat yarım da Minskdə yaşadım. Bu qərib diyarda ürəyimə bir bayatımız gəldi: Bu yol Qazağa gedər, Dönər uzağa gedər. Yaşı əllini keçən, Üzü sazağa gedər... Bakı-Kiyev-Minsk-Xatın- 12-16 may 1990-cı il Hacı Niftalı Şıxlar, coğrafiya elmləri namizədi, baş elmi işçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əmək veteranı, Prezident təqaüdçüsü
Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həbsi ilə bağlı məlumat yayıb, onun rüşvət alması ilə bağlı görüntülər təqdim edib. İslam Rzayev həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən sui istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməkdə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməkdə şübhəli bilinir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov DTX-nın keçirdiyi bu əməliyyatların həm qanunların qorunması, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından önəminə diqqət çəkib: “Hər bir dövlətin inkişafı və tərəqqisi üçün vətəndaşların seçim azadlığı olmalı, insanlar öz bilik və bacarıqlarına uyğun olaraq dövlət vəzifələrində təmsil olunmaq hüquqlarından istifadə edə bilməlidirlər. Seçim azadlığı, ədalətli münasibət həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlətin inkişafı baxımından vacibdir. Rüşvət və korrupsiya isə bu hüquqi insanların əlindən alır. Bu kimi neqativ hallar olan yerdə vəzifəyə layiqli insanlar deyil, bu vəzifəyə layiq olmayan, öz işinin öhdəsindən gələ bilməyən insanlar gəlir. Onlar müxtəlif əyri yollarla öz şəxsi ambisiyalarını təmin edirlər. Belə olanda isə digər insanların hüququ pozulur, qanunun tələbi tapdanır, insanlarda dövlətin ədalətinə olan inam sarsılır. DTX-nın Balakəndə və digər rayonlarda keçirdiyi əməliyyatların ən böyük önəmi ondan ibarətdir ki, bu əməliyyatlar nəticəsində qanun pozuntusunun qarşısı alınır, rüşvət və korrupsiya kimi hallar önlənilir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, vicdan və ədalətli yanaşma prinsipi təmin olunur. Bu səbəbdən də DTX-nın keçirdiyi əməliyyatlar qanunların tələbləri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından yüksək qiymətləndrilməli, təqdir olunmalıdır. Bu əməliyyatlar dövlət idarəçiliyində neqativ halların qarşısını almağa, bununla da respublikamzn daha sürətli inkişafını təmin etməyə xidmət edir”. Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti qardaşı qızı Tamilla Ramaldanovanın faciəvi şəkildə dünyasını dəyişməsi ilə əlaqədar olaraq polkovnik Şair Ramaldanova dərin hüznlə başsağlığı verib, mərhumun bütün yaxınlarına Allahdan səbr diləyib. Allah rəhmət eləsin! Məlumat üçün qeyd edək ki, polkovnik Şair Ramaldanovun qardaşı polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. Qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova dünyalarını dəyişiblər.
Hamısını oxu