Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Fatma Səttarovanın ailəsinə və yaxınlarına
Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 sentyabr 2024-cü il

Hamısını oxu
 Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.
Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.   Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.   Allah rəhmət eləsin!”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov və Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət edib
Polkovnik Cəlil Xəlilov və Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər. Bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağına, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman yaşayacağını bildirən polkovnik Cəlil Xəlilov, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Cəlil Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir şəhid ailəsinin, hər bir veteranın yanındadır və bu kateqoriyadan olan vətəndaşlara Təşkilatın imkanları daxilində hər cür dəstəyi verməyə hazırdır. Zərifə Quliyeva da şəhid Elxan Nəcəfinin anası Afət Nəcəfinin arzu və istəkləri ilə maraqlanıb, əldə etdiyimiz şanlı qələbəyə görə xalq olaraq ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu xatırladıb. Şəhidin anası Afət Nəcəfi ona göstərdikləri diqqətə görə Cəlil Xəlilov və Zərifə Quliyevaya təşəkkür edib. O, şəhid ailəsi olaraq hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss etdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xatırladaq ki, Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərində iştirak edib. Elxan Nəcəfi 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə şəhid olub, İkinci Fəxri Xiyabanda dəfn edilib. Seymur ƏLİYEV  

Hamısını oxu
“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”
“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”

ABŞ-da 2017-ci ildə yaradılan “Hamı veteranlar üçün” təşkilatı son bir ildə fəaliyyətini  genişləndirməklə xalq arasında böyük sevgi və populyarlıq qazanıb. Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təşkilatı insanlara sevdirən əsas amil onun diş problemi yaşayan veteranlara pulsuz və keyfiyyətli xidmət göstərməsidir. Bir qrup diş həkimini özündə birləşdirən təşkilatın qurucusu həkim Tereza Çenq bildirib ki, onun belə bir təşkilat təsis etməsinə səbəb, bir çox veteranın pulsuzluq səbəbi ilə dişlərinə lazımınca qulluq göstərə bilməməsidir. İmplant və digər əməliyyatların bahalığı səbəbi ilə veteranların bir çoxunun sağlam dişlərə sahib olmadığını, bu səbəbdən də gülərkən belə utandıqlarını vurğulayan Tereza Çenq, onların təbəssümə layiq olduqlarını bildirib.   Qeyd edək ki, təşkilata müraciət edən veteranlar onun xidmətlərindən yararlanmaq üçün veteran statusuna malik olduqlarını, həmçinin, maddi vəziyyətlərinin həqiqətən də qeyri-qənaətbəxş olduqlarını sübut etməlidir.   Hazırda bütün ölkə üzrə  654 diş həkimin “Hamı veteranlar üçün” təşkilatında könüllü şəkildə çalışdığı bildirilir.   Seymur ƏLİYEV

Hamısını oxu
44 günlük Vətən müharibəsi iştirakçısı olan daha üç nəfər Respublika Veteranlar Təşkilatının üzvlüyünə qəbul edilib
44 günlük Vətən müharibəsi iştirakçısı olan daha üç nəfər Respublika Veteranlar Təşkilatının üzvlüyünə qəbul edilib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində üç nəfər 44 günlük Vətən müharibəsi iştirakçısı – Etibar Gülverdiyev, İsmayıl Rüstəmov, Məhəmməd Əsədov Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlüyünə qəbul edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov müharibə iştirakçılarına üzvlük vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Məlumat üçün qeyd edək ki, hər üç şəxs Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa istiqmətlərində gedən döyüşlərdə sürücü kimi iştirak ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
PA nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb
PA nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb

2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ibrahimov Əzim Əlisgəndər oğlu vəfat edib.  1926-cı ildə anadan olan Əzim İbrahimov İkinci Dünya müahribəsində Ukrayna və Polşanın faşist işğalından azad edilməsində yaxından iştirak edib, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla mükafatlandırılıb. Əzim İbrahimovun döyüş yolu Almaniyaya qədər davam edib. Müharibə, Əmək və Silahlı Qüvvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əzim İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin  fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də  iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin  fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
“DTX narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”
“DTX narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın müşahidəçi ilə seçkiləri izləyir
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın müşahidəçi ilə seçkiləri izləyir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır. AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”. Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb. Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.  

Hamısını oxu
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Türkiyənin Marmaris şəhərində start verilib
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Türkiyənin Marmaris şəhərində start verilib

Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 29 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Marmaris şəhərində başlayıb.  Tarixi turizm şəhəri olan Marmarisdə açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. Çoxsaylı marmarislərin və şəhərin turistlərinin də iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti, turizminə dair videomaterial nümayiş etdirilib. Tədbirdə təbrik çıxışı ilə Marmaris şəhər valisi Nurullah KAYA, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq,  bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi  sənətimiz, keçirilən “Azərbaycan mədənuyyəti və sənəti günü” haqqında məlumat verilib. Daha sonra məşhur sənətçi Bora Gencerin layihəsi ilə keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. İlk öncə Türkiyənin məşhur müğənniləri ilə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova  milli musiqilərimizi ifa etmişlər. Azərbaycan musiqiləri  ifa edildikcə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair video materiallar nümayiş olunub. Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdı Qara dəniz” adlı əsərin ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş musiqilər maraqla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimiz – “Azərbaycan suitası”, “Cəngi”  və s. Send a text rəqslərimiz təqdim olunub. Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencer musiqilər ifa edib. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon və b. müğənnilər  çıxış edərək gözəl musiqilər səsləndiriblər. Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşaiyət olunub. Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 31 avqust tarixində Antalya şəhərində davam edəcək. Antalyada Nazim Hikmət Konqre Mərkəzində “Azərbaycan gözəl sənətləri” adlı sərgi təqdim olunacaqdır.

Hamısını oxu
“Ermənistanın himayədarları regionda vəziyyəti gərginləşdirməklə özlərinə süni tələbat yaratmağa çalışırlar”
“Ermənistanın himayədarları regionda vəziyyəti gərginləşdirməklə özlərinə süni tələbat yaratmağa çalışırlar”

“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə  tələbat yaratmağa çalışırlar”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil:   “Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər.   Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə  Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”.   Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib:   “Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək.   Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.

Hamısını oxu